Makiyajını dəstləşdir!

Hər payız yeni mövsümün başlamasıyla yeni makiyaj trendləri ilə tanış oluruq. Bu trendlər arasında özümüzə yaraşanları seçir, axşam yeməklərinə, konsertlərə, görüşlərə və digər yerlərə gedəndə istifadə edərək həm gözəl həm dəbli görünməyə çalışırıq. 

Amma səhərlər yuxulu-yuxulu işə hazırlaşanda heç birimizin  yadına trendlər düşmür. O an, önəmli olan dərimizdəki qüsurları örtüb, yüngül göz makiyajıyla gözləri vurğulamaq və ənliklə solğun üzümüzə rəng verib işə qaçmaq olur. İşə çatanda isə ofisin liftində güzgüyə baxanda başa düşürük ki, göz kölgəsiylə dodaq boyasının rəngi bir-birinə yaraşmır, ənliklə  dodaq boyasının rəngi isə bir-birini “vurur”. Ya da düşünürsən ki, əynindəki köynəklə makiyajının tonları çox şit görünür.  Başlayırsan düşünməyə ki, axı niyə bu zövqsüzlüyə yol vermisən? Təbii ki, işə çatan kimi tualet otağına çəkilib makiyajını dəyişməyin müdriyyət tərəfindən xoş qarşılanmaz. Buna görə də ən yaxşı halda nahar fasiləsinə qədər yersiz saydığın makiyajla oturmalısan. Bəxtin gətiribsə və çantanda makiyaj vasitələrin varsa nahar fasiləsində etdiyin səhvləri düzəldə bilərsən. Əks halda bütün gününü komplekslərlə keçirdəcəksən.

Yəqin düşünürsən ki, bütün bunların olmaması üçün nə etmək lazımdır? Gözəllik redaktoru olaraq bunun üzərində çox düşündüm və qərara gəldim ki, biz xanımlar ofis üçün bir neçə dəst geyim obrazı seçiriksə bu obrazlara uyğun bir neçə dəst makiyaj obrazı da seçməliyik. Bəli, bəli! Geyimi dəstləşdirə bildiyiniz kimi makiyaj vasitələrini də dəstləşdirə bilərsən. Ofis üçün hazırladığın hər obrazının tərzinə uyğun və rəngi ilə harmoniya təşkil edəcək, yaraşacaq  göz kölgələri, dodaq boyaları və onlara uyğun ənliklər seç. 

Bəzi solğun və ya tünd rəngli geyimlərin üçün isə kontrast rəngli kosmetik vasitələr seç ki, obrazına  rəng qata biləsən. Amma yenə də unutma ki, tünd və əlvan rəngli dodaq boyasını çox məsum və açıq rəngli ənlik və göz kölgələri ilə birgə istifadə edə bilərsən. Məsələn boz, qara geyimlə tünd bənövşəyi dodaq  boyası əla yaraşacaq. Bu dodaq boyasını açıq qəhvəyi və açıq bənövşəyi tonlarda ənliklə istifadə edə bilərsən. Gözlərə isə sadəcə maskara kifayət edər. (ofisdə olduğunu unutma) Bu halda makiyajın effektli görünsə də şit görünməyəcək, eyni zamanda tünd rəngli geyiminə rəng qataraq səni tərzli göstərəcək.

Qəhvəyi-krem çalarları sevirsənsə işin daha rahatdır. Bu tonlarda makiyaj demək olar ki, bütün rənglərə uyğunlaşır. Qəhvəyi göz makiyajı göy rəngli göz sahiblərindən başqa demək olar ki, hamıya yaraşır və dəri rəngi ilə uyğunlaşaraq olduqca təbii görünür. Qəhvəyi göz makiyajını caramel və nyud rəngli dodaq boyası və şaftalı rəngli ənliklə dəstləşdirərək zərif və sadə ofis makiyajı yarada bilərsən.

Əgər geyimin hansı makiyaj növünün uyğun olacağını bilmirsənsə seçimini nyud makiyajdan yana et. Ən azından şit görünməyəcəyindən əmin ola bilərsən.Əlbəttə dərinin, saçının, gözünün rənginə uyğun  olaraq makiyajda istifadə etdiyin çalarlar dəyişə bilər. Amma bu rəngləri seçərkən onlar arasında harmoniya olmasına çalış! Kosmetik vasitələrinin xüsusilə göz kölgəsi və dodaq boyasının mat olmasına diqqət et. 

Yüngül parıltı istəsən bu işdə sənə haylayter kömək edə bilər. Tərkibində şimmer olan kirşan və ənliklərdən uzaq ol ki, kolleqalarının və müştərilərin diqqəti üzündəki parıltıda yox professionallığında cəmlənsin!

Cosmo Azerbaijan-nın Gözəllik redaktoru

Nigar Xəlilova