Çimərlik geyiminizi və bikininizi bizimlə seçin – 2016 çimərlik dəbi

Artıq yayın gəlməsinə son bir neçə həftə qalıb. Yay deyəndə ilk olaraq ağlımıza sözsüz ki, çimərlik, qum, günəş gəlir. Çimərlik geyimini də, unutmayaq! Biz qadınlar həmişə və hər şeydə olduğu kimi, çimərlik geyimi seçən zaman da təlaşa düşürük. Hansı modellər və rənglər dəbdədir? Bədən quruluşumuza uyğun hansı modeli seçməliyik? Dərimizə uyğun gələn rənglər hansılardır? Məhz bu suallarla yorulmayasınız deyə sizin üçün 2016-cı ilin dəbdə olan çimərlik geyimi modellərini araşdırdıq. Onu da qeyd edək ki, bu il firuzəyi, narıncı və qara rənglərin daha çox istifadə olunduğu çimərlik geyimi, bikinilərdə naxışlar, printlər daha ön plandadır.

Bütöv çimərlik geyimləri

Hər il olduğu kimi, bu mövsüm də bütöv çimərlik geyimləri “ən”lər arasındadır. Etnik və bəbir dərisi printlər, dərin sinə dekoltesi, boyundan bağlanan iplər bu çimərlik geyimlərində əsas detallardır. Klassik tərz sevənlər üçünsə xüsusilə qara rəngdə olan çimərlik geyimlərini məsləhət görürük.

Cut-out (pəncərəli) detallı çimərlik geyimləri və bikinilər

Podiumlarda gördüyümüz və 2016-cı ilin çimərlik geyimlərində tez-tez rast gələcəyimiz asimmetrik kəsimlər, “cut-out” detallar çox iddialıdır. Bu modellərə çimərlik geyimi deyil, bikini desək, daha doğru olar. Çünki demək olar ki, bikinilər qədər cazibədar, diqqət çəkən “cut-out” modelləri geyinmək üçün gözəl, fit və qüsursuz bədənə sahib olmaq lazımdır.

İp detallı (Lace-up) çimərlik geyimləri və bikinilər

İplər çimərlik geyimi və bikinilərdə əsas detallardan biridir. Bu il də, olduqca dəbdir. Əsasən, dərin sinə dekoltesi olan bütöv çimərlik geyimlərində ip (lace-up) detallar diqqət çəkir. Cazibədar görünüşə sahib olmaq istəyirsinizsə, bu modeli seçə bilərsiniz.

Yüksək belli bikini modelləri

Nostalji abu-hava yaradan yüksəkbellər artıq keçən ildən etibarən bikinilərdə özünü göstərməyə başlayıb. Bu mövsümdə də köhnəlikdən uzaqlaşaraq daha müasir cizgilərin əks olunduğu yüksəkbel bikinilər dəbdə olacaq. İddialı olmağı sevmirsinizsə, eyni zamanda qüsurlarınızı görünməz etmək istəyirsinizsə, yüksəkbel bikinilər köməyinizə çatacaq.

Printli çimərlik geyimləri

2016-cı ildə printlər demək olar ki, bütün çimərlik geyimləri və bikinilərdə var. Təbii ki, printsiz rəngarəng çimərlik geyimini təsəvvür etmək olmaz.

İncə, dərin V yaxalı çimərlik geyimləri

2016-cı ilin dəbdə olan digər bir modeli isə incə asılqanlı, dərin V yaxalı çimərlik geyimləridir. Bütöv çimərlik geyimi modellərində daha çox istifadə olunan V yaxa kəsimlər göbək qisminə qədər enir. Bu kəsim olduqca şıq və cazibədar görüntü yaradır.

Boyunlu Crop-Top bikinilər

Şıq və idman tərzi yaratmaq, eyni zamanda diqqəti çiyinlərinizə çəkmək istəyirsinizsə, boyunlu crop-Top bikinilər məhz sizin üçündür.

Retro cizgilər

Retro cizgilər geyim və aksesuarlardan sonra indi də çimərlik geyimlərində, bikinilərdə diqqət çəkir. Nostalji modellər, kəpənək qalstuqlar, saçaqlar, retro naxışlar və diqqət çəkən al-əlvan rənglərlə bu mövsüm çimərliklərdə retro abu-hava yaradın. Böyük həsir şlyapanızı və retro gün eynəyinizi də unutmayın.

Saçaqlı çimərlik geyimləri və bikinilər

Saçaqlı çimərlik geyimləri və bikinilər bu mövsüm çox dəbdədir. Xüsusilə, bikinilərdə saçaqlı olan modelləri seçəndə saçaqların az olmasına diqqət edin. Hətta saçaqlar ancaq üst hissədə olsa daha yaxşı olar. Alt hissəni isə fərqli rəngdə seçərək daha əyləncəli dəst yaratmış olacaqsınız.

İdman üslubunda çimərlik geyimləri

Bu mövsümün digər bir dəbi isə şıq idman üslubunda olan çimərlik geyimləridir. İdman üslubunda olan çimərlik geyimlərində özünüzü olduqca rahat hiss edəcəksiniz.

Çiyni düşük valanlı çimərlik geyimləri və bikinilər

Çiyni düşük valanlı çimərlik geyimlər və bikinilər isə bu mövsümün digər dəbidir. 2016-cı il Victoria Secret-in çimərlik geyimi modellərində bu detalları görə bilərsiniz. Çiyni düşük valanlı çimərlik geyimləri romantik abu-hava yaratmaqla bərabər, sinənizin cazibədar görünməsinə də səbəb olur.

Sonda isə çimərlik geyimi və bikini seçəndə hansı detallara fikir verməlisiniz, bununla bağlı bəzi ipuclarını sizinlə paylaşırıq:

Böyük sinəyə sahib xanımlar, əgər çimərlik geyiminiz iki hissədən ibarətdirsə, üst qismi tək rəng seçin. Ona da, diqqət edin ki, üst hissənin ipləri qalın olsun. Alt hissəni isə bəzəkli seçərək diqqəti üst qisimdən uzaqlaşdıra bilərsiniz.

Kiçik sinəyə sahib xanımlar isə tam əksinə rəngli, valanlı, saçaqlı üstlər seçməlidirlər.

Əgər budlarınız qalındırsa, çimərlik geyiminizin alt hissəsi tək rəng və qalın ipli olmalıdır. Ətəkli modelləri seçə bilərsiniz.

Qarın nayihəsində kompleksiniz varsa, tək və tünd rəngdə olan bütöv çimərlik geyimlərini seçin.

Əgər naxışlı çimərlik geyimi geyinmək istəyirsinizsə, naxışlar mütləq kiçik olmalıdır.

Aydan