Səyahətə tərzinizi də “aparın”

Yayın ən gözəl tərəfi yəqin ki, ailə, sevdiklərimiz, dostlarımız, sevgilimizlə tətilə, istirahətə getməkdir. Bu, 3 günlük, 1 həftəlik ya da ki, 10 günlük ola bilər. Fərq etməz xarici ölkə ya da ki, paytaxtdan kənarda – odur gözəl tətilin dadını çıxardaq. Bunun üçün səyahətdən əvvəl etdiyimiz planlar, hazırlıqların əskiksiz olmasına çalışırıq. Bütün bu planların ən vacibi özümüzlə apardığımız çemodan ya da tətil çantasıdır. Bəs tətil çantamızda həm rahat ola biləcəyimiz, həm tərzli görünməyimiz, eyni zamanda da mövsüm trendlərinə ayaq uydurmağımız üçün hansı parçaların olması lazımdır? Bütün bu sualların cavabı rahat tətil keçirdə və tətildə də tərzli görünməyiniz üçün sizə kömək etmək məqsədilə etdiyimiz kiçik araşdırmadadır.

Tətil çantamızda cinslər “must have”lərdən olmalıdır. Ayaqqabı seçimi isə rahatlıq və tərzinizi “danışdırmaq” üçün sneakerlərdən yana olsa yaxşı olar.

Şlyapa və ya günəşdən qoruyan hər hansı bir yay papağı, bel çantası, oversize köynək və mövsüm nə olursa olsun əvəzolunmaz nazik jaket “dostluğu” tam da səyahət əhval-ruhiyyəsini özündə əks etdirir.

Cins şortik tətil zamanı ən çox gərəyiniz olan və daha çox üstünlük verilən geyimlər arasındadır. Belə şortlarınızı dəstləşdirmək üçün ya xətli casual tərzli köynək, ya da idman tərzində rahat köynək işinizə yarayacaq.

Açıq çiyinlər və çiçək printlər bu mövsüm də trendin əvəzolunmazıdır. Bunun üçün də həm rahatlığınızı düşünən, həm də trendlərə ayaq uyduran birisinizsə mütləq tətilə özünüzlə çiçək printli və açıq çiyinli don götürməyi unutmayın. Bu don tətilin romantik yay gecəsində, əyləncələrdə ya da yeməkdə sizə kömək olacaq.

Cins köynək və bandananın səyahət üçün ən şıq ikili olduğunu vurğulamadan keçə bilmərik.