Məşhur "Zara" brendi haqqında bilinməyən, maraqlı faktlar

"Zara" brendi qadın, kişi və ya uşaq fərqi olmadan, hər kəsin sözsüz ən sevimli brendidir. Ən lyuks markalarla müqayisə olunacaq qədər güclü kolleksiyalarla qarşımıza çıxır hər zaman. Bəs onun haqqında bir neçə maraqlı faktı öyrənməyə nə deyirsiniz? Əminik ki, "Zara" sevərlər üçün çox maraqlı olacaq, hətta bundan sonra yəqin ki, daha çox sevəcəksiniz.

Həmən başlayaq:

Zara - dünyanın ən böyük mağaza qruplarından olan İNDİTEX şirkətinə məxsusdur, eyni zamanda bu qrupa Bershka, Oysho, Stradivarius, Pull and Bear, Massimo Dutti, Uterqüe kimi məşhur markalar daxildir.

Brendin sahibi və eyni zamanda yaradıcısı hal-hazırda 79 yaşında olan Amancia Ortega çox yoxsul bir ailədə doğulub. 39 yaşına qədər heç bir uğur sahibi olmayıb. Ancaq 1975-ci ildə, 39 yaşında həyat yoldaşı ilə İspaniyanın tətil zonalarından biri olan La Coruna`da ( brendin baş ofisi hələ də, burada yerləşir) öz şəxsi mağazalarını açmağı qərar veriblər. Çoxlarının bilmədiyi bir fakt da var ki, cütlük brendin ilk olaraq adını "Greek Zorba" filmini sevdikləri üçün "Zorba" olaraq düşünmüşdülər, ancaq brend olaraq tam rəsmiləşdirmək istəsələr də bu ad alınmır, çünki artıq istifadə idi. Bu səbəbdən brendi qısaca "Zara" adlandırıblar.

Kimin ağlına gələ bilərdi ki, dəmiryolu işçisi ilə qulluqçu övladı olan Amancia bir gün nəinki İspaniyanın, dünyanın ən varlı insanlarından biri olacaq. Çox mühafizəkar  olaraq bilinən Amancia bu yaşına qədər sadəcə 3 jurnalistə müsahibə verib, səbəb olaraq isə məşhur olmaq istəmədiyini bildirir. Həmçinin, işçilərinin dediyinə görə naharı belə birlikdə yeməkxanada yeyir. Çox sadə geyinir, göy köynək və boz şalvar onun klassiklərindəndir.

Brendin 88 ölkədə 2000-dən çox mağazası var. Geyimlərin 50%-i hələ də İspaniyada istehsal olunur, qalan 26% Avropanın digər ölkələrində, 24%-i isə Asiya ( Türkiyədə də zavod vardır) və Afrikada. Geyimlərin hazırlandığı sexin 500 min kvadrat kilometrlik ərazisi var, 3500 işçisi.  Maraqlıdır ki, deyilənə görə işçilər velosipedlə hərəkət edirlər sexdə. Sexin deposu 465 min kvadrat kilometrlik ərazidədir. Bu da, Amazon`dan (onlayn satış saytı) 9 dəfə böyükdür.

Brendin dizaynerləri ildə 12 min yeni model ərəsəyə gətirir. Brend yeni qurulanda dizaynerlər tam olaraq lyuks markaların eynisini yaradırdılar. Daha sonra brendin dizaynerləri dəb nümayişlərində iştirak edərək onlardan ilhamlanıb yeni modellər yaratmağa başladılar. Hətta indi də bəzən, çoxları "Zara"-nı lyuks markaların rəsmi kopiyası olaraq görür. Məhsulun dizaynı, hazırlanmasından satışına qədər hər şeyi ilə markanın özü məşğul olur.

Brend anlıq moda ( Fast fashion) formatı ilə işləyir, digər markalar 6 aya bir modeli hazırlayıb satışa başladığı halda, "Zara" sadəcə 2 həftəyə yeni modeli hazırlayıb satışa buraxa bilir. Belə ki, mağazada hər 2 həftədən bir yeni geyimlər yer alır ki, bu da alıcıların mağazanı daha tez-tez ziyarət etməsinə gəlib çıxardır. Bununla bərabər  mağazada hər model sadəcə 4 həftə qalır, pis satılan modeli isə həmən satışdan çıxarılır, yeni model dizayn edilib yerləşdirilir. 

2003-cü ildə brend ev əşyaları dizayn etməyə də başladı və "Zara Home" mağazalar şəbəkəsi açıldı. Belə ki, Zara sevərlərin artıq evləri də dəbli olmağa başladı. Təəssüf ki, hal-hazırda bu şəbəkə ölkəmizdə fəaliyyət göstərmir.

Bəs siz bilirdiniz ki, "Stradivarius" "Zara"-ın daha ucuz qiymət kateqoriyalı mağazasıdır? Bəli, bəli belədir. Onu da qeyd edək ki, "Stradivarius" ABŞ-da təqdim olunmur.

"Zara"-ın "Greenpeace" ilə imzaladığı sazişə görə 2020-ci ilə qədər istehsalda istifadə edilən bütün kimyəvi məhsullardan tamamilə imtina edəcəyini bildirib. Bu da yenə gözəl bir xəbərdir ki, həm dəbli, həm də sağlamlığımıza zərər verməyən geyimlər geyinə biləcəyik artıq.

Siz yolda gedərkən və ya televiziyada, radioda və s. hardasa "Zara"-ın reklamını görübsünüz? Cavabınız əlbəttə ki, xeyrdir.  Doğrudur! Çünki brend faktiki olaraq reklama pul xərcləmir, hətta buna ehtiyacı olmadığını da bildirir. Bunun yerinə liderlik edən brendlərin yanında yeni mağazalar açmağı daha üstün bilirlər.

Brend New York`un, bəlkədə dünyanın deyə bilərik ki, ən məşhur küçəsi olan Fifth Avenue`da mağaza açmaq üçün tam olaraq 324 milyon dollar ödəyib. Tam adres: 666 Fifth Avenue.  Nə deyirsiniz bəlkə də bir gün yolunuz düşər?!

Nəinki adi dəb sevərlər, məşhur dəb ikonaları hətta Kral ailəsi belə onun geyimlərini istifadə edir. "Zara" Kate Middleton`un ən sevdiyi brendlərdən biridir, üzərində sıxlıqla brendin geyimlərini görürük. Və doğrudan da, əgər kral ailəsinin nümayəndəsi belə sənin geyimini daşıyırsa, öz üzərində axı nə gərək var ki, reklama?!

Başlıqda da dediyim kimi, çox güman ki, bu yazıdan sonra daha çox sevməyə başladınız "Zara"-nı, eynilə bizim kimi :)

Güllü