Kinomuzu onlardan soruşduq

02.08.2016

Bugünü, yəni, 2 avqustu 18 dekabr 2000-ci ildən Milli Kino Günü kimi qeyd edirik. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıdaneft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi"və s.) və bir bədii kinosüjetdən (";İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Və həmin dövrdən başlayaraq film sahəmizdə irəliləyişlər başladı...

Müasir kino sahəmiz də durmadan inkişaf gedir, yeni filmlər çəkilir, aktyor və aktrisalarımız xaricdə filmlərə, seriallara çəkilir, filmlərimiz beynəlxalq müsabiqələrdə iştirak edir. Elə biz də, Milli Kino Gününü nəzərə alıb, kino sahəsində fəaliyyət göstərən məşhurlarımızla bu sahənin indiki vəziyyəti və onların kinomuzdan gözləntiləri barədə kiçik soğru keçirdik.

İlham Qasımov - Prodüser, kinorejissor

Kino sahəmiz hələ gəncdi. Kadr çatışmazlığı var. Kommersiya kinosu inkişaf edir. Bu isə yeni kadırların yaranmasına və püxtələşməsinə imkan yaradacaq. Nəticədə, ümumən kino sahəmiz güclənəcək və inkişaf edəcək.

Rasim Cəfər – Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist

Film sahəsi hal-hazırda inkişaf mərhələsindədir. Yəni, demək olar ki, hər il bir neçə Azərbaycan filmi ölkəmizi müxtəlif film festivallarında təmsil edir və hətta mükafat da alır. Bura həm dövlət sifarişilə çəkilən, həm də müstəqil filmlər aiddir. Uzun uzadı sadalamaq istəmirəm, amma mətbuatda, sosial şəbəkələrdə, saytlarda bu barədə kifayət qədər məlumat var. İnkişaf mərhələsinin daha bir göstəricisi isə kommersiya filmlərinin çəkilməsidir. Pis ya yaxşı, zəif ya super demirəm, amma bu prosesin özü ümumilikdə kino sahəsinin inkişafına kömək edir. Sadəcə zaman və səbr lazımdır. Hələ ki, Azərbaycan kinosunun inkişaf etməkdə davam etməsini və özümün də, bu inkişafda bilavasitə iştirak edərək əməyimin olmasını istəyirəm! Gələcəkdə isə uğurlar gözləyirəm! Zaman gələcək Azərbaycan kinosu dünyanın ən nüfuzlu festivallarında ən yüksək mükafatları alacaq. Mən həmişə bu barədə optimistəm, inanıram! Dediyim kimi, zamanvə səbr…və və işləmək, zəhmət çəkmək, kino çəkmək!!!

Kamran Ağabalayev – Aktyor

Kino sahəmizin uğurları məni qane edir. 9 milyonluq xalqın “Sonuncu” kimi Kann festivalının əsas proqramına düşən filmi varsa və bu film sonradan 55 festivalın iştirakçısı olubsa, bunlardan 14-ünün qalibi olubsa çox gözəl nəticədir. Eyni zamanda “Nabat”, “Axınla aşağı” filmləri də bir çox festivallarda iştirak edib və qalib gəlib. “Azərbaycanfilmin” direktoru, Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmov işinin öhdəsindən məharətlə gəlir. Düzdür, problemlər var, amma harada problem yoxdur ki?! Problemlər olduqca çözüləcək, heç kimin şübhəsi olmasın!

Zemfira Abdulsəmədova – Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist

Son illərdə çəkilən filmlərimizə baxanda bu qənaətə gəlmək olar ki, milli kinomuz dirçəliş dönəmindədir. Bu filmlər arasında elələri olacaq ki, tarixdə qalacaq. İndi kinomuzda potensiallı orta yaş və gənc aktyorlarımız var. Müasir, zamanın tələbinə uyğun və hətta bəzi stereotipləri qıran rejissor nəsli yetişir desəm, səhv etmərəm. Azərbaycanda kino sənətini yaşatmaq üçün təkcə istedadlı rejissor və aktyor potensialı kifayyət etmir. Yaxşı filmə yaxşı büdcə lazımdır. Onda daha böyük müvəffəqiyyət əldə etmək olar.

Bəhruz Vaqifoğlu - Pantomim Teatrının aktyoru, Əməkdar artist

Azərbaycan kinosunun indiki durumu şükürlər olsun ki, dayanmadan inkişaf mərhələsindədir. Məlum olduğu kimi, dövlət filmlərilə yanaşı, kommersiya filmləri də çəkilir. Bir çox ticarət mərkəzlərində kinoteatrlar açılır. Kinoteatrlada fimlərin qala gecələri keçirilir, mətbuat konfransları olur, filmler üçün gözəl posterler düzəldilir, xaricdə rejissor, ssenari və operator təhsilləri alan insanlarımız var, film çəkən rejissorların sayı çoxalıb. Rəqabət var. Təbii ki, aralarında zəif və bayağı filmlər də var. Onlar da, zamanla ələnib yox olacaq. Amma bugün biz bu axının qarşısınə almamalıyıq. Filmə maliyyə ayıran insanlar ortaya çıxır, kinoya biznes kimi baxırlar. Bu, sevindirici haldır. İnanıram ki, her şey daha da yaxşı olacaq.

Rada Nəsibova – Aktrisa

Kino səhəmizin indiki durumunda 10-20 illə müqayisədə inkişaf görünür. Təbii ki, inkişaf var, amma bu inkişaf sürətli getmir. Kino çox az çəkilir. Söhbət təbii ki, peşəkar kinodan gedir. Avadanlıqlar yenilənməlidir. Amma ümid edirəm hər şey yaxşı olacaq. Çünki gedişat bunu göstərir. Ümümiyyətlə, kinostudiyanın özü kökündən təmir olunmalıdır. Hər şeyə rəğmən kinolar, seriallar çəkilir. Kinomuzdan çox şey gözləyirəm. Kino mədəniyyətin dünyaya ayaq açacaq parlaq nümunəsidir. Kino ilə bir ölkənin mədəniyyətini, dilini, adət-ənənəsini, elmini və s. daha asan təbliğ etmək olar. Bu baxımdan kinoya diqqət daha çox ayrılsa yaxşı olar.





© 2015 foxy.azBütün hüquqlar qorunur.