Müharibədən podiuma – Bomber pencəklər

Son bir neçə mövsümdür ki, bizə “cəsarət, idman və rahatlıq” anlamını özündə birləşdirən trendləri bir arada təqdim edən dəb dünyası bu dəfə hər üçünü birlikdə qarşımıza çıxarıb: Bomber pencəkləri... Eyni zamanda da, yaz/yay kolleksiyalarında bomber pencəklərə yer ayıran dizaynerlərin sayına da baxanda anlamaq olur ki, bu pencəklərdən qaçış yoxdu. 

Bomber pencəkləri həm ipək, həm tül kimi incə və “couture” parçalar, həm də, neopren (dalğıc paltarlarının hazırlandığı material) kimi idman tərzini yansıdan detallarla hazırlanır. Bunların sayəsində bu klassik  parçanı həm gündüz, həm də ki, gecə “look”larında geyinmək mümkündür. Marni, Barbara Bui, Erdem və Jonatjan Saunders kimi dizaynerlərin kolleksiyalarında çiçək printli qadınsı, Emilio Pucci və Dries Van Noten-in kolleksiyalarında daha klassik, ciddi, Marc Jacobs, Stella MaCartney və Milly kimi dizaynerlərin kolleksiyalarında isə daha atletik tərzli bomber pencəklərə rast gəlmək olar. Siz də, zərif və incə bomber pencəklərinizi ətək, donlar və cinslərinizlə geyinib yazın sərin havalarında tərzli görünə bilərsiniz. Başda daha idman tərzini yansıtsa da, əslində, tərzinizi balanslaşdırmaq üçün ən uyğun parçalardandır və sizə də, tərzinizdə fərq yaratmaq üçün yaxşı seçimdir. Amma əvvəlcə gəlin birlikdə bomber pencəklərin dəb aləminə necə “düşdüyünü”  və hansı mağazadan neçəyə, necə bomber pencək almaq olar araşdıraq.

Podiumların “Bombardmançısı” Birinci Dünya Müharibəsindən qarderobumuza “düşdü”

Uçuş pencəyi kimi tanınan bomberlərin tarixi I Dünya Müharibəsinə gedib çıxır. Həmin illərdə pilotlar nisbətən nazik pencəklər geyinirdilər. Amma zamanla daha qalın geyimə ehtiyac oldu. Və onların qalın geyinməsi üçün bu pencəklərin uzun, qalın formaları da istehsal olundu. Daha sonra isə II Dünya Müharibəsində, bundan sonra da, Amerika Hava Qüvvələrində istifadə olunmağa başladı. Amma yavaş-yavaş forması dəyişərək, fərqli tərzlərdə geyinilməyə başlandı. 1950-ci illərdə Marlon Brando, James Dean kimi aktyorların geyinməsilə də, gənclər arasında dəb halına gəldi. Ryan Gosling isə 2011-ci ildə “Sürücü” adlı filmdə geyindi və bununla da bomber pencəklər əfasənəsi yenidən dəbə “mindi”. 

“Bomber”lərimizi necə geyinək?

Bomber pencəklərin yenidən trend olması ilə bu həftə sonu idman və ya şıq bir görüntünüzü bomber pencəyinizlə kombinləyə bilərsiniz. Bunun üçün bir çiçəkli bomber pencək götürək. Çiçək printli pencəyi ona görə götürürük ki, bu tərz bomber istənilən tərzlə uyğunluq yarada bilir. Qara cins şalvar və idman tərzli ayaqqabılarla idman tərzinizi vurğulaya bilərsiniz. Bir az daha fərqli “look” yaratmaq üçün isə bomber pencəyinizi ətəklərinizlə dəstləşdirmək olar. Piləli və plisəli ətəklər idman tərzli ayaqqabılarla həm idman, həm də, dəbli bir görüntü yaradır. Bir az daha iddialı və fərqli bir tərz üçün idman tərzə aid olan bomberi qadınsı əhvalda təqdim etmək üçün hündürdabanlı ayaqqabılarınızla tamamlaya bilərsiniz. 

Alış-veriş: Həm ofisdə, həm küçədə

1. Zara-dakı çiçək printli bomber pencək iki tərzi də özündə birləşdirir – 89 AZN

2. Pull and Bear-dəki sadə və birrəngli bomber ofis geyimi üçün daha uyğundur – 59 AZN

3. Stradivarius-un bomber pencəyində isə zəncirbənd detalları görünüşünüzə idman havası qatacaq və küçə tərzinizi tamamlayacaq – 59 AZN

4. Topshop-dan olan “sticker”li bomber pencəklər isə bu il daha çox dəbdi və küçə tərzinin ən maraqlı parçalarındandır – 59 EURO (onlayn mağaza)

5. Mango-dakı metal detallı bomber pencək isə həm ofis, həm də küçə tərzinizi rahatlıqla vurğulaya bilər – 99.90 AZN