Yay gəlir, qida zəhərlənməsinə diqqət

Yay zəhərlənmələrin ən çox olduğu mövsümdü. İsti hava və gigiyenik ehtiyatsızlıqlar qida zəhərlənməsi riskinin meydana gəlməsinə səbəb olan əsas faktorlardır. Hər il həkimlər iyun və sentyabr aylarında qida zəhərlənməsi hadisələrində artım olduğunu qeyd edir. Çox vaxt buna səbəb isə ehtiyatsızlıq, zəhərlənmə riski olan qidalar haqqında məlumatın olmamasıdır.

Qida zəhərlənməsinə səbəb nədir, yaxud nələrdir?

Qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi mikroorqanizmlərin qidaya keçən vaxtı həmin qidanın istifadə olunması nəticəsində meydana gələn haldır. Çirkli qida orqanizmə daxil olduqdan sonra orqanizm 24-48 saat ərzində reaksiyaya girir. Əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları özünü göstərir. Adətən qida zəhərlənməsi yüngül olduğu halda bir neçə günə keçir. Lakin elə zəhərlənmə halları var ki, həddindən artıq ciddi problemlərə səbəb ola bilər. Bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır. İnsanların etdiyi belə bir səhv var, zəhərlənmə zamanı ishalı dayandırmaq üçün dərman qəbul edirlər. Bunun nəticəsində dərman orqanizmdəki toksinlərin ishalla xaric olunmasının qarşısını alır ki, bu hal xəstənin vəziyyətini ağırlaşdıra bilər. Bunun üçün də belə hallarda bu dərmanları ancaq həkim məsləhəti ilə qəbul etmək daha məsləhətlidir.

Qida zəhərlənməsinə necə diaqnoz qoyulur?

Həkiminiz qida zəhərlənməsinin hansı qidadan olduğunu göstəricilərə əsasən təyin edə bilər. Ciddi hallarda isə qan analizi edilir, həmçinin zəhərləndiyiniz qidadan da analiz alınır. Bunlarla bərabər orqanizmin nə qədər susuz qalıb-qalmadığını öyrənmək üçün həkiminiz sidik analizi də tələb edəcəkdir.

Zəhərlənmə vaxtı nə etməliyik?

Yuxarıda da qeyd etdiyimiz kimi adətən zəhərlənmə göstəriciləri səhərə azalır və 2-5 gün ərzində tamamilə yox olur. Əgər bu hallar davam edirsə və xəstə içirdilən duzlu və ya şirin suyu qaytarırsa, həkimə getmək mütləqdir. Çünki orqanizmin susuzlaşma riski var. Qida zəhərlənməsi qızdırma ilə müşaiyət olunursa, bu daha təhlükəlidir. Belə ki, orqanizm degenerasiya, yəni orqanizmin təbii inkişafına təsir edəcək pozuntularla qarşı-qarşıya qala bilər. Xüsusilə körpələrdə və yaşlılarda bu olduqca riskli bir haldır. Hamilə qadınlara da diqqət etmək lazımdır. Zəhərlənmə vaxtı orqanizm tez özünə gəlsin deyə şorba, suda bişirilmiş düyü, bişmiş tərəvəz, suxari, dəymiş banan, kartof püresi kimi qidalar yemək lazımdır. Tamamilə sağalana kimi çiy meyvə və tərəvəzlərdən, un, süd, taxıl məhsullarından, çay, kofe, ədviyyatlardan uzaq olmalıyıq.

Qida zəhərlənməsinə necə mane ola bilərik?

Yayda havalar qızır və bakteriyalar artır. Hər cür riskə qarşı vacib olan bəzi gigiyenik qaydalara riayət etmək lazımdır: Hər şeydən əvvəl təmizliyə diqqət edilməlidir. Mətbəx əşyalarınızla işlədikdən sonra onları yaxşı təmizləyin. Balıq, toyuq və ət məhsullarına dəyən əllərinizi yaxşı yuyun. Eynilə yeməkdən əvvəl və sonra əllərinizi yumağı unutmayın. Meyvə və tərəvəz yeməzdən qabaq yaxşı yuymağa diqqət edin. Alış-veriş edən vaxt qidaların son istifadə tarixinə mütləq baxın. Soyuducunuzda vaxtı keçmiş, qoxan qidaları, həddindən artıq yetişmiş və ləkə-ləkə olan meyvə və tərəvəzləri atın. Həmçinin yeməkləri otaq temperaturunda saxlamayın.

Aydan