Tropik naxışlar – 2016 küçə dəbi

Yay mövsümünün gəlişilə birlikdə əlvan rənglər, böyük çiçəklər, qarışıq yarpaq bəzəkləri geyimlərdə özünü göstərməyə başlayır. Podiumlarda bol-bol gördüyümüz tropik naxışlar çox iddialıdır desək, yanılmarıq. Küçə dəbində də, bu yay tropik bəzəklər tez-tez qarşımıza çıxacaq. Doğru şəkildə dəstləşdirərək siz də bu bəzəkləri öz tərzinizə uyğunlaşdıra bilərsiniz. Qəbul edək ki, tropik bəzəklər rəngarəng və əyləncəli olmaqla bərabər, həm də qarışıqdır. Və hər nə qədər bu bəzəkləri dəstləşdirmək, geyinmək çətin görünsə də, sizə verəcəyimiz məsləhətlərə uyğun hərəkət etsəniz, günlük həyatınızda tropik bəzəkli geyimləri rahatlıqla, eyni zamanda da sevərək geyinəzəksiniz.

Bu mövsüm tropik bəzəkləri təkcə geyimlərdə deyil, eyni zamanda çantalarda, ayaqqabılarda da görəcəyik. Ən çox uzun, yüngül, bol ətəklər dəb olacaq. Bu ətəkləri geyinərkən üst hissədə tək rəngli və sadə köynək seçməyə diqqət edin. Cəsarətli xanımlar isə zolaqlı köynəklər seçərək daha fərqli və xoş görüntü əldə edə bilərlər.

Dəb tarixi boyunca tropik bəzəyin ən çox istifadə edildiyi geyimlərdən biri də şalvarlardır. Ağ üzərində yarpaq və çiçək bəzəklərinin istifadə olunduğu şalvar modellərini dəstləşdirmək olduqca asandır. Amma bu şalvarları geyinərkən diqqətli olmaq lazımdır. Ətəklərdə olduğu kimi, üst hissəni olduqca sadə geyinmək lazımdır. Uzun tək rəng köynək, ağ T-shirt ilə düzgün kombinləmiş olacaqsınız.

90-cı illərin dəblərindən olan tropik bəzəkli köynəklər bu yay “ən”lər arasında olacaq. Havay adalarının abu-havasını hiss etdirən bu köynəklər narıncı, yaşıl kimi parlaq rənglərilə insanın gözünü qamaşdırır. Cins köynəklərdə əgər fərqli görünmək istəyirsinizsə tropik bəzəkli olanları seçməyinizi məsləhət görürük. Havay bəzəklərini istifadə edərkən kiçik bir detala fikir vermək vacibdir: Havay bəzəklərini dəstləşdirərkən aksesuarları və rəngləri bol-bol istifadə edərək onları daha ön plana çıxarmaq mümkündür.

Tropik bəzək deyəndə ancaq geyimləri nəzərinizdə tutmayın. Çanta və ayaqqabıda da bu bəzək heç də pis görünmür. Xüsusilə, ayaqqabılarda fərqli bir tərz üçün düz, alçaqdabandan tutmuş hündürdaban ayaqqabılara qədər tropik bəzəklərə şans versəniz peşman olmazsınız.

Aydan