Yaya fit girmək üçün detoks suları və smuzilər

Yay gəlir. Bununla da, bədəni oyatmaq lazımdır. Necə ki, qış bitincə evimizi yığışdırır, qış ehtiyyatını bitirir və yaza hazırlaşırıq, eləcə də, ruhumuzun evi olan bədənimizi də, yaya hazırlamaq lazımdır. Bədənimizi oyatmaq və yaya hazırlamağın bir sıra üsulları var ki, onlardan ən təsirlisi, asanı detoks proqramıdır. Bu proqramda əsas məqsəd bədəndə yığılıb qalan toksik maddələri təmizləməkdir. Detoksun bir neçə üsulu var. Bunlardan isə ən geniş yayılmışı bir neçə günlük təmizlənmə proqramı olan detoks suları və smuzilərdir. Bu dəfə sizə Fit Bite ilə birlikdə qışdan qalan toksinlərdən, gərəksiz maddələrdən orqanizminizi təmizləyib yaya fit girməyiniz üçün bir neçə detoks suları-smuzilər təqdim edirik.

Düzdür, mütəxəssislər maye – su pəhrizinin vacibliyini dönə-dönə vurğulayırlar. Amma çoxlarımız üçün su pəhrizi adətən, çətin olur deyə onu dadlandırmaq lazım gəlir. Bu dadlandırmaları edərkən də, çalışmaq lazımdır ki, faydalı olsun. Bunun üçün bir neçə ideya var.

Detoks suları

1. Göyərtili ideyalar

a) Nanə ilə limon

b) Reyhanla mixək

c) Tərxunla darçın və ya zövqə görə başqa ətirli göyərtilər ola bilər.

Hansı detoksu etmək istəsəniz inqridentləri kiçik bir stəkana qoyub yaxşıca əzirik ki, dadları qarışsın. Sonra üzərinə qaynar su alırıq ki, dəmlənsin. Məhlul soyuduqdan sonra sürtgəcdən keçirilir, su qabındakı buzlu su ilə qarışdırılır. Zövqə görə təzə meyvələr və yarpaqlar da əlavə etmək olar. Və budur göyərtilərlə detoks suyunuz hazırdır.

2. Meyvələrlə ideya

a) Çiyələk və giləmeyvələr

b) Şaftalı və digər çəyirdəkli meyvələr

c) Gilas və gilənar

Zövqə görə istədiyiniz meyvəni seçib 3 hissəyə ayırırıq. Meyvələrin 2/3 hissəsini əzib şirəsini çıxardırıq, qalan 1/3 hissəsini isə bütov saxlayırıq. Meyvənin üzərinə su qabı ilə su əlavə edirik və buz da əlavə edirik. Beləliklə, təravətli meyvəli detoks suyumuz hazırdır.

Smuzilər

Nəzərə alın ki, smuzilər hazırlanan kimi istifadə olunmalıdır və smuziləri saxlamaq məsləhət deyil. Çünki bu zaman mineralların və xeyirli maddələrin parçalanması, çökməsi baş verir. Həm tərəvəz, həm də ki, meyvələrdən smuzi hazırlamaq olur:

a) Xiyar, pomidor, çuğundur və s. tərəvəzlər, zövqə görə göyərtilər qatmaq mümkündür. Beləliklə, 3/2 hissə tərəvəz, 1/3 hissə göyərti götürürük, üzərinə isə zövqə görə, su əlavə edirik. İstədiyiniz qatılığı əldə etmək üçün suyu az və ya çox əlavə edə bilərsiniz. Sərinlik sevənlər üçün isə bir neçə buz kubu əlavə etmək olar. Bütün bunları blenderdən və kokteyl düzəldən maşından keçirdib, istifadə edə bilərsiniz.

b) Yayda təzə yetişmiş meyvələrdən bol-bol istifadə etmək olar: Giləmeyvələr, alça, ərik, alma və armud, həmçinin müxtəlif eqzotik meyvələrdən istifadə edərək smuzilər hazırlaya bilərsiniz. Meyvə smuzilərini hazırlayarkən çalışın ki, bənzər dad qrupundan olan meyvələr istifadə edəsiniz, çünki turş və şirin meyvələrin bərabər istifadəsi zamanı turşu şəkəri parçalayaraq çöküntüyə səbəb ola bilər.