Qızılgül formalı peçenyelər

Yazın belə sərin havalarında bir fincan çay, dadlı peçenye və kitabınız sizə gününüzdən həzz almağa kömək edəcək. Bunun üçün biz sizə “Qurman” rubrikamızda dadından doymayacağınız ləzzətli, xəfif və yüngül “Qızılgül peçenyeləri”nin reseptini təqdim edirik.

Tərkibi

Kərə yağı (Marqarin də istifadə etmək olar) – yarım paket

Yumurta – 1 ədəd

Qatıq – 1 x.q.

Pudra şəkəri – 1 st.

Vanil – 1 paket

Duz – 1 çimdik

Qabartma tozu – 1 ç.q.

Kakao – 1.5 x.q.

Un – ala bildiyi qədər

Hazırlanması

Qarışdırma qabına otaq istiliyində azca əridilmiş yağı, qatığı və yumurtanı əlavə edib, əvvəlcə barmaq uclarınız vasitəsilə onları bir-birinə yeridin. Mikserlə 2 dəqiqə yaxşıca qarışdırın. Daha sonra pudra şəkərini əlavə edib bir az da qarışdırın. Ayrıca bir qabda unu, vaili və qabartma tozunu qarışdırıb yavaş-yavaş əvvəlki qabdakı qarışıma əlavə edin. Una mikser vurmayın, qaşıq və ya çırpanla qarışdırın. Ələ yapışmayan bir az yumşaq xəmir alınana qədər əlinizlə yoğurun. Və xəmiri iki yerə ayırın. Birinə kakaonu əlavə edib yoğurmağa davam edin. Sonra xəmirləri oxlov vasitəsilə yayın və 4 dənə yuvarlaq xəmir kəsin. Bu xəmirləri stəkan vasitəsilə kəsə bilərsiniz. İki ağ və iki kakaolu xəmiri götürüb rulet halında dolayın. Alınan qızılgül formalı xəmirləri əvvəlcədən 190 dərəcədə isidilmiş sobada bişirin. Diqqət edin ki, üzərləri yanmasın. Soyuduqdan sonra servis edin.

Nuş olsun!