Bakı Dəb Həftəsi – 22 noyabr

19-22 noyabr tarixlərində “Kempinski” otelində baş tutan “Bakı Dəb Həftəsi” dünən final çıxışlarını təqdim etdi. Gecənin açılışını məşhur Latviya brendləri “Anna Led”, “Coo Culte”, və “Narciss”etdilər. Ardınca yerli dizaynerlərimiz Gülşən Mehdiyeva, Dəniz və Gülşən Tağı öz yeni kolleksiyalarını izləyicilərə təqdim etdi.

ANNA LED Latviyanın sevilən geyim və aksessuar dizaynerlərindən biridir. Brendin dizayneri Anna Ledskalninyanın tərzi artıq bir çoxları tərəfindən asanlıqla tanınır. Brendin ən çox üstünlük verdiyi krujevanı budəfəki kolleksiyada da görmək mümkün oldu. Qeyri-adi kəsimlər, maraqlı printlərlə yadda qalan bu kollesiya izləyicilərin ürəyincə oldu. Təqdim olunan geyimlərdə həm forma, həm də rəng baxımından sadəlik hiss olunurdu. Dizayner bu dəfə də bej, göy, qara və boz çalarların ahənginə yer ayırmışdı.

COO CULTE geyimini seçən xanımlar bir güllə ilə iki quş vurmağa alışıb: brend xanımlara eyni zamanda həm zərif, həm də çılğın görünmək imkanı yaradır. Təqdim olunan bütün geyimlərdə xüsusi əhval-ruhiyyə və fərqlilik hiss olunur. Uçuşan donlar, həcmli ətəklər və maraqlı kəsimlər əlavə aksessuarlar olmadan belə qeyri-adi obraz yaratmağa imkan verir. Kolleksiyada qumsal, qara və ağ rənglərdən əlavə, bənövşəyi, göy, fuksiya çalarlarını da görmək olar.  Krujeva, şəffaf setka, neoprenin köməyilə ərsəyə gələn yeni kolleksiyada gördüyümüz uçuşan geyimlər yerli alıcılarımızın diqqətindən kənarda qalmayacaq.

NARCİSS brendinin yeni kolleksiyası Baltik dənizinin soyuq göy çalarından ilhamlanaraq, özündə zəriflik və cəsarətli formaların birliyini əks etdirir. Xallı, saçaqlı, ipək, mirvari elementləri geyimlərin daha zərif və fərqli olması üçün yetərli zəmin yaradıb. Rəng palitrasında gəldikdə isə adından da göründüyü kimi, kolleksiya dənizin bütün dolğun çalarlarını, eyni zamanda yeraltı dünyanın rəngarəngliyini əks etdirir.

Ardınca GÜLŞƏN MEHDİYEVAnın “Şahzadə” adlanan yeni demokratik kolleksiyasını podiumda görürük. Orta əsrlər və Şərq tərzinin sintezi kimi ərsəyə gələn yeni kolleksiyada yaşıl, qızılı, parlaq bənövşəyi və solğun çəhrayı çalarlarının ahənginə üstünlük verilib. Dizayner Şərqə vurğunluğunu buta printi, parıltılı, sürüşkən parçalar və saray stilini əks etdirən modellərlə nümayiş etdirir.

16 yaşlı DƏNİZ şounun ən gənc dizayneridir. 15 parçadan ibarət yeni “Təcəssüm” kolleksiyasında qeyri-standart geyimlər yer alıb. Gündəlik geyimlərin bir parçası olan elementlər parlaq və dolğun çalarlarda dizayn edildiyindən asanlıqla ziyafət geyiminin bir parçasına da çevrilə bilər. 

Bakı Dəb Həftəsinin yekununda GÜLŞƏN TAĞI  “Daxilən” adlandırdığı yeni kolleksiyasını təqdim etdi. Dizaynerin yeni işi qadın incəliyini vurğulamaq üçün dizayn edilib, məhz buna görə də çox zərif və qeyri-adi alınıb. Kolleksiyada qadın formasında qanadlı mələklər, gül printləri olan zərif ziyafət donları yer alıb. Dizayner zərifliyi qorumaq məqsədilə ancaq bej və pastel çalarlarından istifadə edib. Eyni kolleksiya “Serbia Fashion Week”də də nümayiş olunmuş və izləyicilərin müsbət rəyi ilə qarşılanmışdır.

Müəllif: Nigar Mirzəsoy

Fotoqraf: Nurana Novruz