"Kolleksiya yaratmaqda ən çətini burada az resursun olmasıdır"

19.07.2016

Bir az zərif, bir az da intim məsələ olan alt paltarlarını ölkəmizdə də dizayn edən axır ki, oldu. Bəli, bəli, düz oxudunuz. Rəna Qasımova 3 aydır ki, məhz alt paltarlarının dizaynı, tikişilə məşğuldur. Bu dəfə ki, "Dizayn işi" rubrikasını bu xanıma və onun zərif əl işlərinə həsr etdik. Sizin də əl işi alt paltarlarına marağınız varsa Rəna xanımın işləri ilə tanış ola və müraciət edə bilərsiniz.

- "Obsesse lingerie” brendi haqqında məlumat verərdiniz? Niyə məhz "obsesse"?

Ümumiyyətlə, mən uşaqlıqdan dizayner olmaq istəyirdim.  Məktəbdə əlaçı idim. Valideynlərim təkid edirdi ki, özümə başqa bir sahə, peşə seçim. Elə də oldu. Ancaq təəssüflənmirəm. Çünki dil biliklərimi inkişaf etdirdim. Dünyagörüşüm də dəyişdi. Daha da genişləndi. İnstagramda rus və ukrayna dizaynerlərinin hesablarına abunə olmuşdum. Onları izləmək çox xoşuma gəlirdi. Fikirləşirdim ki, niyə mən də etməyim?! Bu işə də başlamamışdan öncə 3 ay praktika etmişəm.  Onu da qeyd edim ki, əl işləri ilə hazırlanan alt geyimlərinin sifarişi daha çox Avropada dəbdədir. Orada yaşayan xanımlar çalışırlar ki, qarderoblarında ən az bir ədəd də olsa əl işi ilə hazırlanan alt geyimi olsun.

“Obsesse” sözünün mənası elə ideya ilə də üst-üstə düşür. Ad mövzusunda çox düşünürdüm.  İstəyirdim ki, fərqli ad olsun.

- İlham mənbəyiniz kimdir?

Azərbaycanda, ümumiyyətlə, artıq çox geyim dizaynerləri var. Düşündüm ki, rəqabət  çoxdur. Həm də seçim də çoxdur.  Xarici alt paltarı dizaynerlərini isə çoxdan izləyirdim.  Bakıda satışda olan alt paltarı geyimləri daha fərqlidir. Yəni daha çox gündəlik istifadə üçün nəzərdə tutulub.

- İlk kolleksiyanız haqqında məlumat verərdiniz.

İlk kolleksiya aprelin 1-i çıxıb. Kolleksiyada 10 modeldən ibarətidi, adı isə “Hi, obsessive” idi.  Kolleksiyanı yaratmaqda ən çətini burada az resursun olmasıdır. İstifadə etdiyim krujevaları daha çox xarici ölkələrdən – İtaliyadan sifariş edirəm.

- Ümumiyyətlə, neçə kolleksiya hazırlamısan?

Ümumilikdə, iki kolleksiya hazırlamışam. İkinci kolleksiyanın adı isə “Summer Mix” dir.

- Kolleksiyanı hazırlayarkən hansı rənglərə üstünlük verirsən bəs?

Onu müştərilərin istəyinə uyğunlaşdırmağa çalışıram. Birinci kolleksiyanı hazırlayarkən bazarın istəklərini və hədəf qrupunu bilmirdim. Birinci kolleksiyada öz instiusiyama uyğun etdim. Sifarişçilər isə öz sevdikləri rənglərdə sifariş edirdilər. Modellərdə isə daha çox krujevadan istifadə etmişdim.

- Kolleksiyanı yaradarkən nəyə üstünlük verirsiniz: trendlərə, yerli bazarın istəyinə yoxsa?

İlk öncə özümün xoşuna gələn modelləri dizayn etməyə başladım. Hal-hazırda mağazaları gəzərkən axtardığım modeli artıq mağazalarda da tapmaq mümkündür.

- İlk sifarişçiniz kim olub?

İngilis dili müəlliməmin kolleqası öz gəlini üçün sifariş etmişdi. Çox həyəcanlı idim. Çünki  hədiyyə ediləcək adamı görmədən geyimi hazırlamışdım.  Ümumiyyətlə, eskizləri elə qurmuşam ki, ölçülərdə çox problemlər yaşamıram.

- Dəb həftələrində iştirak etməyi düşünürsünüz?

Marağım var. Lakin hələ özümü hazır hiss etmirəm.  Düşünürəm ki, Dəb Həftəsində iştirak etsəm çox sifariş ola bilər. Hal-hazırda onu çatdırmaya bilərəm.  Çünki mən tək işləyirəm: eskizindən tikilməsinə, marketinqindən reklamına qədər. Köməkçi tapdıqdan sonra bu haqda da düşünəcəm.

- Butik necə?

Ölkədəki hal-hazırkı durumlara görə cəhd etməyə qorxuram.  Ancaq planlarım arasındadır.

- Gələcək planlarınız nədir?

Əslində plan qurmağı xoşlamıram. Çünki hər şey məndə spontan olur. Hər üç aydan bir kolleksiya hazırlamaq fikrim var. Oktyabr ayı üçün isə qış kolleksiyası hazırlayacam. Kolleksiyada məxməri parçadan istifadə etməyi planlayıram.

- Foxy xanımlarına son sözünüz:

Hər zaman özlərinə inamlı olsunlar. Əgər hər hansı işə başlamaq istəyirlərsə mütləq başlasınlar. Başlayıb uğursuz olmaq belə heç başlamamaqdan daha yaxşıdır. Kiminsə nə ideyası varsa onu mütləq həyata keçirsin. Xanımlar hər zaman özünə baxsın. Gözəl olsunlar.





© 2015 foxy.azBütün hüquqlar qorunur.