Yeni mövsümün aksesuar trendi

Düzgün istifadə olunan aksesuar biz xanımları həm zövqlü, həm də dəbli göstərə bilir. Bunun üçün də trendləri diqqətlə izləmək hər bir dəbli xanım üçün əlavə bonusdur. Yeni mövsümün trendlərinə gəldikdə isə bizi cəsarətli, dəlisov və təbii ki, dəbli aksesuarlar gözləyir. Odur ki, gəlin, birlikdə üzümüzə gələn mövsüm hansı aksesuarları qarderobumuza əlavə etməliyik müəyyənləşdirək.

Chokerlər: zəriflik və kobudluq bir arada

2014-ün yaz-yay mövsümündə trend olan chokerlər yenə də üzümüzə gələn mövsüm görünür ki, trend olacaq. Balmain-in metalik işləməli böyük daşlı, Fendi- nin şirin tüklü, Oscar de la Renta-nın metalik işləməli chokerlərinə geniş rast gələcəksiniz.

Qulaq və burun üçün pirsinqlər

90-ların geri dönüş etdiyi bir vaxtda təbii ki, o dövrün dəbini də müasirliklə kombin etmək lazım gəlir. Belə ki, 90-cı illərdə trend olan qulaq və burun üçün tək, çoxlu istifadə olunan pirsinqlər yeni mövsümdə tez-tez istifadə olunanlar arasında olacaq. Əsasən, pop-punl tərzini ifadə edən bu aksesuarlar Alexander McQueen-in, Balenciaga-nın, Dior-un kolleksiyasında geniş yer alacaq. Siz bu pirsinqlərlə romantik, “casual” və eleqant görünə bilərsiniz.

Asimmetrik kəsimli böyük daşlar

Bu cür aksesuarlar 2016-nın payızında daha çox trend olacaq. Rəngli daşlar, bilərzik və boyunbağılar, üzük və sırğalar podiumlardan qarderobumuza əlavə ediləcəklər arasında olacaq. Elie Saab-ın kolleksiyasında boyunbağı və sırğalar çəhrayının 50 çalarında, Alexis Mabille-də nəhəng mavi rəngli boyunbağılar, Daries Van Noten-də isə fərqli geometrik daşlar bir arada olacaq.

Tək sırğalar

Düzdür, tək sırğalar uzun müddətdir dəbdədir. Amma yeni mövsümdə tam başqa formatda qarşımıza çıxacaq. Uzun qaşlarla, böyük plastik kəsimli, metal işləməli tək sırğalara Anthony Vaccarello-nun, Roberto Cavalli-nin, Stella McCartney-in kolleksiyasında özünə yer tapacaq.

Mirvari zadəganlığı

Mirvari həmişə eleqantlığı, şıqlığı ilə seçilib və gənc qızlardan daha çox orta yaşlı xanımların diqqətini çəkib. Amma yeni mövsümdə nəinki orta yaxşlı xanımlar, hətta gənc qızlar belə mirvari şıqlığından istifadə edəcəklər. Payız-qış mövsümündə Miu Miu, Rag & Bone, Marni, Gucci, Chanel kimi brendlər kolleksiyalarında bol-bol mirvari aksesuarlara yer verəcəklər.

Mono və multi üzüklər

Sadə, tək istifadə olunan üzüklər artıq standartlıqdan çıxaraq daha gigantik, rəngli, cəsarətli görkəm alır. Alexis Mabille, Bottega Veneta, Oscar de la Renta və Stella Jean öz dizayn işlərində mono üzüklərə müraciət ediblər. Multi üzüklərə isə Dries Van Noten, Gucci, Louis Vuitton, Coach, Dior, Valentino kimi brendlərin kolleksiyalarında rast gəlinəcək.

Qolkənarı və əlcəküstü bilərziklər

Mövsümün ulduzu olmağa iddialı parçalar! Bütün payız və qış boyu görüntünüzə fərqlilik qatmaq niyyətində olsanız heç düşünmədən bilərziklərinizi ya paltarınızın qolkənarında, ya da ki, əlcəklərinizin üstündə istifadə edə bilərsiniz. Chanel, Prada, Ralph Lauren, Maison Margiela kimi markaların kolleksiyalarında bu cür bilərziklərə rast gəlmək olacaq.

Geometrik zövqlər

Geometrik trendi yeni mövsüm də özünü göstərəcək. Metal dairələr, plastik sırğalar, broşlar Emporio Armani, Stella McCartney kimi markaların əvəzolunmazları olacaq. 

Bitki və heyvanlar aləmindən ilhamlanan aksesuarlar

Təbii ki, hər dəfə olduğu kimi yeni mövsümdə də, dəb təbiətdən təsirlənməyə bilməzdi. Elə Rodarte, Anna Sui, Roberto Cavalli, Bibhu Mohap, Gucci kimi moda dünyasının nəhəngləri də trenddən kənar qalmayıb bir-birindən fərqli bitki və heyvan formalı aksesuarlara öz kolleksiyalarında yer ayırıblar.