"Hələ heç bir qadına geyiminə görə aşiq olmayıblar"

19.04.2016

Cosmopolitan Azərbaycan və  Foxy onlayn qadın jurnalından da çox yaxşı tanınan, bir çoxlarımızın sevimlisi Nigar Xəlilova "Qarderob" rubrikamız üçün bizi elə evində qarşıladı. Nigarın dəb, gözəllik haqqında tövsiyyələri və ən əsas qarderobu ilə tanış olmaq istəyirsinizsə ekrana daha yaxın əyləşin. 

- Artıq izləyicilər səni Cosmopolitan və Foxy jurnalından tanıyırlar.  Bəs Nigarı başqa necə tanımaq olar?

Söhbət şəxsi keyfiyyətlərimdən gedirsə bu suala mən özüm cavab verməkdə çətinlik çəkərəm, məni dostlarımdan soruşun.

- Necə oldu ki, bu sahədə işləmək fikrinə gəldin?

Mən uşaqlıqdan nəsə yazıram, sinif yoldaşlarımın yerinə onların inşalarını yazırdım. Onlar da mənim riyaziyyat məsələlərimi həll edirdilər. (gülür) Hətta məktəb vaxtı divar qəzetinin redaktoru idim. Dəb və gözəllik sahəsində işləmək qərarına isə ətrafımdakı insanların xarici görünüşünü yaxşıya doğru dəyişə bildiyimi gördükdən sonra qərara gəldim. Bunu daha tez başa düşsəydim mütləq stilist olardım, amma təhsilimi ədəbiyyatçı olaraq aldığım üçün bu haqda yazmağı seçdim.

- Öz karyerasını dəb və gözəllik sahəsində qurmaq istəyənlərə hansı tövsiyyələrin olardı?

Bu sahədə işləmək maraqlı olduğu qədər də çətindir, çünki biz dəbin hələ kifayət qədər inkşaf etmədiyi bir ölkədə yaşayırıq. Bəziləri hətta bu sahənin gərəksiz və kimsəyə lazım olmadığını düşünür və bu işə ciddi yanaşmırlar. Onlar dəbin əslinda teatr, musiqi kimi mədəniyyətin bir sahəsi olduğunu başa düşmürlər. Amma əgər çətinlik sevirlərsə və həqiqətən bu sahədə çalışmaq istəyirlərsə o zaman ilk növbədə kreativ, zövqlü olmalıdırlar. Mütləq məşhur brendlərin tarixini, ümumilikdə dəbin tarixini, inkşaf yolunu araşdırsınlar. Dəbi hiss etməyi bacarsınlar, məşhur brendlərin köhnə və yeni kolleksiyalarını yaxından izləsinlər. Bu kolleksiyaları izləməklə yanaşı analiz də etməyə cəhd etsinlər. Məsələn, biz çoxumuz dəb göstərilərində oluruq amma çox nadir hallarda gördüyümüz kolleksiyaları müzakirə edirik. İlk növbədə dəbi anlamağa, analiz etməyi öyrənsinlər. Bu, həqiqətən çox önəmlidir.

- Keçək qarderobuna...Qarderobunda daha çox hansı brendlərə üstünlük verirsən?

Qarderobumda brendlərə qarşı xüsusi ayrı-seçkilik yoxdur. Amma daha çox çalışıram şəhərimizdə olmayan brendlərdən, gənc yerli və gürcü dizaynerlərin kolleksiyalarından alış-veriş edim. Çünki fikrimcə tərzimiz ümumilikdə trendlərə uyğun olsa da indivudal olmalıdır. Ən azından mən belə sevirəm. Çünki Bakı həqiqətən kiçik şəhərdir və heç bir qadın getdiyi gecədə kiminləsə eyni donda olmağa sevinmir. (gülür)

- Tərz olmaq üçün brend, bahalı geyinmək vacibdirmi?

Yəqin ki, hamı bu suala “yox” cavabı verir, hətta corabına qədər brend geyinənlər belə. (gülür) Mən də düşünürəm ki, tərz olmaq üçün bahalı geyinmək vacib deyil. Amma məşhur və lüks brendlərin yeni kolleksiyalarını izləmək lazımdır. Çünki əsl dəb bu kolleksiyalarda doğulur. Məhz bu bahalı brendlərin dizaynerləri bizə dəbi, trendləri diktə edir. Demokratik brendlər isə bu trendləri daha da əlçatan edir.

- Aksessuarla aran necədir? Ən sevdiyin və qarderobunda öz yerini möhkəmlətmiş aksessuarların hansıdır?

Əlbəttə ki, əladır. Aksessuarlarsız qarderobumu təsəvvür edə bilmirəm. Ən sevdiyim aksessuar isə çantalar və iri kolyelərdir, baxmayaraq ki, onlar bir müddət aktuallığını itirdi, mən onlardan əl çəkə bilmədim və bu yaz-yay mövsümündə onlar yenidən aktuallaşdı.

- Geyimini nəyə uyğun seçirsən? Ayaqqabı, çanta və ya nəyə başqa nəsə? 

Geyimimi getdiyim yerin konseptinə uyğun seçirəm. Adətən ayaqqabımı geyimimə uyğunlaşdırıram. Çantam isə bütün obrazıma uyğun seçilir. Ancaq bəzən əlbəttə ki əksinə də olur. Yeni bir ayaqqabı alırsan və bütün obrazını ona uyğunlaşdırırsan (gülür)

- Rənglər necə? Rəngli geyimlərlə necə tərz sahibi olmaq olar? Sənin sevimli rənglərin hansılardır?

Məncə rənglərlə tərz yaratmaq olmaz. Geyimimizin modeli, kəsimi, üslubu bizi tərz sahibi edə bilər amma rəngi yox. Əlbəttə bəzən hansısa çalarlar çox aktual ola bilər, amma ayrı-ayrılıqda tərzimizi təyin edə bilməz. Sevdiyim rənglər mavinin bütün tonları, lavanda rəngi, qara, ağ, boz, bordodur. Bir də çox sevmədiyim bir rəng var ki, o da narıncıdır. Bu rəng ancaq bəzi aksessuarlarda gözəl görünə bilər, geyimdə əsla. Qadınlar bilsəydi ki, bu rəng onları necə maraqsız göstərir ondan birmənalı şəkildə yan keçərlər.

- Gözəllik yoxsa dəb?

Mübahisəsiz və müzakirəsiz gözəllik! Hələ heç bir qadına geyiminə görə aşiq olmayıblar.

- Moda sevərlərə, dəblə geyinməyə çalışan xanımlarımıza tövsiyyələrin?

Bu haqda bir çox məsləhət verə bilərəm amma əsas bir tövsiyəm var: Tərziniz daxilinizi, xarakterinizi, əhvalınızı əks etdirsin! Bu çox önəmlidir. Əgər xarakterinizlə tərziniz üst-üstə düşürsə düz yoldasınız. Məsələn əgər heç bir şəxsi fikri olmayan, təkbaşına qərar verə bilməyən, hətta menyuda yemək seçərkən belə nişanlısıyla məsləhətləşən bir xanım femin tərzdə geyinərsə çox gülməli görünər.

- Nigarın qarderobunun əvəzolunmazları, imtina etmədikləri, qarderobunda mütləq olmalıdır dedikləri.

Cinslər, bluzlar, qayıq ayaqqabılar rahat və qəşəng idman ayaqqabıları, vintaj tərzli donlar.

- Geyimdə diqqət etdiyi qızıl qaydalar?

Bədən quruluşuna mütənasibliyi və bütün obrazda bir ulduz parçanın olması

- Makiyajda “heç vaxt etmərəm” dediyin nüans nədir?

Dodaqlarımı tünd dodaq qələmi ilə haşiyələmək, rəngli göz qələmini əlvan dodaq boyasıyla birlikdə istifadə etmək.

- Makiyaj çantanda "must have"lər nələrdir?

Yağlı dəriyə sahib olduğum üçün sabitləyici kirşan, haylayter-ənlik, ətir və dodaq boyası.

- Mütəmadi olaraq dəri üçün tətbiq etdiyin qulluq rutinin varmı?

Var, düzgün təmizləmə dəri üçün zəruri olan bir rutindir. Bura gündə iki dəfə dərimizə uyğun misselar suyla təmizləmə, uyğun gel və ya sabunla yuma, losyonla silmə və nəmləndirici vasitə daxildir. Sonda isə gözətrafı krem vururam.

- Üz dərinə və saçlarına tətbiq etdiyin hər hansı xüsusi maska varmı?

Gil maskasını çox sevirəm. Yağlı dərilər üçün məhz ağ gil maskası çox xeyirlidir. Maskadan əvvəl dərini skrablamaq nəticəni ikiqat yaxşı edir.

- Yaz-Yay 2016 mövsümündə xanımlara tövsiyyələrin: istər makiyaj, istərsə  gözəllik, istərsə də dəb?

Bir az cəsur olsunlar. Yeni trendləri tətbiq etməkdən çəkinməsinlər əlbəttə ki, yaraşırsa. Cəsarətsiz olduğumuz üçündür ki, şəhərimizdə trendlər gec gəlir və dəb çox ləng inkşaf edir.

- Gələcək planlar...

Şəhərimizin qadınlarını daha da gözəl və tərzli etmək üçün faydalı layihələr etmək.

- Foxy oxucularına son sözün...

Foxy oxuyurlarsa demək ki, daha yaxşı olmağa can atırlar və bu əladır! Hər zaman özümüzü bizə maraqlı olan sahələrdə inkşaf etdirməliyik.

Dəb və mətbəx birləşdikdə ortaya gözəl görüntü çıxır. Nigar da dəbi mətbəxində birləşdirib. Bizi  özünün həvəslə hazırladığı menyuya da qonaq etdi.

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.