Orxan Zeynallı: "Bizə bir çox məqamlarda stimul verən məhz xanımlardır"

“Kişi gözü”nün növbəti qonağı çoxlarımızın AİD kimi tanıdığı, tərzi, orijinal fikirlərilə seçilən və qadınlara xüsusi dəyər verən Orxan Zeynallıdır. Orxanın qadınlar, kişilər və Azərbaycanda qadınlara olan münasibət, ümumiyyətlə kişi-qadın münasibətləri haqqında maraqlı, faydalı fikirlərini sizə də, təqdim edirik.

- Foxy xanımlarına özünü təqdim edərdin.

Yaradıcı insan - musiqiçi Orxan Zeynallı.

- Orxanın qadınlarla arası necədir?

Ailə qurandan sonra məsafəli. Qadınlara  bizim cəmiyyətdə olan ümumi munasibətdən fərqli olaraq mənim munasibətim dəyərvericidir. Başlıca olaraq nə qədər şablon səslənsə də, bizi böyüdən insanlar qadınlardır. Bizə bir çox məqamlarda da stimul verən də məhz qadınlardır. Həyatımda baş verən bir çox hadisələrdən sonra mən özüm üçün belə bir nəticə çıxardım ki,  sonda insanın yanında qalan məhz qadın olur. O baxımdan qadınlardan ibarət müəyyən insan toplumu  var ki,  çox dəyər verirəm.

- Orxana görə mükəmməl qadın…

Bilmirəm mükəmməl qadın varmı, yoxmu?! Amma ideal qadın olmaq şərt deyil. Mənə elə gəlir ki,  mükəmməl qadın yoxdu və olmasa daha yaxşı olar. Çünki mükəmməl qadın olsa biz kişilər biraz sıxıla bilərik. Biz mükəmməl ola bilmirik, amma onlar olur.

- Bir qadında Orxanı həyəcanlandıran xüsusiyyətlər?

Mənim üçün qadınların ağıllı olmağı çox önəmlidi.  Yenə də cəmiyyətin sıxışdırılmalarından dolayı xanımlarda ağıllılıq faizi azdır, amma  xanımlar kişilərdən daha ağıllı ola bilirlər. Bu mənimçün çox önəmlidir.  Çünki  qadın mənimçün bir aksesuar deyil ki, yanında gəzdirəsən, ya da stolun üstünə telefonunu qoyub öyündüyün kimi yanına da xanımını qoyub öyünəsən.  Qətiyyən elə deyil. Mənimçün xanım  bir çox məsələləri müzakirə edə biləcəyim insandır qadın və mən düşünürəm ki,  hansısa bir toplumda və ya hansısa bir dost ailəsində qadınlarla kişilərin sayı bir-birinə yaxın deyilsə, o toplumda çirkin mövzular çox olur, bayağı,  ucuz söhbətlər çox olur,  çayxana söhbətləri çox olur. Mən həmişə dostlarıma onu deyirəm ki, mühiti balanslaşdırmaq üçün qadın bizə lazımdı mütləq şəkildə. Və həmin qadın da gəlib öz bəzək əşyalarını və yaxud hansısa bədən hissələrini nümayiş etdirməməlidir. Öz ağlını,  öz söhbətlərini, öz müdaxilələrin göstərməlidir.  

- Bəs onda gözəl yoxsa ağıllı qadın?

Mənim üçün önəmli olan ağıldır. Amma belə sırf xarici  görünüşdən söhbət gedirsə, qadında məhz baxışlar çox önəmlidir.

- Bəs qadınlarda səni qəzəbləndirən nədir?

Mən düşünürəm ki , bizdə qadınların sıxıntılı olmasında, cəmiyyət tərəfindən qadınların sıxışdırılmasında digər qadınların günahı  çoxdur. Çünki, qadınlar digər qadınların həyatlarına müdaxilə etməyi sevirlər. Əslində qadağalar kişilər tərəfindən qoyulsa da, bu qadağaların kökündə məhz qadınlar durur – kişi öz xanımına nəyisə etməyə icazə vermir. Düşünür ki, başqa xanımlar nə deyər. Xanımlar bir - biri haqqında danışmasa, məncə insanlar daha azad olar. Yuxarı yaş təbəqəsində vəziyyət ümumiyyətcə qəlizdir. Bu yəqin ki, onların yaşadığı mühit, sovet dövrünün dağılması,  yeni dövrün başlaması, 90-cı illərdəki çətin sosial iqtisadi vəziyyətdən asılıdır. O dövrdə gəncliyi keçmiş xanımlar indi anadırlar və  gənclərin valideynidirlər. O insanlarda bir çox psixoloji problemlər var. Buna görə də  başqasının həyatına müdaxilə edirlər,  başqasının həyatını müzakirə edirlər. Kişi işləyir,  uşağın tərbiyəsi ilə məşğul ola bilmir. Və həmin qadınlar başqalarının övladlarını misal çəkərək övladlarının qol - qanadını qırır və ona seçim qoymur. Bu zaman da gözümüzün qabağında olan problemlər üzə çıxır.

- Ukraynalı sarışın, yoxsa azərbaycanlı əsmər?

Həyat yoldaşım.

- Qadınlarla işləmək çətindi?

Qadınlarla işləmək kişilərlə işləməkdən daha asandır mənimçün. Qadın dostlarım o qədər də çox deyil, amma illərlə tanıdığım və əməkdaşlıq etdiyim insanlar var. Onlar tərəfindən məsuliyyətsizlik demək olar ki,  görməmişəm. Kişilər bəzən sənin işini yarıda qoyur və ya ümumiyyətlə səni yarıda qoyur. Amma qadınlarda bu nadir hallarda olur. Onlarla işləmək çox rahatdır. Çünki mən kişi nümayəndəsiyəm, mən hansısa işdə uğur qazana bilərəm və buna hansısa bir dost paxıllıq edə bilər. Amma qadında bu hallar olmur. Çünki sənin tutduğun yol başqa yoldur. Ona görə qadın sənə paxıllıq edə bilməz,  əksinə sənə dəstək olar. Mənə elə gəlir ki,  kişi qadın əməkdaşlığı daha uğurludur.

- Onu bağışlamaq olarmı?

Mənə elə gəlir ki, satqınlıqdan və xəyanətdən başqa çox şeyi bağışlamaq olar. Amma həyat elədir ki,  bəzən bu dediyim iki məfhumu da bağışlamaq məcburiyyətində olursan.

 - Bəs Orxanın qadına aldığı ən bahalı hədiyyə?

Yəqin ki öz həyat yoldaşima özümü hədiyyə etməyimdir (gülür).

- Orxanın gizli məkanları…

Gizli məkanlarım Bakıda yoxdur, başqa şəhərlərdədir. Müəyyən şəhərlər var ki, orda kiçik kafelər və məkanlar ola bilər ki, ora mənə doğma olsun və özümü orda rahat hiss edim.

- Yadınızda olmayan kimdir?

Yadımda olmayan bir çox insan var və “ Yadımda deyilsən“” mahnısı da məhz həmin insanlara həsr edilib.

- Kişilər münasibətdən nə gözləyirlər?

Bu suala ümümi cavab ola bilməz heç vaxt. Çünki hər kişinin öz gözləntisi var. Kimisi yaxşı yemək gözləyir,  kimisi dostlarının yaxşı fikrini gözləyir həmin xanım haqqında.   Kimisi sadəcə öz eqoistliyini ön sıraya çəkərək xanımını öz istədiyi kimi görməyə çalışır. Mənə gəldikdə isə, mən qadından qayğı və sadiqlik gözləyirəm.  Yəni sevgi,  qayğı,  sadiqlik və dayaq -  bu qadınlar tərəfindən kişilərə ötürülməsi vacib amillərdir.

- Qadınları kəşf etmək üçün neçə qadınla münasibət kifayət edər?

Qadınları kəşf etməyə ehtiyac yoxdu məncə. 

- Zərif yoxsa güclü qadın?

Zərif olan güclü xanım.

- Orxana görə seks münasibətdə neçənci yerdədir?

Mənə görə bu münasibətin mühim bir hissəsidir.  Sevgi ilə eyni tutulacaq qədər önəmlidir. Çünki biri varsa, biri yoxdursa bu artıq hansısa problemlərə gətirib çıxara bilər.  Və sənin bir insana 100 faiz bağlı olmağının qarşısını almış olar. Ona görə də kişi ilə qadın arasında olan münasibətdə sərhəd olmamalıdır.  Əks halda Azərbaycanda olan reallıq ortaya çıxır. Kişi biri ilə görüşür,  biri ilə danışır,  biri ilə evlənir , biri ilə yataq həyatını yaşayır.

- Qırmızı pomada, mini ətək və eynək – səndə nə assossiyasiya edir?

Uzaq durmaq lazımdı.

- Qadınlar kişilər haqqında mütləq nəyi bilməlidir?

Biz kişilər xanımlara öz hisslərimizi, münasibətimizi çox vaxt deyirik. Ancaq qadınlara bu kifayət  etmir. Çünki dövr dəyişdikcə sözün dəyəri də düşür və ortaya əməllər çıxır. Mənə elə gəlir ki, kişi öz qadınına onu sevdiyini tam, yüz faiz göstərə bilsə digər şeylər -  onun keçmişi,  gələcək planları, sosial vəziyyəti bunlar artıq bir neçə plan o tərəfə keçir.

- Oxanın qarderobunun əsasını nə təşkil edir?

Əlimə düşən birinci paltarı geyinirəm.  Mən güzgü önundə vaxt keçirməyi sevmirəm. Əslində emosional adam deyiləm, amma güzgü qarşısında beş dəqiqədən artıq vaxt keçirsəm dözülməz adama çevrilirəm. Buna vaxt ayırmağı sevmirəm. Vaxt itkisi hesab edirəm.Elə bilirəm ki, ölüm ayağında olanda bu dəqiqələr mənim yadıma düşəcək pis olacam.

- Gələcək planlarınız?

Dünyanı fəth eləmək.

- Foxy xanımlarına son sözün…

Kişilərə sözüm odur ki, qadınların qayğısına qalsınlar. Onların qədrini bilsinlər. Çünki elə bir vaxt gələcək və baxacaqsız ki,  yanınızda elə həmin qadın qalır. Onu hiss edəndə gec olmaması üçün həmin qadının qədrini bilmək lazımdır. Qadınlara isə başqa həyatlara vaxt ayırmaqdansa, öz həyatlarına vaxt ayırsınlar, öz inkişafları uğrunda nəyisə etməyə çalışsınlar. Yanında olan kişini də xoşbəxt edə bilsinlər.