"Mənim işimin əsas məqsədi daxili harmoniyaya toxunmadan müştərinin həyatına dəyişiklik gətirməkdir."

Foxy: Özünüz haqqında izləyicilərimizə, oxucularımıza məlumat verərdiniz.

Fidan: Böyük məmmuniyyətlə. Mən Fidan Şıxzamanova – evliyəm, iki övladım var. Rəqs, səyahət, suprizlər etməyi və insanlara isti, müsbət emosiyalar bəxş etməyi sevirəm. Daxili rahatlığımı bu saydıqlarımda tapıram.

Foxy: Şəxsi alış-veriş məsləhətçisi işinə nə zamandan başlamısınız?

Fidan: Lap çoxdan yaxınlarıma və əzizlərimə bu işdə kömək edirdim. Lakin kiçik biznes fəaliyyətimə bu ilin yayından başlamışam.

Foxy: İşə başlayarkən ilhamlandığınız adamlar olubmu?

Fidan: Ailəsi, övladı olan xanımların öz biznesləri ilə də məşğul olmasına həmişə həsədlə yanaşmışam. Onlar mənim üçün ilham mənbəyi olub. Çox şükürlər olsun ki, ətrafımda elə xanımlar var ki, mən onlardan nümunə götürə bilirəm.

Foxy: Bizə maraqlıdır... Digər xanımların imicini dəyişərkən nəyə əsaslanaraq seçirsiniz? Xanımın psixologiyası ya?

Fidan: İşə başlamamışdan öncə mütləq mən müştəri ilə görüşürəm. Onun xarakteri, özü haqqında məlumat əldə edirəm. Sonra öz işimə davam edirəm. Moda moda olaraq qalır, mənim işimin əsas məqsədi adamın daxili harmoniyasına toxunmadan müştərinin həyatına dəyişiklik gətirməkdir.

Foxy: Qarderobunuzda daha çox hansı brendlərə üstünlük verirsiniz?

Fidan: Mən seçim edərkən ən axırıncı məqamda brendə diqqət yetirirəm. Mağazaya daxil oluram, beynimdə həmin dəqiqə obraz yaradıram, brenddən asılı olmadan... Mənim qarderobumda həm lüks brendlərdən, həm də ucuz brendlərdən geyimlər var. Xoşuma nə gəlirsə elə onu da alıram.

Foxy: Tərz olmaq üçün brend, bahalı geyinmək vacibdirmi?

Fidan: Əlbəttə ki trenddən, dəbdən xəbərdar olmaq vacibdir. Ancaq geyim seçərkən onun içində özünü rahat hiss etməlisən. Bu zaman sən özünü dəbli, həm də eleqant hiss edəcəksən.

Foxy: Aksessuarla aranız necədir? Ən sevdiyiniz və qarderobunuzda öz yerini möhkəmlətmiş aksessuarınız hansıdır?

Fidan: Bu mənim ən zəif yerimdir. Aksessuarları sadə top və ya paltarla kombin edib daha eleqant və cazibədar görünmək mümkündür. Mənə görə bütün aksessuarların öz yeri var. Mən sırğa, boyunbağı, broşları çox sevirəm.

Foxy: Geyiminizi nəyə uyğun seçirsiniz? Ayaqqabı, çanta və ya nəyə başqa detal?

Fidan: Mən ayaqqabı, çanta dəlisiyəm. Lakin çalışıram ki, geyimimi seçim, daha sonra çanta və ayaqqabı ilə onu tamamlayım.

Foxy: Bu Payız-Qış mövsümünün trendləri haqqında oxuyucularımıza az da olsa məlumat verərdiniz.

Fidan: Bu mövsümdə dəbdə olacaqlar: uzun paltolar, siluet donlar, metal bəzəklər və qat-qat ətəklər...

Foxy: Rənglər necə? Rəngli geyimlərlə necə tərz sahibi olmaq olar?

Fidan: Çox sevinirəm ki, 2015-2016 Payız-Qış mövsümündə mənim ən sevimli rənglərim dəbdədir: parlaq marsala, tünd dəniz mavisi, boz, isti oxra və xardal rəngi.

Foxy: Gözəllik yoxsa dəb?

Fidan: Fərdilik. Bu hər şeydən daha vacibdir.

Foxy: Moda sevərlərə, dəblə geyinməyə çalışan xanımlarımıza bir imicmeyker kimi tövsiyyələriniz?

Fidan: Hər hansısa geyim alanda unutmayın ki, onun rəngi mütləq sizin dəri rənginizlə uyğunlaşmalıdır. Mənim daha kök xanımlara məsləhətim o olardı ki, öz ölçülərində geyimlər alsınlar. Daha kiçik ölçülü geyimlər artıq çəkini gizlətmir, əksinə onu daha da gözəçarpan edir. Öz ölçünüzə uyğun və ya dəbdə olan oversize geyimlər seçin, hansı ki, sizin artıq çəkinizi gizlədə bilər.

Foxy: Fidan xanımın qarderobunun əvəzolunmazları, imtina etmədikləri, qarderobunda mütləq olmalıdır dediyi?

Fidan: Klassik şalvar, don (konsertə və ya digər tədbirlər üçün), stilettolar və əlbəttə ki, geyimləri kombinləmək üçün aksessuarlar. Aksessuarlarla müxtəlif obrazlar yaratmaq mümkündür.

Foxy: Fidan xanımın geyimdə diqqət etdiyi qızıl qaydalar?

Fidan: Elə geyim seçmək lazımdır ki, onu geyindiyiniz zaman özünüzdən əmin olasınız. Geyimdə əsas qızıl qayda budur.

Foxy: Gələcək planlarınız haqqında da oxucularımıza məlumat verərdiniz? 

Fidan: Planlar və ideyalar çoxdur. Bütün sirləri açıb tökmək istəmirəm. Siz bunların hamısı ilə daha yaxın zamanda tanış ola biləcəksiniz. Ancaq hal-hazırda “Əvvəl-sonra” layihəsi üçün modellər axtarışındayam.