Leyla Zülfüqarlı "Qida tərbiyəsilə bədən tərbiyəsi yerində olarsa, o insanın həyat tərzi düzgündür"

Yaz-Yay mövsümlərində çəki atmaq, düzgün qidalanmaq, ideal bədənə sahib olmaq bütün qadınların istəyidir. Bəzilərimiz ev şəraitində özümüzün tətbiq etdiyi rutinlə, bəzilərimiz isə mütəxəssisdən kömək alırıq. Biz də, bütün bunları nəzərə alıb Ekspert, Uzman dietoloq Leyla Zülfüqarlı ilə yaz-yay mövsümlərində sağlam qidalanmaq, düzgün çəki atmaq mövzusunda müsahibə hazırladıq. Əksəriyyətimizi maraqlandıran suallara cavab tapdıq. Və Leyla xanım bütün xanımlarımızın çəki atmasına kömək edəcək detoks təsirli resept təqdim etməyi də unutmadı.

- Qadınların gündəlik qidalanma rutini necə olmalıdır?

Ümumiyyətlə, tək qadınların deyil, bütün insanlar günə başladıqları vaxt bir günlük qidalanma proqramlarını qurmalıdırlar. Yəni, bu nədir? Günün rutini nə ilə başlamalıdır? Səhər qəhvəaltısı ilə. Mütləq doğru şəkildə səhər yeməyi yeyilməlidir. Təbii ki, bu qadınlara daha çox aiddir. Bir qadını əks cinsin nümayəndəsilə müqayisə etsək, o, daha çox kalori xərcləyir. Fərqi yoxdur qadın evdar xanım ya da iş qadınıdır. Xanım evdə də iş görərkən, gərgin olduqda da enerji itirir. Buna görə də, kalori xərclənirsə kalori üçün bir baza olmalıdır.

- Səhər yeməyi mütləqdirmi və nə yeyilməlidir?

Səhər yeməyi ona görə vacibdir ki, “Sağlam rasional qidalanma” elminin ən birinci punktlarında enerji xərcləmə funksiyası var ki, biz enerji xərcləyiriksə enerjini almalıyıq. Məhz buna görə də, mütləq səhər yeməyi qəbul olunmalıdır. İkinci, məhz enerji funksiyasını təmin etməyi düşünürüksə, deməli, enerji keçirdəcək qidalar qəbul etməliyik. Burada karbohidratlar ön sıradadır. Çünki karbohidratlar daha çox enerji verir. Əslində, burada da ikili fikirlər mövcuddur – çoxları zülal qidalanmasına üstünlük verir. Hətta səhər qidalanmasına zülal yeyərəmsə  gün ərzində daha az acaram fikirləri mövcuddur. Amma bunlar “Sağlam rasional qidalanma” elminə görə yanlışdır. Çünki rasional qidalanmada əslində gündəlik balanslaşdırılmış qidalanma olmalıdır və bu qidalanmanın içərisində karbohidratlar çox böyük yerə sahibdir.

- Yaz/Yay qabağı qadınların demək olar ki, artıq çəki kimi bir problemləri olur. Ümumi olaraq bu artıq çəkilərdən xilas olub mövsümə fit girmək üçün nələri etmək lazımdır?

Konfuqrativ arıqlama metodundan istifadə olunmalıdır. Yəni, korrektə olunma. İnsan vücudundan narazıdır amma çəki indeksi qaydasındandır. Çünki konfuqrasiya yerində deyil. Bəs xanımı xanım edən nədir? Təbii ki, onun gözəl bədən quruluşu. Doğulduğumuz gündən bizim bir bədən tipajımız olur amma bəzən getdikcə biz bu quruluşu itiririk. Bunu itirməmək və həmişə formada qalmaqdan ötrü birinci növbədə sağlam rasional qidalanmalıyıq. Dediyim kimi, birinci düzgün şəkildə səhər qəhvəaltısı etməliyik. Düzgün səhər qəhvəaltısında bizim ölkəmiz üçün xarakterik olan şirin çaylardan imtina etməliyik. Əgər bunlardan imtina ediriksə bu boşluğu doldurmaq üçün üstünlüyü yarmalara verməliyik. Sərt qidalardan (fast food) uzaq durmalıyıq. Bu düşüncəyə də təsir edir. Buna görə də, doğru səhər yeməyi düşüncəmizə də yaxşı təsir edir.

- Yaz-yay mövsümlərində qidalanmada nələrə üstünlük verməliyik?

Bu mövsümlərin qidalanması xüsusi olmalıdır. Çünki hər mövsümün özünəməxsus bəslənməsi var. Məhz yaz mövsümündə biz qışdan bəri topladığımız toksinlərdən azad olmalıyıq. Ona görə də, əsas prioritet budur. Çünki qış vaxtı xəmir, ətli, isti qazan yeməkləri çox yeyirik. Yaz mövsümündə isə bunların təsirilə yaranan toksinləri atmalıyıq. Bu nədir? Təkcə detoks təsirli içəcəklər, mayelər, çiy tərəvəzli salatlar, meyvə salatları, meyvə dilimli və meyvə suları, göyərtilərdən hazırlanmış salatlar olmalıdır. Bunlar hamısı detoks təsiri verir. Ağartılar bol-bol qəbul edilməlidir. Bu mövsümdə xüsusi olaraq süd məhsullarından hazırlanmış qidalar, kokteylərin qəbul edilməsinə diqqət etmək lazımdır. Belə qidalar, həm də, yaz sindromunun aradan qaldırılmasında kömək edəcək. Çünki serotonin adlan xoşbəxtlik sindromunun orqanizmə ötürülməsi məhz süd məhsullarından aslıdır. Yazın gəlişi oyanışdır, bu oyanışa da bizim tərəfdən də, bir addım atılmalıdır. Bu da, təbii ki, dediyim şəkildə düzgün qidalanmamızdır.

- Pəhrizlə birgə idman etmək sizcə vacibdir? İdman pəhrizə necə təsir edir?

Əslində, hər ikisi insanın həyat tərzinin içərisində olan ən vacib resurslardır. Amma qidalanma səhv olarsa idmanın orada rolu yoxdur. Buna görə də, bir-birinə olan kəmiyyət nisbətində 70% sağlam qidalanmamız durur, 30% idman hərəkətlərinin verdiyi rol var. Birinci, insanların çoxu idmanı yalnız kalori yandırmaq üçün düşünürlər. Kalori yandırmağa yönəlik idman zamanı səhv qida qəbul etdikdə idman bu problemi aradan qaldırmır. İdman deyil də, bədənimizi tərbiyələndirməliyik. Qida tərbiyəsilə bədən tərbiyəsi yerində olarsa, o insanın həyat tərzi düzgündür. Həyat tərzi də, elə düzgün pəhrizdir. Yəni sağlam qidalanır, sağlam fiziki aktivliyi var. Mütləq deyil idman, əsas odur, sağlam şəkildə fiziki aktiv olasan. Yoxsa mən bunu, onu yeyim gedib idmanda arıqlayacam düşünürüksə, bu səhvdir. Buna görə də, bu iki resurs bir-birindən ayrılmazdır.

- Bəs səhər yoxsa axşam idmanı?

Aktiv idman və bədən tərbiyəsi var. Bunların funksiyası müxtəlifdir. Biri var kalori yandırmaq üçün edilən idman, bir də, var əzələni çalışdırmaqdan ötəri olan idman. İkisinə görə ayıracağımız rol fərqlidir. Əzələni çalışdırmaq istəyirsinizsə bunun üçün səhər ediləcək idmanın belə ziyanı yoxdur. Yox, kalori yandırmaq baxımından səhər edilən idmanın təsiri olmur. Çünki axı hansı kalorini almışıq ki, onu da yandıraq?! Buna görə də, kalori yandırmaq üçün gün sonu ediləcək idman hərəkətlərinin yaxşı təsiri var. Amma mən yenə də, həmişə dediyim kimi, bu fikrimdə iddialıyam ki, gəlin idmana verdiyimiz dəyəri bədən tərbiyəsinə  verək. Yəni, hər bir insan vaxtını velosiped sürməyə, havada gəzməyə, qaçmağa ayırsın, fiziki işlə məşğul olsun. Yoxsa, qaçış maşınında çıxıb 30 dəqiqə məşq etmək, insan tənbəldirsə, aktiv deyilsə heç bir nəticə verməz.

- Xanımlar var ki, axşam 6-dan sonra heç qidalanmırlar, idman edirlər amma deyirlər ki, çəki ata bilmirik. Sizcə bu nə ilə əlaqəlidir ?

Əslində, axşam 6-dan sonra yemək olar. 6-dan sonra heç nə yemirəm deyən insan gecə saat 2-3-də yatırsa bu nə dərəcədə düzgündür? Yəni, son yeməyimiz yatmamışdan 3-4 saat məsafədə olmalıdır. Demək ki, axşam 6-da yeyirəm deyən insan mütləqdir ki, axşam saat 10-11-də yatsın. Əslində bu daha yaxşı haldır. Amma sosial şəbəkələrin aktivliyi insanların gec yatmasına səbəb olur. Bu hal da, yuxu hormonuna təsir edir və bu da, öz növbəsində qidalanmamıza təsirsiz ötüşmür. Bütün bu nüansların adekvat olması üçün yeməyimizi yatmamışdan 3-4 saat əvvəldən yemək lazımdır. Qidalanmaya gəldikdə isə nə istəsək yeyə bilmərik. Axşam vaxtı az yeyilən qidalar var ki, onlara üstünlük verməməliyik. Bunlar ağ çörək, şirniyyatlar, meyvə və çaydır (xüsusilə qara çay). Bu qidaların axşam yeyilməsi xeyrindən çox zərərlidir. Əvəzində müəyyən miqdarda quru meyvələr, süd məhsulları, az miqdarda çərəzlər, bir porsiya dəyərində isti yeməklərə üstünlük verə bilərik.

- Elə insanlar var ki, ətdən imtina ediblər. O insanlara məsləhətiniz nə olardı?

Ətin tərkibində olan amin turşularını alma əvəz etmir. Ət yeməyən insan tərəvəzlərə və çərəzlərə üstünlük verməlidir. Misal üçün, ət yemirsə göbələk və ya paxlakimilərlə, dənli bitkilərlə qidalana bilər. Meyvədə isə bu qidaların tərkibində olan amin turşuları olmur ki, əti əvəz etsin. Ətin tərkibindəki amin turşularını mütləq başqa qidalardan tapıb bədənə konpensiyasiya edin. Vegeterianların getdikcə çoxalan şkalası var. Düzdür, tam olaraq sağlam qidalanama baxımından vegeterianları qəbul etmirəm. Amma balıq əti yeyib digər heyvani ətləri yeməyən vegeterianları daha çox qəbul edirəm. Çünki balıq tərkib olaraq orqanizm üçün lazım olan bütün maddələri bədənə ötürür. Bu qrup vegeterianlar daha çox sağlamlıqlarına diqqət edirlər. Vegeterianlar çox ziyalı insanlar olurlar. Vegeterianlıq əslində tam sağlam qidalanma demək deyil. Sadəcə az kalorili qidalar var burada.

- Çəki atmaq istəyən xanımlarımıza hansı resepti məsləhət görərdiniz?

Səhv qidalardan qaçsınlar, düzgün qidalansınlar. Çəki atmaq istəyən xanımlarımıza ümumi olaraq ən yaxşı resept deyəcəm. Qışdan yaza keçdiyimiz dövrdə bu resept çox aktualdır. Orqanizmimizdə olan yükdən qurtulmaq üçün bir detoks proqarmı edə bilərik. Bunun üçün ağ kələmin ½ hissəsi, çuğundurun ¼ hissəsi, ½ çay qaşığı zəncəfil, ½ acı bibərin yarısı, ½ hissə kök, 4-5 ədəd alça qurusu, zövqə görə çox az duz, ½ dəstə keşniş, ½ dəstə cəfəri, 7 yarpaq reyhan, 5-6 saplaq şüyüd, 1 xörək qaşığı kətan toxumu və 2 litr su götürürük. Bu ərzaqlar hamısı qaynadılır. Gün ərzində bu şorbanı iki saatdan bir 1 stəkan həcmində içmək lazımdır. Bişdikdən sonra 1 çay qaşığı zeytun yağı da əlavə edə bilərlər.

Ekspert Uzman dietoloq Leyla Zülfüqarlı