Həftə sonu dietik qidalanın - “Ağ balıq və sufle”

Sağlam qidalanma haqqında ötən yazılarımın birində Fit Bite haqqında geniş məlumat vermişdim. Və qərara aldım ki, mərkəzin sağlam qidalanma menyusundan istifadə edim. Eyni zamanda da sizinlə də bəzi reseptləri bölüşməyi düşündüm. Elə həftə sonu üçün evdə rahatlıqla hazırlaya biləcəyiniz, dadı damağınızda qalacaq Fit Bite dietik kulinariya mərkəzinin 5 ulduzlu pəhriz menyusundan sizin üçün “Ağ balıq və sufle” reseptini seçdim. Qeyd edim ki, bu yeməyin enerji dəyəri 193 kaloridir.

İçindəkilər

Ağ balıq filesi – 100 qr.

Yaşıl qabaq (zukani) – 1/3 hissə

Yumurta ağı – 1 ədəd

Kəsmik – 1 x.q.

Süd – 2 x.q.

Ağ gül kələmi – 30 qr.

Ananas – 1 dilim

Tahin (küncüt yağı) – 1 x.q.

Alma sirkəsi – 1 x.q.

Ədviyyatlar

Paparika

Xardal

Çili

Duz (dəniz və ya çəhrayı himalay duzu)

Zövqə görə  göyərti

İtaliyan otları qarışımı

Zövqə görə parmesan pendiri

Dekorativ bəzək üçün

Nar şərab və ya zeytun ilə limon suyunun qarışımı

Hazırlanması

Əvvəlcə 60 qram balığı xüsusi sousda marina edirik. Bunun üçün ananas, paprika, tahin, sirkə, xardal və çilini blenderdə əzib məhlul halına gətiririk. Ağ balığı bu sousda 30-40 dəqiqə marina edirik.  Sonra marina edilmiş balığı 16-20 dəqiqə buxarda bişməyə qoyuruq. O bişərkən qabağın qabığını təmizləyib, kub şəklində doğrayıb, gül kələmlə 7 dəqiqə buxara veririk. Yumurtanın ağını bir çimdik duzla mikserdən yaxşıca keçirdirik. 40 qram çiy balıq və buxara verilmiş tərəvəzləri, südü,xamanı, italiyan otları qarışımını blenderdən keçirib, üzərinə də yumurtanı əlavə edirik. Hər tərəfə bərabər miqdarda yayılmaq şərtilə qarışdırırıq. Qarışımı formaya töküb, əvvəlcədən isidilimiş sobada  170-180 dərəcədə 20-25 dəqiqə bişiririk. O bişənə yaxın boşqabı nar şərab və zeytun yağlı qarışım ilə bəzəyirik. 

Ağ balıq və sufleni boşqaba yerləşdiririk. Sufleni zövqə görə təzə göyərtilə bəzəyib, üzərinə pendir ovuntusu və limon əlavə edirik. Xırda dekorativ detallarla yeməyinizi bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Nurana Novruz