Azərbaycan Dəb Həftəsində görüb bəyəndiklərim və görməli olduqlarım

Qışın soyuğunda Bakı dəbsevərlərinin qəlbini məşhur dizaynerlərin 2016 yaz-yay kolleksiyalarının təqdim olunduğu dəb həftəsi qızdırdı.Çoxlarının, eyni zamanda mənim də səbrsizliklə gözlədiyim dəb həftəsi 30 noyabr-3 dekabr tarixlərində yeni istifadəyə verilmiş Boulevard Hoteldə baş tutdu.

Dəb həftəsində həm yerli, həm xarici dizaynerlərin 2016 Yaz-Yay kolleksiyaları təqdim olundu. Bundan başqa tədbirdə təqdim olunmuş Pop-Up Store dəbsevər qonaqlara həm yerli, həm xarici dizaynerlərin geyim və aksessuarlarını əldə etmək imkanı verdi.

Dəb həftəsinin ilk günü Rusiyalı dizayner İqor Çapurinin 2016 yaz-yay kolleksiyası təqdim olundu. Qeyd edim ki, bu kolleksiya dəb həftəsinin ən çox gözlənən və müzakirə olunan kolleksiyası idi. Çapurin Azərbaycanda daha çox bir çox ölkələrin birinci xanımların sevimli dizayneri kimi tanınır. Bundan əlavə Çapurin Haute Couture və Pret-A-Porter kolleksiyalarını yaratmaqla kifayətlənmir teatr və balet kostumları da yaradır ki, bu da onu bir çox dizaynerdən fərqləndirir.Çapurin geyim kolleksiyalarından əlavə zərgərlik əşyaları,  aksessuarlar, məhdud sayda yataq dəsti kolleksiyası da yaradaraq ürəkləri fəth edir.Dəb həftəsində təqdim olunan 2016 yaz-yay kolleksiyası isə öz zərifliyi ilə seçilirdi. Kolleksiyada təqdim olunan geyimlərin modeli ilə yanaşı parçaların orijinallığı da diqqət cəlb edirdi. Şərq həssasiyyəti və qərb praqmatikliyini özündə birləşdirən kolleksiya eyni zamanda 70-ci illər dəbindən də ilhamlanaraq yaradılmışdı.  Axıcı xətlər və geometrik şəkildə bir-birini əvəzləyən rəng paletli printlər, ikiportlu pencəklər, qalın kəmərlər, şərq motivli parçalardan hazırlanmış qərb üslubunda geyimlər kolleksiyanın əsasını təşkil edirdi. Kolleksiyanın ana rəngi olaraq qızılı, yaşıl, mavi, boz və bənovşəyi rəngə üstünlük verən dizayner, geyimləri üçün ipək, orqanza, zərxara kimi parçalar seçmişdi.  

Dəb həftəsinin ikinci günündə Cəmilə Məlikovanın gül-çiçək motivlərinin üstünlük təşkil etdiyi yaz-yay kolleksiyası təqdim olundu.

Bundan sonra “Serebrova” brendinin yaradıcısı ukraynalı dizayner Alyona Serebrovanın kolleksiyasının təqdimatı başladı. Əsasən ağ, sarı və göy rənglərin hakim olduğu kolleksiyada klyoş, qat-qat kəsimli ətəklər, printli trençlər, orqanza donlar üstünlük təşkil edirdilər.

Dizayner Dinarə Abdullayevaya aid olan SAMİDEL brendinin kolleksiyasında isə həm etnik həm modern motivləri özündə daşıyan ziyafət donlarına üstünlük verilmişdi. 

Gürcü dizayneri olan Datuna öz kolleksiyasının nümayişi ilə gecənin birinci hissəsini başa vurdu. Kolleksiyada üstünlük təşkil edən qara maksi və midi donlara heyran olmamaq mümkün deyildi. Qara, qızılı, qırmızı rəngli ipək, şifon və məxmər parçaların üstünlük təşkil etdiyi kolleksiyanın hər kəs tərəfindən çox bəyənildiyini üzlərdən oxunurdu. 

Gecənin sonunda qonaqlar ispan brendi “Rosa Clara”-nın zərif kolleksiyasını izlədilər. Brendin həm ziyafət, həm də gəlinlik donları izləyicilər tərəfindən  böyük bəyəniylə qarşılandı. Bahalı və nadir parçalardan tikilmiş bu donlar eyni zamanda öz zəriflikləri ilə də xanımları özünə heyran qoydu. Gəlinlik donlarının yüngül və havalı ətəkləri kolleksiyaya xüsusi şarm verirdi. Nümayişin sonunda gəlin-modellərdən biri əlindəki buketi zala tərəf atdı və tutan qonağa brendə məxsus hədiyyə verildi. 

Dəb həftəsinin 3-cü günü Dəb haqqında qısa film izləndikdən sonra yerli dizayner Turanın kolleksiyası nümayiş olundu. Kolleksiya məni yaxşı mənada 

təəccübləndirdi. Kolleksiyanın ana rəngləri qara, ağ, tünd çəhrayı, karamel çalarlarıı idi. İri insan printli uzun don və köynəyin dəbsevərlər tərəfindən xüsusi heyranlıqla qarşılandığı gözümdən qaçmadı. İri sırğalar və eynəklər isə minimalist üslubda tikilmiş uzun donları gözəl tamamlayırdı. Üzərində rəsm əsəri işlənmiş dəri ətək isə fikrimcə kolleksiyanın ən maraqlı elementi idi.

Gecənin ikinci nümayişi isə LE SALON COLLECTION by Kamila Vahabova-dan oldu. Nümayişdə dizaynerin həm Haute Couture, həm də Pret-A-Porter kolleksiyası təqdim olundu. Kolleksiya iddialı gecə paltarları, qələm ətəklər, asimmetrik qatlı ətəklər, ipək bluzları ilə yadda qaldı. 

Gecənin ilk gürcü dizyaneri GEORGE PANTSULAIA öz kolleksiyasının nümayişinə başlayanda dəbsevərlər arasında hissolunan canlanma əmələ gəldi. Zənnimcə gürcü dizaynerlərini biz dəbsevərlərə sevdirən əsas cəhətlərdən biri zərifliyi və tərzi bir kolleksiyada cəmləşdirə bilmək bacarığıdır. Məhz GEORGE PANTSULAIA kolleksiyasındakı kimi. İlk baxışda modellərdə gördüyümüz “cool” görüntünün altında eyni zamanda qadınsı zəriflik də duyulurdu. Kolleksiyada bir-birindən həm kəsiminə, həm modelinə görə fərqlənən qara maksii və midi donlar üstünlük təşkil edirdi.  

Gecənin növbəti dəb nümayişi aksessuarlarıyla nəfəsləri kəsən Salle De Mode oldu. Mürəkkəb dizayna malik geyim və aksessuarlarını nümayiş etdirən brend ilham mənbəyi olaraq müasir-şıq, gözəl və ağıllı, müstəqil ruhlu qadınları seçmişdir. Kolleksiya qeyri-adi, mürəkkəb dizayna malik aksessuarlarla zəngin idi və hər detal üzərində həssalıq və seçicilik hiss olunurdu. 

Salle De Mode-dən sonra şəxsən mənim ən çox gözlədiyim brendin U.G.L.Y.-nin dəb nümayişi başladı. Bakı dəbsevərlərinin yeni kəşf etdiyi bu brendin iki yaşı olsa da qısa müddətdə çox məşhurlaşıb. Nani Koberidze və Laşa Mdinaradzenin dizayneri olduğu bu brend yüksək dəblə küçə dəbinin çox uğurlu miksidir. Kolleksiya əsasən ağ kombinzonların üstündən geyinilmiş yun, məxmər palto və ətəklər, qara-göy, qara-kemel, qara-ağın birləşməsindən yaranmış asimmetrik kəsimli paltolar, oversize paltolar, palto-xalatlardan ibarət idi.

 

Dəb həftəsinin üçüncü gününün son nümayişi MATH HOMME kişi brendinə aid idi. Rusiyalı dizayner İlkin Baxşiyevə aid bu brendin adı “Mathematics” (riyaziyyat) sözündən götürülüb. Belə ki, dizayner öz kolleksiyasının riyaziyyatda olduğu kimi dəqiq və lakonik  olduğunu vurğulayır. Həqiqətən də kolleksiya dəqiq, simmetrik kəsimli minimalist dizayna məxsus geyimləri ilə yadda qaldı. Modellər səhnəyə üzlərində saçaqlı örtüklə çıxdı ki, bu da kolleksiyanın nümayişinə orijinallıq qatırdı.

Dəb həftəsinin dördüncü günü!

Şoudan öncə Dəb haqqına sənədli film qonaqlara təqdim olundu. Filmin ardınca yerli dizayner Leyla Əhmədovanın “Azərbaycan İrsi” adlanan və zənnimcə gül-çiçək və meyvə bağına həsr etdiyi yeni kolleksiyası təqdim olundu. Kolleksiyada iri baş aksessuarları, gül elementləri, rəngli qaşlara yer verilmişdi.

Gecənin ikinci nümayişi hər zaman dəbdəbəli və zərif donları ilə yadda qalan Libas Coutur-a aid oldu  Brend, özünün yeni Haute Couture kolleksiyasını təqdim etdi. Kolleksiyada təqdim olunan ziyafət donlarının hazırlanmasında atlas, ağır atlas, şifon, ipək parçalara üstünlük təşkil edirdi. Donların modelində isə çiyin dekoltesi və havalı ətəklərə üstünlük verilmişdi. Gül-çiçək printi və elementləri kolleksiyaya xüsusi yaz havası qatmışdı. Nümayiş Düyməciyin gəlinlik obrazını xatırladan qısa gəlinlik donu və uzun fatayla sonlandırıldı.

Gecənin ikinci dəb nümayişi Qazaxstan dizayneri Lola Amana aid idi. Kolleksiya gənc qızalara xitab edilmiş qısa don, klyoş rəngli ətəklər, jiletlər, 70-ci illər tərzində donlar və oversize pencəklərdən ibarət idi. 

Lola Amanadan sonra Salle De Mode öz yeni kolleksiyasının nümayişinə başladı. Rahatlıq və tərzi birləşdirən kolleksiyanın ana rəngləri ağ, qara və qırmızı idi.

Gecənin sonuncu dəb nümayişi Malaziya əsilli Bernrad Chandrana aid idi. “Dəbin kralı” adlandırılan dizaynerin geyimlərini Rihanna, Ledi Qaqa, Tori Amos kimi məşhurlar tərəfindən sevilərək geyinilir. Hal-hazırda fəaliyyətini fransada davam etdirən dizaynerik kolleksiyası podiumda əsl yaz havası əsdirdi. Pastel tonlarına üstünlük verən dizaynerin kolleksiyasını izləyərəkən dəbin göz önündə sürətlə inkşafını, qadın və kişi dəbinin bir-birilə yarşmasını hiss etmək olurdu. Kolleksiyanın ana rəngləri ağ, gümüşü mavi çalarlar idi. Futurist elementlərin də mövcud olduğu kolleksiyada zəriflik elementləri də unudulmamışdı.

Son olaraq qeyd etməliyəm ki, dəb həftəsində iştirak edən modellərin saç və makiyajlarının son trendlərə uyğun, zövqlə edilmişdi ki, bu da çox sevindirici haldır. Ümumiyyətlə budəfəki Azerbaijan Fashion Week təşkilatçılıq sarıdan daha uğurlu idi desək yanılmarıq. Ümid edirəm ki, təşkil olunan hər növbəti Dəb Həftəsi bir öncəkindən daha uğurlu olacaq və yerli dizaynerlərimiz gözümüzün önündə artacaq və inkşaf edəcəklər!  

Yazar: Nigar Xəlilova

Fotoqraf: Ceyhun Rəhimov