Eva Braun – Fröyleyn Timsah

09.05.2016

Dəbdəbəli həyat, bahalı hədiyyələr, son dəbdə geyimlər, cəvahiratlar...   

1929-cu ildə 40 yaşlı Hitlerlə 17 yaşlı Evanın ilk dəfə Haynrix Hofmanın Münhendəki fotoatelyesində qarşılaşdılar. Hitler o zamanlar kifayət qədər tanınırdı. Hofman da onun dostu idi. Eva isə burda işləyirdi. Yəqin ki, onun kim olduğunu bilirdi. Amma Hitleri ona “cənab Volf” kimi tanıtdılar. Monastır pansionunda təhsil almış, mühafizəkar ailədə tərbiyə görmüş 17 yaşlı qızın qarşısına çıxan ilk nəzakətli bəy Hitler olmuşdu. O, ilk baxışdan vurulmuşdu. Və elə o zaman özünə söz vermişdi ki, həyatının sonunadək bu insanla olacaq.

Cənab Volf royalda Verdinin və Vaqnerin əsərlərini çalırdı... Onun son dərəcə ifadəli, mehriban, iri gözləri və ürəkdən gələn xoş səsi vardı. Əynində dəri palto, başında yanları enli fetr şlyapa, əlində qısa qamçı olurdu: qamçı onun tilsimi idi. Bir yerdə götürüldükdə bütün bunlar, başlıcası isə küçə qapısında onu gözləyən və sükanı arxasında sürücü olan “Mercedes” gənc qıza güclü təsir göstərirdi. O, Evanın anlamadığı və bilmədiyi işlərdən ötrü Hofmanın yanına gəlirdi.

Eva Braun uzun illər, demək olar ki, lap axıracan Haynrix Hofmanın fotoatelyesində açıqcaların topdan satışı ilə məşğul olurdu. O, qəşəng olsa da tərs və şıltaq idi, dərslərinə bir qaydada baxmırdı, əslində ortadan da aşağı oxuyurdu. Eva Hitleri “şef”, “fürer” və ya sadəcə “AH” çağırardı. O, isə öz növbəsində onu nəvazişlə “Çaperl” adlandırırdı. Vyanada sevimli məxluqlara belə müraciət edirdilər.  

Eva kinonu çox sevirdi və ən böyük arzusu kinoda çəkilmək idi. Amma buna onun nə atası, nə də sevgilisi icazə vermirdi. Hitler onun nəinki kinoda hətta ekranda görünməyini belə istəmirdi. O, daha çox amerikan filmlərini bəyənirdi. Eva üçün hətta bütün Almaniyada ideoloji və ya maddi baxımdan icazəsi olmayan kinolara da baxmaq imkanı yaradılırdı. Bir müddət Eva ancaq aktyor Klark Qeybel haqqında danışırdı. Onun həm ifasını, həm də xarici görünüşünü bəyənirdi. Buna görə Hitler onu qısqanırdı və onun çəkildiyi filmləri geri qaytarmışdı.

Eva dünyanın məşhur şəhərlərində dincələr, tez-tez səfərə gedərdi. Gedərkən onu anası, bacıları, rəfiqələri və şəxsi həkimi müşayiət edirdi. Ən çox İtaliyanı sevirdi. Hətta Almaniyadan sonra İtaliyanı ikinci vətəni adlandırırdı. Bir dəfə hətta onu Vyanadakı kino festivalına da dəvət etmişdilər.

Hitler evlənməyi heç ağlına da gətirmirdi. Eva isə, eləcə də onun valideynləri Hitlerin onunla münasibətlərini ciddiləşdirməsini istəyirdi. Fürer isə bəyan edirdi ki, o artıq Almaniya ilə evlənib! Bunu qəbul etmək Eva üçün çox ağır idi. Bundan əlavə Hitlerin qadınlara olan marağı və onun daim müxtəlif xanımların əhatəsində olması Evanı qısqanclıq əzabları ilə üz-üzə qoyurdu. Ona qarşı belə münasibətdən dolayı Eva üzülürdü. Buna görə də, bütün bunları heç olmaya biraz da olsa unutmaq üçün, gördüyü keyfiyyətli və bahalı hər şeyi alırdı. Hətta bacısı İlza onun belə bir əhvalatını nəql etmişdi: bir dəfə Eva katibə geyimində bütün Avropaya məşhur olan dəri məmulatları dükanına girib. Orda satıcının göstərdiyi bütün ucuz mallara əl yelləyib. “Mənə vitrindən bax o dəri dəsti gətirin!” – deyə tələb edib. “Bu axı təmiz tmsah dərisidir, - satıcı etiraz edib – Dəst çox bahalıdır. Daha doğrusu, o satılmır sadəcə effekt üçün sərgilənir, çünki, heç kim onu almaq imkanında deyil”. “Mən isə sizdən qiymət soruşmuram, - Eva etinasızca cavab verib. – Yubanmadan dəsti bura gətirin!”. Satıcı pərt şəkildə susdu, Eva isə ondan müdiri çağırmasını tələb etdi. O, gəldikdə isə əmr etdi: “Bu dəst bu günün brinci yarısında dəftərxanaya çatdırılmalıdır. Hesabı isə fürerin şəxsi dəftərxanasına göndərin”.

Müdir və satıcı şokdan ayılmamış Eva dükandan çıxdı və eses formalı sürücüsü olan qara “Mercedes”-ə əyləşdi. Müdir həmin dəqiqə çemodan, çanta, çətir və yol ləvazimatlarından ibarət dəsti şəxsən reyxdəftərxanaya çatdırdı, hələ üstündə öz adından böyük bir gül buketi ilə. Eva bu hadisəni danışmağı çox xoşlayırdı. Hətta bir ara onu “fröyleyn Timsah” adlandırırdılar.

Hitlerin Eva üçün hədiyyələri bahalı idi, ona qarşı daim əliaçıq davranırdı. “Mercedes”dən əlavə onun başqa maşını da vardı - Hitler ilk “Folkswagen”lərdən birini onun 27 yaşına hədiyyə etmişdi. Amma sonra bu avtomobil çox “gözə girirdi” deyə bütün müharibə dövrünü qarajda qaldı.

İllər keçdikcə Eva daha da gözəlləşirdi. O, əsl xanım olmuşdu. Ədası, zərifliyi və özünəinamlılığı ilə o hamını məftun ediridi.  Təbii sarışın olmağına baxmayaraq o saçlarını azacıq rəngləyirdi. Bərbəri Milla Şelmozer danışır: “Saçını gündə bir dəfədən az olmayaraq burdururdu”. Digər bərbəri Berqard hər gün gecə saat 2 də onun evinə gedirdi.

Eva Braun indi yaxından-uzaqdan qatar gözləyən damalı paltodakı və pambıq corablı qıza oxşamırdı. İndi o paltarlarını Berlinin ən bahalı dərzisinə tikdirirdi. Alt paltarlarını Parisdən, tufli və çəkmələrini Florensiyadan, idman dəstlərini isə Vyananın ən yaxşı dükanlarından alırdı. Hitler onun geyim tərzini çox bəyənirdi. “Yox, siz baxın, fröyleyn Braun necə də zərifdir...”. Bəzən o, Evanı bədxərcliyinə görə danlayırdı da. Amma Eva bunlara məhəl qoymurdu.

Hitler o xarici görünüşünü dəyişəndə bundan xoşlanmırdı: “Yeni saç düzümünlə mən səni tanımıram” və ya “Sənin çox gözəl paltarın var, niyə hər gün yenisini geyinirsən”.

- Sənin salfetin bütün dodaq boyasıdır – Hitler qeyd etdi, - sən nə ilə boyanırsan?

- Paris boyası ilə,- Eva dedi

- Əziz xanımlar, siz əgər bilsəydiniz ki, Paris pomadası mətbəx tullantısından hazırlanır...

Hitler sevgilisinin hesablarını sözsüz imzalayırdı. Çox vaxt Hitler lazimi məbləği nəğd verərdi – sadəcə qalın yüz marklıq blanknotları cibindən çıxarıb Evanın çantasına qoyardı.

Fröyleyn Braunun İtaliyadan gətizdirdiyi ayaqqabı kolleksiyası var idi. Bunları, əliaçıqlıqla bacılarına və rəfiqələrinə verirdi. Amma daha çox cəvahiratı sevirdi. Bəzən o, bilərəkdən çox sadə paltar geyinərdi ki, onun üzərində əsrarəngiz brilyant kolyesi və ya bilərziyi daha effektli görünsün.

Hitler Eva ilə yalnız ölümündən 40 saat əvvəl evlənmiş və bütün Almaniya onların alovlu məhəbbətindən ölümlərindən sonra xəbər tutmuşdu. 1945-ci il 28 apreldə Eva Braun həyatında birinci və sonuncu dəfə “Eva Hitler” kimi imza atdı. O zaman Evanın 33, Hitlerin isə 56 yaşı vardı.

Aysel Babayeva

P.S. Yazıdakı bütün faktlar iki əsərdən götürülmüşdür:

1. Lev Ginzburq “O dünyada Görüşlər”(Münhen dəftərindən), Bakı, Yazıçı nəşriyyatı, 1993 (tərcüməçi T.Rüstəmov);

2. Lev Ginzburq “O dünyada görüşlər”, Azərbaycan jurnalı N 2 (s.73-151),N 3 (S.145-158), 1980;

3. Nerin Han “Yeva Braun: həyat, sevgi, tale” 2003, Moskva, Astrel (Нерин Ган «Ева Браун: жизнь, любовь, судьба»). Bu kitabdan götürülmüş məlumatlar ruscadan müəllifin tərcüməsidir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.