Çay və həqiqət

19.05.2016

Buddizmin “çan” və ya “zen” adlanan qanadı Çində yaranıb. Çay kimi. Deməli, zen-buddistlərin həqiqət axtarışlarına həsr edilmiş hekayələrində çaydan da bir misal kimi istifadə edilməlidir. Biz üç belə hekayə tapdıq və onları diqqətinizə çatdırırıq.

Hekayə I. Su və çay dəmi

Zen müəllimi Çenq öz savadlılığı və təhsili ilə məşhur idi. Hətta öz şagirdlərinə də o başqa müdriklərin fikirlərini öyrədirdi. Bir dəfə müəllim Hey onu söhbətə dəvət etdi. Çenq bu dəvəti qəbul etdi və görüşə hazırlaşmaq üçün çoxlu kitablar oxudu. Heyin evinə gələndə o söhbətə başlamaq üçün kitablardan oxuduğu həqiqətlərdən danışmağa başladı. Ev yiyəsi diqqətlə onu dinləyirdi, bir dəfə də olsun onun sözünü kəsmədi. Sonra o qonağı çaya dəvət etdi.

Çenq fincanı götürdü, çaydan bir qurtum içdi və qışqırdı:

  • Müəllim Hey, deyəsən siz çay əlavə etməyi unutmuşunuz. Bu ki sadəcə sudur!

Hey cavab verdi:

  • Nə yaxşı ki, siz bunu şagirdlərinizdən əvvəl bildiniz!

 

O vaxtdan müəllim Çenq başqalarının müdrik fikirlərindən getdikcə daha az istifadə etməyə başladı və şagirdlərə daha çox öz fikirlərini çatdırmağı öyrəndi. Həyatda da belədir, əzbərçilik hələ intellektin göstəricisi deyil. Həqiqət başqalarının müdrikliyində deyil. Başqalarının fikirlərini öz süzgəclərinizdən keçirməyi öyrənin.

Hekayə II. Onda, bir fincan çay iç

Zen müəllimi Dzesu yeni şagirddən soruşur:
- Mən səni əvvəllər görmüşəmmi?
Şagird cavab verir:
- Yox, müəllim.
- Onda, bir fincan çay iç.

Sonra Dzesu başqa rahibi görüb soruşur:
- Mən səni əvvəllər görmüşəmmi?
- Əlbəttə, müəllim.
- Onda, bir fincan çay iç.

Baş verənləri müşahidə edən baş rahib Dzesudan soruşur:
- Axi niyə siz müxtəlif cavablara görə eyni şəkildə çay təklif etdiniz?

Dzesu qışqırır:
- Baş rahib, sən hələ burdasan?
- Əlbəttə, müəllim.
- Onda, bir fincan çay iç.

Bu hekayədə müəllimin niyə hamıya çay təklif etməsinin səbəbi o ola bilər ki, Dzesunun görə bildiyi ən yaxşı iş çay dəmləmək ola bilərdi. Əgər çay çox dadlıdırsa, o sizə rahatlıq gətirər, beyninizi təmizləyər və həqiqəti dərk etməkdə kömək edər. Zen hər kəsin həqiqətə özünün çatmasını istəyir. Müəllim sadəcə istiqamət verir. Əgər onun verdiyi istiqamət dadlı çaydırsa, niyə də yox?

P.S. Əgər bu hekayə ilə bağlı başqa izah təklif edə biləcəksinizsə, niyə də yox? Çaylanderə yazın.

Hekayə III. Çay mərasimi

Bir zen müəllimi şagirdlərinə dedi:

“Bu gün siz çay mərasimi keçirməyi öyrənəcəksiz”.

Sonra o şagirdlərə çay mərasiminə dair əlyazmaları verdi, otaqdan çıxdı və bağda bir yer tapıb oturdu. Şagirdlər bütün günü əlyazmaları oxuyub çay mərasiminin incəliklərini öyrəndilər. Müəllim qayıtdı və onlardan nə öyrəndiklərini soruşdu.

Şagirdlərdən biri qürrələnərək dedi:

  • “Ağ durna başını yuyur”, müəllim, bu o deməkdir ki, çay dəmləməzdən qabaq çayniki qaynar su ilə yumaq lazımdır.

İkinci şagird davam etdi:

  • “Bodhisattva saraya girir”, müəllim, bu o deməkdir ki, çaynikə çay qoymaq lazımdır.

Üçüncü şagird əlavə etdi:

  • “Su çayniki qızdırır”, müəllim, yəni qaynar suyu çaynikə süz.

Beləliklə, şagirdlər çay mərasimi haqqında müəllimə hər şeyi danışdılar. Ancaq sonuncu şagird heç nə demədi. O çayniki götürdü, bütün qaydalara uyğun çay dəmlədi və müəlliminə çay süzdü. Müəllim ona dedi:

  • Sənin hekayən eşitdiklərimdən ən yaxşısı idi. Sən məni dadlı çaya qonaq etdin. Deməli sən vacib bir qaydanı başa düşmüsən: “Oxuduğun haqqında deyil, anladığın haqqında danış”.

Digər şagirdlər etiraz etdilər:

  • Axı o heç nə danışmadı!

Müəllim cavab verdi:

  • Əməllərin səsi sözlərdən yaxşı eşidilir.

Çay haqqında başqa maraqlı və faydalı məlumatlarla tanış olmaq üçün bizim facebookdakı “Çaylander” bloqumuzu like edib izləyə bilərsiniz:

Müəllif: Bloger Çaylander 

https://www.facebook.com/Çaylander-1517172711920581/





© 2015 foxy.azBütün hüquqlar qorunur.