"Qırmızı şarf toxumaq mənə maraqsız gəlir"

02.06.2016

"Dizayner işi" rubrikamızın qonağı həm öz tərzi, həm də gördüyü işlərin tərzilə seçilən "El Viento" aksesuar və kafe brendinin yaradıcısı Aysel İbrahimlinin bohem tərzində öz əl işlərilə dekorasiya etdiyi kiçik, pastel çalarların hakim olduğu kafesində qonaq oldu. O, gənc olmağına baxmayaraq “El Viento” (İspan küləyi) brendi adı altında “dreamcatcher”, “macrame”, “plant hanger”, “boho wall hanging” kimi aksesuarlar düzəldir.

Biz də qərara aldıq ki, Ayselin bu maraqlı işlərilə siz oxucularımızı da tanış edək.

- Özün haqqında məlumat verərdin.

Əsl adım atama görə  Səriyyə, anama görə Ayseldir.  Bakı doğumluyam. 4 ayrı məktəb oxumuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olmuşdum. Ancaq təhsilimi yarımçıq buraxdım. Bu işə isə 17 yaşımdan başlamışam. Yəni 3 ildən bir az çoxdur bu sahədə fəaliyyət  göstərirəm.  Dizaynla bərabər fotoqrafiyanı da çox sevirəm. Bu sahə üzrə oxumağı, araşdırma aparmağı çox xoşlayıram. Bir ara “food” fotoqraf kimi fəaliyyət göstərdim. Bir neçə dəfə “love story” də çəkmişəm. Ancaq fotoqrafiyanı  hobbi kimi daha çox sevirəm. Ürəyim istəyini çəkmək istəyirəm, “çək” deyiləni yox.

- Niyə El Viento?

Facebookda qeydiyyatdan keçəndə təxəllüs götürmək istədim. Rəfiqəm ispan dili öyrənirdi. Ondan ispan dilində xoşuna gələn sözləri deməsini istədim. Viento sözü isə daha çox xoşuma gəldi. Mənası isə “külək” deməkdir. “El” isə  hissəcikdir. Dreamcatcher hazırlamağa başlayanda brendin də adını elə qoydum.

- Necə oldu ki, bu işə başladın?

Təsadüfən internetdə qarşıma çıxıb."Tumbrl" qısa müddətdə yayıldığı dövrdə orada görmüşdüm. Google etdikdən sonra ilk öncə adını, daha sonra  hazırlamaq qaydasını da öyrəndim. İşə “Dreamcatcher” hazırlamaqla başladım. Sonra bir neçə nəfər maraqlandı. Mən də satışa başladım. Satış yaxşı getdikcə isə instagram və facebook səhifələri açdım. Daha sonra sadə makremelər, dibçək makremeləri  hazırlamaqla davam etdim. Bohem tərzi mənə yaxın olduğu üçün bu əl işi diqqətimi daha çox çəkdi.  Bakıda ilk dəfə bu əl işi ilə məşğul olmağa başlayanda çox adam heç "dreamcatcher”in adının nə olduğunu bilmirdi. Ancaq onu qeyd edim ki, materialları tapmaq çox çətindir və bahadır.

- İlk sifariş nə olub bəs?

İlk sifarişim “Dreamcatcher” boyunbağı idi, ağ rəngli...

- Necə oldu ki, kafe açmaq qərarına gəldin?

Bu tipdə kafe konsepti əslində ən böyük arzularımdan idi. Ancaq arzumdakı yer belə biri deyildi. Daha böyük bir yer idi. Kafenin bir hissəsində isə etnik tərzdə və öz məşğul olduğum əl işlərinə aid kurslar da açmağı düşünürdüm.  Universitetə də qayıtmaq istəmirdim. Həmçinin fotoqraf və qrafik dizayner kimi də işləmək mənə maraqsız gəlirdi. Çünki fotoqraf kimi işləyəndə özümü sıxıram. İstədiyimi çəkə bilmirəm.  Və düşündüm ki, artıq arzularımı gerçəkləşdirməyimin zamanıdır. Yeri axtardım. Büdcəni tərtib elədim və gördüyünüz bu kafeni açdım.

- Bir ara küçə dəbi çəkməklə də məşğul idin. Demək olar ki, küçə dəbi fotoqrafiyası ilə məşğul olan ilklərdənsən.  O ideya necə olub yaranmışdı? Davam etməyi düşünürsənmi?

Mən həmişə özüm özümün “self portrait”lərini çəkmişəm. Bu da həmişə sosial şəbəkələrdə diqqət çəkirdi. Rəfiqəm təkid etdi ki, küçə dəbi fotoları da səndə  çox yaxşı alınar. Mənim özümün geyim tərzi, saç rəngi hər zaman fərqli olub. İdeyam da elə podium dəbi deyildi. Küçədə olan, fərqli tərzi olan adamların fotolarını çəkmək istəyirdim. İlk  vaxtlarda öz ətrafımı çəkməyə başladım. Ən birinci məqsədim isə özümün tanınması və fotoqraf kimi də portfoyl yığmaq idi. Lakin bu ideya sadəcə layihə kimi qalırdı. Stabilə bağlaya bilmirdim. Nə biznesə çevirə bilirdim, nə də ki davamını görə bilmirdim. Gələn şərhlər də məni yordu.  Buna görə də həvəsdən düşdüm. 

- Təhsilini bəs hansı sahə üzrə davam etdirmək istəyirsən?

Master klasslarda iştirak etməyi düşünürəm. Eldar Əkbərovun master-klasslarını səbirsizliklə gözləyirəm məsələn. Fotoqrafiya sahəsində master-klassda iştirak etmək istəyərəm və ya rejissor, aktrisa sahəsində təşkil olunan master-klasslarda iştirak etmək istəyərəm.

- Gələcək planların...

Ümumiyyətlə, qeyd elədiyim kimi kafenin tərkibində əl işləri məktəbi də açmaq istəyirəm. Lakin bu standartdan kənar məktəb olacaq .  Ancaq hal-hazırda kiçik seminarlar təşkil edib insanların marağını öyrənmək istəyirəm. Sonra isə təbii ki ideyamı böyütmək... Gələcək planlarım arasında fotoqraf olmaq da var. Ümumiyyətlə, planlı adam deyiləm. O an ağlıma nə gəlirsə onu edirəm.

- Aysın qarderobunu nələr təşkil edir?

Daha çox bohem tərzi sevirəm. Şlyapa, botinkalar favorimdir.  Yayda belə botinkalarımla şortikləri kombin etməyi sevirəm. Zolaqlı geyimləri sevirəm.

- Gələcəkdə biznesə başlamaq istəyən, ümumiyyətlə əl işləri ilə məşğul olmaq istəyən xanımlara tövsiyələrin nə olardı?

Cəsarət. (gülür) Hansı sahəyə maraqlısansa o işə başlamaq lazımdır. İdeyan isə hər zaman digərlərindən fərqlənməlidir. Qırmızı şarf toxumaq mənə maraqsız gəlir.  Bunu 3-5 qohuma, yaxınına sata və ya onlar arasında tanına bilərsən.  İdeyan fərqlənməlidir ki, o brendə çevrilsin.  Elə bir ideyaları varsa sona qədər getməlidirlər.

El Viento Art&Crafts Cafe"sinə baş çəksəniz mütləq ev üsulu hazırlanan limonad, vafl və milk-şeykləri içməyi unutmayın. 

Hazırladı: Nurana Novruz





© 2015 foxy.azBütün hüquqlar qorunur.