Yayda saçlara necə qulluq etməliyik?

Yayda dəriyə olduğu kimi saçlara da xüsusi qulluq lazımdır. Bunun üçün salonlara gedirik, bahalı saça qulluq məhsulları alırıq. Ancaq bunu daha əyləncəli, daha təbii və daha sərfəli şəkildə edə bilərik. Buna nail olmaq üçünsə düzgün qidalanmalı və daima evdə hazırlayacağımız təbii maskalarla saçlara qulluq etməliyik. Əgər bunlara riayət etsəniz, nə salona getməli, nə də ki, bahalı məhsullara pul xərcləməli olacaqsınız. Bu yazımızda təbii yolla saçlara necə qulluq etməli və evdə hansı maskaları hazırlaya bilərik suallarını cavablandıracayıq.

Saçınızı tez-tez yumayın

Saçları tez-tez yumaq həm dərini qurudur, həm də saçları cansız, təravətsiz göstərir. Saç qırıqları da artır. Saçınızı həftədə 1-2 dəfə yumaq kifayət edər. Yağlı saçlar üçün bu problemdir deyirsinizsə, o zaman quru şampundan istifadə edə bilərsiniz.

Çox isti su ilə yumayın

Saçda yağın artıq ifrazı nə qədər ziyanlı olsa da, saç dərimizin və saç tellərinin bu yağa ehtiyacı var. Əgər bu yağı tamamilə yuyub aparsanız, saçlarınız qırılar, quru və boz görünər. Saçınızı çox isti su ilə yusanız, saç dərisindəki yağı tamamilə yox edərsiniz. 15 gündən bir çox isti su ilə saçınızı yumaq bir o qədər də ziyan etməz, ancaq hər dəfə isti su ilə yumaq saçlarınızı qurudacaq. Soyuq suyun isti suya nisbətən faydası ondadır ki, saç dərisindəki qan dövranını artırır və saçlar canlanır. Qan nə qədər yaxşı dövran etsə, saç köklərindəki hüceyrələrə oksigen o qədər getmiş olaacaq.

Saçınızı günəşdən qoruyun

Günəşin ultrabənövşəyi şüaları dəriyə olduğu kimi saçlara da zərərlidir. Günəş saç dərisini və saç tellərini qurudur, ölgünləşdirir və rəngini dəyişir. Buna görə günlü havada çölə çıxanda saç kremindən istifadə edin, yaxud şlyapa qoyun.

Saçlarınızı təbii yolla qurudun

Saçınızı fenlə qurutmaqla, düzləşdiricilərdən istifadə etməklə çox ziyan verirsiniz. Saçlar quruyur, tökülür və saçqıranlar artır. Saçınızı yuduqdan sonra əgər evdən çıxmayacaqsınızsa,fenləməyin, dəsmalla yavaş-yavaç qurulayın, sonra buraxın özləri qurusun. Saçlarınızı islaq şəkildə daramayın. Əgər evdən çixmalısınızsa və qurutmaq lazımdırsa, fen ən aşağı dərəcəsi ilə qurudun. Və 5-6 həftədən bir saçqıranları təmizləyin.

Düzgün qidalanma

Dəri baxımında olduğu kimi saçlarda da ancaq üstdən olunan qulluq kifayət etmir. Əsas odur ki, saçlar içdən çölə sağlam şəkildə çıxsın. Belə ki, qulluqlar, maskalar bir kənarda qalsın, qidalanmanıza diqqət etməsiniz, bütün bunların təsiri o qədər də çox olmur. Bədənimizin ehtiyacı olan vitamin və mineralları qəbul etməklə, daha çox su içərək və mümkün qədər hazır yeməklərdən uzaq şəkildə saçlarınızı daha sağlam edə bilərsiniz.

Saçlara qulluq, maskalar

Evdə hazırlayacağınız təbii maskalar saç dərinizi və köklərini qidalandıracaq. Bu maskaları hazırlamaq üçün ucuz, eyni zamanda həmişə əlimizin altında olan qidalardan istifadə olunur. Hazırlamaq da olduqca asandı. Həm bu maskalarla, həm də yuxarıda qeyd etdiyimiz kimi düzgün qidalanmaqla saçınız daha sağlam, parlaq və təravətli olacaq.

Qatıqla hazırlanan maska

Qatıq vitamin, antioksidant, kalsium və protein tərkibli qidadır. Qatıq yağlı saçlar üçün olduqca faydalıdır. Yağlanmanı azaldır. Uzun saçlar üçünsə nəmləndirici funksiyaya malikdir. Belə deyək yağ və nəm dərəcəsini tarazlamaq üçün faydalı məhsuldur. Saçınızı daha çox nəmləndirmək istəsəniz, banan və çiyələk kimi meyvələri qatıqla qarışdıraraq buna nail ola bilərsiniz.

Tərkibi:

Yarım stəkan qatıq (saçın qısa və uzunluğundan asılı olaraq dəyişə bilər)

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı bal

Hazırlanması və tədbiq olunması:

1. Qatıq, sirkə və balı qarışdırın.

2. Maskanı saç dərinizə, saçın kökündən ucuna kimi çəkin.

3. Ən azı 15 dəqiqə saxlayın və isti su ilə yuyun.

4. Qatığın qoxusundan narahat olursunuzsa, meyvəli şampunlardan istifadə edin.

İpucları:

1. Ev şəraitində hazırlanmış qatıqdan istifadə etmək daha məsləhətlidir.

2. Qatığın daha qatı hissəsindən istifadə edin ki, maska saçda olanda axmasın.

3. Sirkəni çox istifadə etməyin, çünki dərinizdə yanma hissi ola bilər.

Banan maskası

Banan hər mövsüm tapılan meyvədir. Kalium, antioksidant və vitaminlərlə zəngindir. Həmiçinin təbii yağ və nəm tərkiblidir. Banandan hazırlanmış maska saçların qopub tökülməsinə mane olur, saçqır azaldır. Saçlarınız daha canlı, parlaq görünəcək, güclənəcək.

Tərkibi:

2 ədəd yetişmiş banan

1 x.q. hind qozu yağı

1 x.q zeytun yağı

1 x.q. bal

Hazırlanması və tədbiq olunması:

1. İki ədəd bananı yaxşı əzin. Elə əzin ki, içində meyvə hissəcikləri qalmasın.

2. Balı, hind qozu və zeytun yağını banan pürəsinə əlavə edin, qarışdırın.

3. Saçınıza çəkin. Ən azı 5 dəqiqə saxlayın.

4. İlıq su ilə yuyun.

İpucları:

1. Yaxşı əzə bilmək üçün yaxşı yetişmiş banandan istifadə edin.

2. Saçınızı yuduqdan sonra darayanda saçlarınızı açmaq çətin ola bilər. Belə halda saç kremindən istifadə edin.

Çiyələk maskası

Çiyələkdə bol C vitamini var. Bu da saç dərisindəki yağın dərəcəsini tarazlamaq üçün faydalıdır.

Tərkibi:

Bir ovuc çiyələk (orta və daha uzun saçlar üçün daha çox istifadə edin)

1 x.q. hind qozu yağı

1 x.q. bal

Hazırlanması və tədbiq olunması:

1. Bütün ərzaqları yaxşı qarışdırın.

2. İslaq saç köklərinə və uclarına çəkin.

3. İlıq su ilə yaxalayın.

İpucu:

Bu maskadan sonra əlavə nəmləndirici məhsullardan istifadə etməyə ehtiyac yoxdur. Əks halda saçlarınız daha çox yağlana bilər.

Hər cür saç tipinə uyğun yumurta maskası

Yumurtanın sarısı qidalandırıcı yağlar və protein baxımından zəngin bir nəmləndiricidir. Yumurtanın ağı isə yağ və bakteriyaları məhv edir. Normal və quru saçlarınız varsa, yumurtanı bütövlükdə, yağlı saçlarınız varsa, ancaq yumurtanın ağını istifadə edin.

Tərkibi:

Yarım stəkan yumurta sarısı və ağı (Yağlı saçlar ancaq yumurtanın ağı)

Tətbiq olunması:

1. Saçınızı yuyun, az nəmli saxlayın.

2. Əgər saçınız uzundursa yumurtanın sarısını və ağını artıra bilərsiniz.

3. Maskanı saç dərinizə və saçınıza masaj edərək çəkin.

4. 20 dəqiqə gözləyin, soyuq su ilə yaxalayın. İstəsəniz, şapmunla yuyun.

5. Bu maskanı 2 həftədən bir tədbiq edərək saçlarınızı qidalandıra bilərsiniz.

Axırda onu qeyd edək ki, bu maskalar müntəzəm olaraq tədbiq olunmalıdır. Ancaq bu halda effektini görə bilərsiniz.

Aydan