Mövsüm trendi: Pəri nağıllarını xatırladan Şifon ətəklər

Yüngül şifon ətəklər rahatlığı baxımından trendən kənar da qarderobun universal parçasına çevrilə bilər. Yəqin ki, sizin də şkafınızda asılqanda bir dənə şıq şifon ətəyiniz var ya da ki, almaq niyyətindəsiniz. Bəs sizi pəri nağıllarında hiss etdirəcək şıq parçanı necə geyinmək lazımdır ki, trendlə ayaqlaşasınız? Yazının davamına göz atsanız şifon ətəkləriniz üçün yaxşı fikirlər əldə edəcəksiniz.

Aktual modellər

1. Bu yayın ən dəbli parçalarından biri həcmli tutu-ətəklərdir. Xüsusilə də şifonlardan olan ətəklər diqqət mərkəzindədir. Siz belə bir ətəklə canlı və romantik görünüşə sahib ola bilərsiniz.

2. Digər model isə yüngül uzun plisə ətəklərdir. Düzdür, şifon plisə ətəklərin trendin “qaynar” nəbzini tutduğu vaxt yarım il əvvəl olsa da, bu mövsüm uzun şifon plisə ətəklər daha çox trenddir.

3. Diqqəti cəlb edən daha bir model isə qısa şifon ətəklərdir. Bu formalı şifon ətəklərin astarı kifayət qədər sıx olmalıdır.

Uzun şifon ətəkləri necə dəstləşdirməli?

Belə şifon ətəklərlə siz rahatlıqla boho tərzini yarada bilərsiniz. Obrazınızı şlyapa, rahat top, dəri bel çantası və ya uzun tutacağı olan kiçik çanta, sandalla tamamlaya bilərsiniz. Uzun şifon ətək geyinmisinizsə saçlarınızı hörsəniz yaxşı olar. Unudulmaz gəzinti üçün ideal obrazınızı hazırdır.

Midi şifon ətəkləri necə dəstləşdirməli?

Bu ətək ofis obrazı üçün əla seçimdir. Midi şifon ətəyinizi ciddi top və pencəklə dəstləşdirib, obrazınızı klassik qayıq formalı ayaqqabı ilə tamamlayın.

Mini şifon ətək və “dost”u

Romantik obraz yaratmaq istəsəniz bu ətək köməyinizə çatar. Onu ağ rəngli top və platformalı sandal ilə dəstləşdirin. Yox əgər yayda istirahət günlərində rahatlıq axtarırsınızsa onu ağ rəngli idman ayaqqabısı ilə geyinin.