Nini Karseladze: "Çünki kişilər "ana ilə" yatmaq istəmirlər. Kişilər qadınla yatmaq istəyir"

Müsahibimiz Nini Karseladze hazırda  beynəlxalq təlimçi kimi həm Bakıda, həm də müxtəlif ölkələrdə biznes təlimlər və şəxsi seminarlar, konsultasiyalar keçir. Gürcüstanda isə “Promotion – Be different” kampaniyası var ki, onun Bakıda da nümayəndəliyi açıb. Xanım Nini iki istiqamətdə fəaliyyət göstərir: biznes-iqtisadiyyat və qadınlarla. İkinci istiqamətdə o, qadınlara şarmı, gözəlliyi, zərifliyi üzə çıxarmaqda kömək edir və qadın enerjisi ilə işləyir.

Elə biz də, qadın-kişi münasibətlərin nəzərə alıb Nini Karseladze ilə məhz ikinci istiqamət üzrə kiçik söhbət etdik. Həmin söhbətin maraqlı olacağını düşünüb siz oxucularımıza təqdim edirik.

- İki insan bir-birini xoşlayırsa ciddi münasibətə başlamaq üçün nələr lazımdır?

Ciddi münasibəti sonraya saxlamaq lazımdır. Hər şey az olmalıdır. Münasibətdə qadınlar öz gözəlliyikləri, zəriflikləri, cəlbediciliklərilə kişilərə inam və impuls verməlidirlər. Qadın kişiyə siqnal ötürməməlidir ki, mən hədsiz gözəl, hədsiz cəlbediciyəm. Münasibətin əvvəlində bu şeylər çox olmamalıdır. Çünki əgər kişi bu qadının fərqinə varıbsa və qadın ona bu hisləri çox hiss etdirsə kişi ondan uzaqlaşacaq. İstər münasibətin əvvəlində, istər ortasında, istərsə də, birlikdə yaşadığı dövrlərdə qadın az əmək verməlidir. Hətta həyat yoldaşı olduğu zamanlarda, üç övlad anası olduqda belə hər şey yavaş-yavaş olmalıdır. Necə deyərlər – addım-addım. 

- Qadınlar mübasibət vaxtı hansı səhvləri edirlər? 

Qadınlar münasibətin ilk günündən tamamilə özlərini göstərirlər. Və artıq kişilərə onlarla münasibət qurmaq maraqlı olmur. Çünki qadın çox asanlıqla əldə olunan olur, bütün kartlarını kişi üçün açır. Kişi qadını tamamilə tanıdığı zaman onu itirir. Bu, kişinin təbiətidir. Qadın isə özünü yaxşı tanıdığı, kişinin psixologiyasına yaxşı bələd olduğu zaman münasibətlərdə hər şey yaxşı olsun deyə nəyi düzgün etmək lazımdır bilir. Əgər ki, qadın özünü tanımırsa, sevmirsə, özünə hörmət etmirsə və bütün bunlara baxmayaraq kişiyə bütövlükdə emosiyalarını ötürürsə, o zaman bu münasibətdə qadın kişini itirir. Gərək kişiyə sevgini tam göstərməyəsən, hiss etdirməyəsən ki, mən səninlə yaşayıram. Qadın özü üçün yaşayaraq, özünü sevərək hər kəsi özünə cəlb edə bilər. Əks halda isə itirəcək. Çünki maraqlı heç nə qalmır. Buna görə də, həmişə deyirəm ki, özündən az-az verməlisən. Amma ki, bu da, çətindir. Qadın sevirsə o, özünü kontrol edə bilmir. Və bu zaman o, “hə oğlum, sən bunu istəyirsən? Mən sənin üçün istədiyin hər şeyi edəcəm” deyən anaya bənzəyir. Çünki biz qadınıq. Və bu, bizim təbiətimizdə var. Biz doğuruq, uşağın tərbiyəsilə məşğul oluruq və bu cür də, kişilərimizə münasibət göstəririk. Elə burada da böyük səhv edirik. Çünki kişilər "ana ilə" yatmaq istəmirlər. Kişilər qadınla yatmaq istəyir – cəlbedici, özünə əmin, gözəl və əlçatmaz...

- Qadınlar sevdikləri ilə birgə yaşamağa qərar verməmişdən əvvəl nələri düşünməlidirlər? 

Əvvəla onu qeyd edim ki, qadınlar həmişə sevdikləri kişi ilə yaşamağa hazırdırlar. Əgər kişi ovçudursa o zaman o qadını "mənimsəməlidir", onlar birlikdə yaşamalıdırlar, amma istək kişidən gəlməlidir ki, birlikdə yaşayaq, ailə quraq. Təbii ki, bu, qarşılıqlı olmalıdır. Amma bu zaman da, qadın yavaş-yavaş razılaşmalıdır. Eyni zamanda da, özünü elə göstərməməlidir ki, mən sənə ərə gəlmək üçün ürəyim gedir. Qadın kişiyə nə qədər əziyyət verirsə, o kişini daha da, dəli edir və bu zaman kişi daha çox həmin qadına sahib olmaq istəyir. Qadın kişini asanlıqla ehtiraslandıra, dəli edə bilər. Amma bu, vəziyyətə gəlmək üçün birlikdə yaşamaq lazımdır. Əgər ki, birlikdə yaşamağa qərar verdilərsə qalan faktorları kişi oynayır. Kişi “KİŞİ”dirsə o, qərarlar qəbul edir, çünki bu, onun həyatıdır. Onlar görüşürlərsə, bir-birini tapıblarsa qalanı sözsüz ki, alınacaq. Ən başlıcası odur ki, kişi “ana uşağı” olmasın, qərarları anası, atası, qohumları vasitəsilə almasın. Qadın da özündən əmindirsə, özünü sevirsə və öz tərəf müqabilinə hörmət edirsə onların yaxşı perspektivləri, yaxşı münasibətləri olacaq. Bu halda onların yolu açıqdır.

- Birgə yaşamağın xoşagəlməyən tərəfləri hansılardır və bu problemin həlli yolları necə olmalıdır? 

Mən buna problem deməzdim, xüsusi suallar deyərdim. Nə vaxt ki, kişi və qadın birlikdə yaşamağa qərar verirlərsə bu zaman onların bütün xasiyyətləri aşkar olur. Hətta bu zaman belə münasibəti necə davam etdirmək haqda düşünmək lazımdır. Çünki qadın düşünür ki, o mənimdir və rahatlanır. Amma qadın gərək heç vaxt rahatlanmasın. Sən bu rahat halınla kişini itirə bilərsən. Münasibətdə həmişə bir şeyi xatırlayın: ailəni qadın idarə edir. Qadın boyundur, kişi isə baş. Başı isə boyun yönləndirir. Kişilər çox asan idarə olunurlar. Əgər qadın özünü ailədə necə təqdim edirsə elə də, davam edəcək. Problemləri çox vaxt kişilər yaradırlar. Çünki kişi böyümüş uşaqdı və çox vaxt əhvala görə hərəkət edirlər. Qadınlar isə ağıllıdırlar. Ağıllı qadın bilir ailəni necə idarə etmək lazımdı. Mən həmişə deyirəm ki, bir ailədə problem varsa bunun səbəbi kişi yox, qadındır. Çünki ailədə problem varsa, suallar yaranırsa bunu qadın sülh yolu ilə həll edə bilər. Qadın ağıllıdırsa ağıllı kişilə birlikdə olur. İzacə vermir ki, ağılsız kişi onun həyatında olsun. Ağıllı kişilər özlərinə hörmət edirlər, xarizmaları və şarmları olur. 

-  Münasibətdə enerjinin – rənglərin, daşın, və afrodiziyak ətirlərin rolu? 

Təbii ki var. Çünki bizim həyatımıza baxsaq yer planeti 4 əsas aspektdən ibarətdir - hava, su, torpaq və od. Və bu enerjilər bizim orqanizmimizdə də var. Çünki bizdə 7 çakra var. Əgər bizim hansısa çakramız bağlıdırsa, biz həmin çakra ilə bağlı olan xüsusiyyəti yaxşı realizə edə bilməyəcəyik. Nəyə görə bütün bu afrodiziyaklar və daşlar kömək olur? Çünki əgər qadın torpaqla münasibət qura bilirsə, yəni o, düzgün torpaq, su, hava, od enerjiləri ilə münasibət qura bilirsə, o özündə bütün bu enerjiləri aktiv edir. O çox uğurlu olur, hər şeyi yaxşı realizə edə bilir, o, sevgi saçır, emosional olur və insanlar  başa düşə bilmir ki, necə münasibət qurur.  Və o, təbiətin bizə verdiyi bu enerjilərlə işləyir, işləməyi bacarır. Çünki biz elə təbiətdən yaranmışıq. Təbii daşları isə  yer bizə verib və bu daşlar  böyük enerjiyə sahibdirlər. Mən həmişə öz rəfiqələrimə, tanışlarıma, dostlarıma deyirəm “daşlari üstünüzdə gəzdirin, çünki daşlar  siz inanmasanız da, sehirli gücə sahibdirlər”. Elə daşlar var ki, stressi aradan qaldırır, elə daşlar var ki, enerji, xoşbəxtlik verir. Siz öz bürcünüzü bilməlisiniz və ya bürcə də ehtiyac yoxdur, əgər daş sizi cəlb edirsə və sizi sakitləşdirirsə, siz o daşları üzərinizdə gəzdirə bilərsiniz. Aroma terapiyaya nələr aiddir – məsələn, müxtəlif qoxulu şamlar - bunlar bizim beynimizi sakitləşdirmək üçündür. Əgər insan sakitdirsə, hər şeyə sakit yanaşır və özünə inam da yaranır və  onda balanslaşma gedir.  Təbiətin bizə bəxş etdiyi elementlərlə işləyən insanlar o öz həyatını idarə edə bilir, o heç nəyə görə narahat olmur, öz emosiyalarını məhv etmir.

Ətirlər isə sakitləşdirmək üçün daha çox gücə sahibdir. Çünki biz hər saniyə nəfəs alırıq, nəfəs veririk və bu ətirləri hiss edirik, bu ətirlər əgər bizə xoşdursa, bizi sakitləşdirir. Və bizim bədənimiz də bu ətirlərdən vitaminlər əldə edir. Deməli, biz ruhən də, mənəvi olaraq da, özümüzü qidalandırırıq. Biz özümüzü yeməklə yox, içməklə yox, psixoloji olaraq qidalandırırıq. 

- Elə ətirlər var ki, kişiləri cəlb edir?

 Bəli, elə ətirlər var ki, kişiləri və qadınları ehtiraslandırır. Mən özüm də, şəxsən istifadə edirəm belə ətirlərdən. Amma ətir seçməzdən əvvəl, mütləq həyat yoldaşınızdan və ya sevdiyiniz şəxsdən soruşun ki, hansı ətir xoşuna gəlir. Burada siz özünüzü yox, qarşı tərəfi düşünməlisiniz. Məsələn, sizin xoşunuza yasəmən ətri gələ bilər, amma onun  yox. Siz çiyələk ətrini sevdiyiniz halda o, bu ətri sevməyə bilər. Hərçənd ki, çiyələyin qoxusu rahatladır, müəyyən çakranı aktivləşdirir. Buna görə də, əvvəl soruşmaq, sonra istifadə etmək lazımdır. 

- Qafqazlı olaraq Gürcüstan və Azərbaycan cütlüklərinin fərqli və oxşar cəhətləri hansılardır?

Deyərdim ki, oxşar və eyni zamanda da, çox böyük fərqlər var. Əgər qərar qəbul edilməsi, qadınla kişinin münasibətinin başlaması nöqteyi nəzərindən baxsaq Gürcüstan qadınları daha sərbəstdirlər. Məsələn, Gürcüstanda gənc qadın və oğlan özü seçir kiminlə görüşəcəklərini. Bakıda isə buna həm özləri qərar verənlər var, həm də, seçimlərində sərbəst olmayanlar.  Gürcüstanda hətta rayonlarda belə bu hala çoxdan rast gəlinmir. Burada ailə gənc cütlüyün öz qərarı ilə qurulur. Onlar birlikdə yaşamağa və ayrılmağa özləri qərar verirlər. Amma Bakıda vəziyyət bir az fərqlidir. Təbii ki, mən çoxluğu nəzərə alıram. Gənc qadına seçimlər təklif olunur və o, birini seçir. Hətta istəmədiyi birini belə seçə bilir. Və sonra ailədə problemlər yaranır. Kişi də, qadın da əziyyət çəkir. Amma ümumi olaraq daha çox qadınlar əziyyət çəkirlər. Çünki kişi başlayır başqaları ilə görüşməyə və s... Əgər kişi ailəni öz istəyilə qurmursa, bu zaman başlayır ailədən uzaqlaşmağa. Və başqa qadınlarla yaxınlıq edir. Bəzən qadınlar bu hala uşaqlarının xətrinə dözür. Amma elə qadınlar da, var ki, onlar bu vəziyyətə heç dözmür və onlar da xəyanət etməyə başlayırlar. Belə ailələrin boşanmağı məsləhətlidir, nəinki sağlam olmayan bir ailəni saxlamaq. Mən həmişə dostlarıma da deyirəm ki, əgər siz birlikdə yaşaya bilmirsinizsə ən yaxşısı sülh yolu ilə münasibəti bitirib dost qalmaq lazımdır. Hər şeydən əvvəl sizin uşaqlarınız var. Gürcüstanda isə qadın asanlıqla qərar qəbul edir və əşyalarını götürüb gedir. Valideynlər bu vəziyyətə çox da qarşımırlar. Amma Azərbaycanda cəmiyyət cütlüklərin münasibətinə daha çox diqqət göstərir, maraqlanır. 

- Qadınlar kişiləri əldə saxlamaq üçün nələr etməlidirlər? Qadınlara, cütlüklərə məsləhətləriniz…

 Qadınlar həmişə kişilər üçün dəyişməlidirlər – həm görünüşcə, həm də daxilən. Biz Allaha minnətdar olmalıyıq ki, bizi qadın olaraq yaradıb. Çünki qadınlar dünyanı idarə edə bilirlər. Biz qurum isə buna  görə də qadınlara kömək edirik ki, hər şeydən əvvəl o, özünü yaratsın. Çünki bu zaman o, özünə hörmət etməyə, özünü sevməyə başlayır. Və o, özünə layiq kişini cəlb etməyə başlayır.