“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 – 3-cü gün

“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 dəbli nümayişlərilə 25 may tarixində 3-cü gününü başa vurdu. Podiumda yerli və xarici dizaynerlər öz payız-qış kolleksiyalarını paytaxtın dəbsevər izləyicilərinə təqdim etdilər. Dəb həftəsinin üçüncü günündə podiumda Qazaxıstan dizaynerləri Khafiz Khan, brend Eliz, Shabunin, Ukrayna dizayneri Anjelina Bezroda və yerli dizayner Fidan Osman debüt kolleksiyası ilə qonaq oldular.

Üçüncü günün podium açılışını məşhur qazaxıstanlı dizayner Khafiz Khan “Chaude” kolleksiyası ilə etdi. Məşhur azərbaycanlı modelyer-dizayner Gülnarə Xəlilova qazax dizaynerin əsas modeli olaraq podiuma çıxdı. Kolleksiyanın mənası xoşbəxtlik deməkdir. Dizayner bu kolleksiyası ilə müasir qazax vətəndaşının həyat mübarizəsini podiuma daşıyıb. Qaranın hakim olduğu, əsasən, ziyafət və kokteyl geyimlərindən ibarət kolleksiya “couture” xəttinə aiddir. Kolleksiya əsasən məxmər, krujeva, uçuşan parçalardan ibarətdir. Modellər kolleksiyanı qırmızı uzun sırğalarla birlikdə təqdim etdilər. Geyimlərdəki qızılı, daş-qaşlı işləmələr də göz oxşayırdı. Dizayner ziyafət geyimlərindən ibarət olan kolleksiyası ilə bir qadının necə cəlbedici olduğunu da vurğulayıb.

Qazax dizaynerdən sonra podiumun ikinci qonağı ukraynalı dizayner Anjela Bezroda oldu. Dizaynerin kolleksiyası rəngli kürklər, xəzlər və dəri parçalardan ibarət idi. Podiuma modellər mini-çantalar və fərqli aksesuarlarla çıxdılar. Qeyd edək ki, Anjela Bezdora bu kolleksiyasından olan parça ilə 2014-cü ildə Beynəlxalq Xəz Federasiyasının dəstəyilə Rusiya Xəz Birliyinin təşkil etdiyi Gala şouda xəz dizaynerləri arasında müsabiqədə 3-cü yerə layiq görülüb.

Dəb həftəsinin üçüncü günündə podiumda daha bir dəbli dəqiqələri dəbsevərlərə qazax brendi Eliz yaşatdı. Kolleksiya zərif fransiz krujevasından,  keyfiyyətli bizon və tülkü xəzindən hazırlanıb. Təzadlı və ahəngdar rəng dəsti yaratmaq üçün pastel rəngləri ilə birlikdə tünd rənglər işlənilib. Kolleksiya izləyicilərə hissiyyatlı və romantik notlar altında təqdim edildi.

Podiumun debüt kolleksiyasını isə azərbaycanlı dizayner Fidan Osman təqdim etdi. Modellər podiuma Dj Reef-in mikslərinin sədaları altında çıxdılar. Kolleksiya saflığı tərənnüm etdirən ağ rəngdən ibarət idi. Yerli dizaynerin kolleksiyanı podiumda məşhur gözəllər, aktrisalar və bloqerlər təqdim etdilər. Belə ki, krujevadan, tüllərdən, fərqli kəsimli geyimlərdən ibarət kolleksiyanı izləyicilərə aktrisa Pərvin Abiyeva, “Miss Azərbaycan 2012” Aysel Manafova, “Miss Azərbaycan 2014” Cavidan Qurbanova, dəb bloqeri Günel İsmayıllı (Iblondee), “Vitse Miss Ukrayna 2015”-in ikinci dəfə qalibi Fəridə İbrahimova, FMS Model Agentliyinin modelləri Umleyla Baxtiozina və Marina Dar təqdim etdilər.

Dəb həftəsinin üçüncü günündə podiumda bağlanışı qazaxıstanlı dizayner Sergey Shabunin SS kolleksiyası ilə etdi. Geyimlərdəki maraqlı rəng, print və faktura modellərin parlaq mavi göz makiyajı ilə balans təşkil edərək keçən əsrin 80-ci illərində keçmiş Sovetlər Birliyində aktual olan görüntünü yaradırdı. Dizayner kolleksiyada işlətdiyi təbii kürk, zərif krujeva və cəlbedici aksesurlarla izləyiciləri heyran etdi. Bu kolleksiya sizə parlaqlıq və şıqlıqla yanaşı, istilik də bəxş edəcək. Shabunin təkcə kolleksiyası ilə deyil, həm də, podiumdakı şousuna qatdığı fərqli toxunuşla da dəbsevərlərin diqqətini cəlb edə bildi. Belə ki, modellər podiumda Robert Rozhdestvensky-nin “Qadının monoloqu” adlı və Alisa Freyndliksin səsləndirdiyi şeirlə geyimləri nümayiş etdilər. Kolleksiya nə qədər parlaq olsa da, şeirin təsirindən modellər bir o qədər hüznlü idilər.