“Bakı Dəb Həftəsi” Payız/Qış 2016-2017 – 1-ci gün

Artıq bildiyimiz kimi, 13 may tarixindən Bakı Beynəlxalq Dəniz Vağzalında “Bakı Dəb Həftəsi” Payız/Qış 2016-2017 start götürdü. İlk gün podiumda italiyalı dizayner Andrea Lazzari, Azərbaycan moda evi Uventa və ukraynalı dizayner Anna Zhabniakın moda evi bir-birindən fərqli dəb nümayişinin həzzini yerli və xarici qonaqlara bəxş etdi.

Bu dəfə həmişəkindən fərqli olaraq, Bakı Dəb Həftəsi kişi kolleksiyasının təqdimatı ilə başladı. İtaliyalı dizayner Andrea Lazzari özünün  "Plus Que Ma Vie" adlı geniş yönlü, güclü ifadəli şəxsiyyətilə  seçilən pret-a-porte kişi geyimlərindən ibarət kolleksiyası ilə izləyiciləri təəccübləndirdi. Kolleksiya əsas rəngi qara ilə birlikdə eleqantlığı, minimalizmi, konseptual dizayn və təmiz xətləri birləşdirən yeni kollektiv obrazı, unikal tərzi yansıdır. Dizaynerin kolleksiyasını izləyərkən görmək olur ki, o, streotiplərdən uzaqlaşaraq kişi geyimlərinə, xüsusilə də, kostyumlara yeni nəfəs qatıb.

Dəb nümayişi Azərbaycan moda evi Uventa-nın öz payız-qış kolleksiyasını təqdim etməsilə davam etdi. Dizaynerin işlərində romantik və eleqant nüanslar bir-birini əvəz edir. Demək olar ki, kolleksiyada qara rəng hakim idi. Moda evi bu kolleksiyasında dəri, zamşa parçalar, saçaq, parlaq daşlar,  çiçək detallar, krujeva və fərqli kəsimlərlə izləyicilərə eleqantlığı, romantikanı, şıqlığı bəxş edə bildi.

İlk günün sonuncu nümayişini isə Ukraynadan olan Anna Zhabniak-ın moda evi təqdim etdi. Kolleksiyanın hakim rəngi pastel çalarlar idi. Son dövrlər dəb dünyasında ötən illərə dönüş yaşandığından Anna Zhabniakın da kolleksiyası podiumda izləyicilərinə 70-ci illərin dəbini xatırlatdı. Əsasən, kokteyl, gündəlik üçün olan donlar, ofis dəbinə uyğun olan köynəklər, çiçək printli köynəklərlə dəstləşdirilmiş enli midi ətəklər, korsetli şalvar kombinezon, klassik kəsimli rəngli şalvar kolleksiyada üstünlük təşkil edirdi. Kolleksiya hər nə qədər də, 70-ci illərin dəbini orijinallığı ilə izləyicilərə çatdırsa da, geyimlərin seçimindəki parça materialları da diqqətdən kənarda qalmırdı. Belə ki, bədəndəki qüsurları önə çıxardan materiallar daha çox gözə çarpırdı.

Foto: Nurana Novruz