"Qarderobumu brendə yox, bəyəndiyim geyimlərə uyğun formalaşdırıram"

09.03.2016

Bu dəfəki "Qarderob" rubrikasının qonağı La Couture Baku brendinin yarıdıcısı və modelyeri Xavər Məmmədova idi. Qarderobunun əsasını öz hazırladığı geyimlər təşkil edir. Öz işinə çox bağlı olduğu və gününün əsas hissəsini də atelyesində keçirdiyi üçün çəkilişi də elə La Couture Baku atelyesində etməyi qərarlaşdırdıq.

- Özünüz və brendiniz haqqında məlumat verərdiniz.

3 ildən çox fəaliyyət göstərən La Couture Baku brendinin həm modelyeri, həm də art – direktoruyam.  La Couture Baku brendinin əsas prinsipi xanımların zövqünə uyğun geyimlər hazırlamaqdır.

- Necə oldu ki, bu işə başlamaq qərarına gəldiniz?

Uşaqlıqdan modelyerliyə həvəsim var idi. Məktəb illərində muncuqlarla işlədiyim işlər sərgilərdə nümayiş olunurdu. Hətta yadımdadır ki, o vaxtlar iynəsiz işləyirdim. Sapları tək – tək keçirirdim. Təhsilimi başa vurduqdan sonra professional məşğul olmağa başladım. Artıq 10 ildir ki, bu işlə professional məşğul oluram. 

- Siz həmçinin bloqerliklə də məşğul olmusunuz...

Bəli. Ankarada oxuduğum müddətə bloqeriklə də məşğul olurdum – xaverstyle. Bloqda öz "look"larımla yanaşı, hazırladığım əl işlərimi paylaşırdım. Təhsil bitdikdən sonra Bakıya döndüm. Öz moda evimi açmağı planlaşdırırdım. İşlərimin çoxluğundan bloqerliyi dayandırmalı oldum.

- Bu işə başlayarkən ilhamlandığınız kimlərsə olub?

İlhamlandığım hər hansı şəxs olmayıb. İlham pərim geyimlər olub deyə bilərəm. Chanel - in kolleksiyası mənim uşaqlıqdan ilk izlədiyiklərimdən biri olub. Hal – hazırda isə ərəb modelyerlərinin kolleksiyalarını bəyənirəm.

- Qarderobunda ən çox hansı brendlər üstünlük təşkil edir?

Qarderobum daha çox öz hazırladığım geyimlərdən ibarətdir. Qarderobumu brendə uyğun yox, bəyəndiyim geyimlərə uyğun formalaşdırıram. Xoşuma gələn bütün brendlərdən geyimlər ala bilərəm. Qarderobumda  bazardan alınmışdan tutmuş ən bahalı brendlərə qədər geyimlər tapmaq mümkündür.

- Tərz olmaq üçün brend, bahalı geyinmək vacibdirmi?

Tərz olmaq birinci insanın özündən asılıdır. Tərz olmaq daxildən gəlməlidir. Zövqün olduqdan sonra tərzli də, cəlbedici də olmaq mümkündür.

- Aksessuarlarla aranız necədir? Ən sevdiyiniz və qarderobunuzda öz yerini möhkəmlətmiş aksessuarınız hansıdır?

Aksessuarları çox sevirəm.  Daha çox öz hazırladığım aksessuarlardan istifadə edirəm. Saç aksessuarlarını, barmağa keçirilən əl qolbaqları, broşları çox sevirəm və istifadə də edirəm. Mini çantalar isə vazkeçilməzimdir.

- Qarderobunuzda "must have"lər nələrdir bəs?

Mövsümdən asılı olaraq dəyişə bilər. Qışda daha çox üzərinə işləmələr etdiyim sviterlərə üstünlük verirəm. Yayda isə bacardığım qədər şalvardan yan qaçmağa çalışıram. Öz hazırladığım donlar, ətəklər qarderobumun əsasını təşkil edir.

- Qarderobunuzu tez - tez yeniləyirsiniz?

Aha... Şopoqolikəm.

- Rənglərlə aranız necədir?

Hər rəngi sevirəm. Ən çox sevdiyim rəng bozdur. Çünki boz rəngdə bütün rəngin çalarları var. Eləcə də qara.

- Gözəllik yoxsa dəb?

Gözəl hazırlanmış dəb...

- Moda sevərlərə, dəblə geyinməyə çalışan xanımlarımıza tövsiyyələriniz?

Bizim xanımlar çox qarışıq geyinirlər. Üzərinizdəki bir ulduz parça olsun. Qaradan əl çəksinlər. (gülür) Rəngli geyimlərə daha çox üstünlük versinlər.

Xavərin üskük kolleksiyasından bir hissə

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.