Səmənini atmamışdan öncə bir daha düşünün

Bayram yaxınlaşır, hamının həvəslə yetişdirdiyi səmənilər süfrələri bəzəyir. Hər bayram sonrası bu gözəl səməniləri zibil qablarında görmək isə heç xoş hiss deyil. Səmənini yalnız süfrənin bəzəyi və ya səməni halvası inqriedienti hesab edənlər üçün bu paylaşımı etmək qərarına gəldim. 2 il öncə rəfiqəmlə Argentinaya konfransa getmişdik. Kafelərin birində səmənini görəndə çox sevinmişdim. Sən demə, dekorasiya olaraq deyil, menyularında içki kimi istifadə edirdilər.

Buğda cücərtisi (qısa olaraq səməni işlədəcəm) şirəsinin tarixi 5000 il öncə qədim Misir və Mesopotamiya sivilizasiyalarına dayanır. Misirlilər buğda cücərtisini onun faydalarına görə müqəddəs hesab edirlərmiş.

Yam-yaşıl, gözəl qoxulu bu bitkini möcüzəvi edən nədir? 
Səməni xlorofil adlı çox önəmli maddədin ən zəngin mənbəyidir. Xlorofildən tam fayda əldə etmək üçün onu mütləq təbii şəkildə bitkidən almaq lazımdır. Xlorofil əslində digər bitkilərdən də alına bilər, amma səmənidən alınan xlorofil daha faydalıdır, çünki onun tərkibində insan orqanizminin ehtiyacı olan 100-dən çox elementin olduğu bildirilir. Əgər orqanik, təmiz torpaqda becərilərsə, torpaqda olan 115 mineraldan 92-sini mənimsəyir.

Səməni şirəsi çox effektiv şəfaverici içkidir, çünki tərkibi insanın bildiyi bütün minerallar, o cümlədən A, B kompleks vitaminləri, C, E, İ, K vitaminləri və zülal ilə zəngindir.

Səməni şirəsinin 70 faizi xlorofildən ibarətdir. Çox vacib, qanyaradıcı maddə olan xlorofil orqanizmdə toplanan kimyəvi maddələri, toksinləri yuyub təmizləyir.

Tədqiqatçılar xlorofilin tərkibindəki xüsusi fermentlərin yaşlanma prosesinin sürətini azaltdığını deyirlər. Güclü detoks təsiri, qanı təmizlədiyi və qanda oksigenin miqdarını artırdığı üçün xərçəng hüceylərinin böyüməsinin qarşısını alır. İmmuniteti gücləndirir, ağız, dəri və orqanizmdə olan zərərli bakteriyaları, toksinləri bədəndən çıxarır. Oksigenin miqdarı bədəndə çoxaldığı üçün beyinin fəaliyyətini gücləndirir.

Səməni şirəsindən necə istifadə edə bilərik?
- Yuxarıda qeyd etdiyimiz kimi, orqanizmi detoks etmək üçün;
- Tərkibində maqnezium çox olduğu üçün qəbizlik problemini aradan qaldırmaq üçün;
- Yüksək arterial təzyiqi olan insanların müalicəsi üçün;
- Bədəndə olan ağır metalları təmizləmək üçün;
- İstənilən qan xəstəliklərinə faydalı olduğu üçün;
- Qaraciyəri təmizləmək üçün;
- Qanda olan şəkər problemlərini azaltmaq üçün;
- Dəri problemləri, ekzema və psoriazı müalicə etmək üçün;
- Saçların ağarmasını ləngitmək üçün;
- Günəşdə yanan dərini müalicə etmək üçün;
- Menustrasiya ağrılarını azaltmaq üçün;
- Alkoqol təsirindən çıxmaq üçün; 
- Qadın xəstəlikləri və infeksiyaları müalicə etmək üçün; 
- Diş ağrısını azaltmaq və diş ətində olan bakteriyaları məhv etmək üçün;
- Boğazınız ağrayırsa, səməni şirəsi ilə qarqara etmək məsləhətdir.

Qeyd: Şirəni ac qarına içmək lazımdır. İlk həftələr 1 stəkan, növbəti həftələrdə gün ərzində maksimum 2 stəkan içmək məsləhətdir. Miqdarını çoxaltsanız, ürək bulanması və əks təsirləri ola bilər.

Əgər şirənin dadını sevməsəniz, o zaman digər tərəvəz şirəsi ilə (yerkökü, kərəviz çubuğu və s) qarışdırıb içə bilərsiniz.

İlin istənilən fəslində, istənilən zaman evinizdə hazırlaya biləcəyiniz bu iksiri dostlarınızla da paylaşın.

Çərşənbəniz mübarək, gözəl insanlar!

GunelsKitchen