“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 – 2-ci gün

“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 may ayının 23-ündən Boulevard Hotel-də bir-birindən fərqli yerli və xarici dizaynerlərin kolleksiyalarının təqdimatı ilə davam edir. Dəb həftəsinin ikinci günündə beş dizayner podiumda öz “məharət”ini göstərdi. Yerli brend EMILIE, gürcü dizayneri Kristina Jgenti, ukraynalı dizayner Snezhana Gorobets, Laine Volkova, Ukrayna brendi Alla Couture nümayişçilərə dəbli gecə yaşatdılar.

İkinci gün podiumda açılışı uşaq geyimlərindən ibarət EMİLİE brendi etdi. Podiumun balaca sakinləri izləyicilərə əyləncəli dəb nümayişi bəxş etdilər. Dizayner Emina Amin uşaq geyimlərindən ibarət payız-qış kolleksiyasında balacalara özlərini əsl şəhzadə kimi hiss etmələrinə imkan yaradır. Bir-birindən fərqli dizayn edilmiş donlar da elə bu fikrə nümunədir. Çiçək printlər, krujevalar, tüllər, tafta və tül parçalar, lentlər, qaşlardan hazırlanmış kolleksiya əsasən ziyafət geyimlərindən ibarətdir. Kolleksiyanın rəng seçimi isə geniş çeşidlidir. Qeyd edək ki, dizayner bu kolleksiyanı hazırlayarkən azyaşlı qızının eskiz ideyalarından ilhamlanıb.

İzləyicilərə ikinci dəbli dəqiqələri gürcü dizayner Kristina Jgenti yaşatdı. Tünd rənglərin hakim olduğu kolleksiya dəri, kürk detallarla göz qamaşdırırdı. Kürklü paltolar, balon gödəkçələr, plaşlar fərqli kəsimli ətəklər, donlar, şalvarlarla balans təşkil edirdi.

Dəb nümayişinin üçüncü göstərsini isə ukraynalı dizayner Snezhana Gorobets SG brendi ilə etdi. Pastel çalarların üstünlük təşkil etdiyi kolleksiya assimmetrik kəsimli ətəklərdən, donlardan, enli şalvarlardan, krujevalı, qaşlı, kəmər detallardan, özündən çiçək printli və atlas parçadan ibarətdir. Kolleksiyada siz fərqli ofis kombini yaratmaq üçün paltarlar, ziyafətdə özünüzü rahat hiss etdirəcək geyimlər və gündəlik parçaları də tapa bilərsiniz.

Dəb həftəsinin ikinci günündə podiumda digər nümayişi La Li brendilə Laine Volkova etdi. Kolleksiya ziyafət və bir ədəd gəlinlik geyimindən ibarət idi. Ətək və donlardan ibarət kolleksiyada fərqli kəsimli yaxalar, qaşlar, düymə və kəmər detallar, dekolte diqqət çəkirdi. Amma kolleksiya hər kəsin zövqünü oxşaya bilməz. Geyimlərin parça materialındakı bəzi kiçik nüanslar bədən quruluşunun problemlərini önə çıxarda bilər.