Uşaqlarınızı motivasiya edərək gələcəyə hazırlayın

21.05.2016

Məlumdur ki, bizim cəmiyyətdə valideynlərin əksəriyyəti uşaqlarına fərd yox məhz mülkiyyət kimi yanaşır. Bu isə öz növbəsində uşaqların gələcəyə baxışını dəyişir, öz sərbəst fikirlərinin olmasına mane olur, özlərini şəxsiyyət kimi təsdiq etməlirinə imkan vermir, gələcəyə motivasiya olmurlar və bəzən xoşbəxtlik onlardan uzaq olur. Biz də siz valideynlərə gələcəkdə övladınızla bu problemləri yaşamayısınız deyə onları gələcəyə motivasiya edərək böyütməyiniz üçün bəzi ipucları təqdim edirik.

Motivasiya fərdin özünü arzuladığı və beynində nəzərdə tutduğu hədəfə doğru irəliləmək üçün özünə, ətrafındakılara istiqamət vermək bacarığıdır, olduqca böyük əhəmiyyətə malikdir. Özünü təsdiq etmiş bir fərd olmaq həyatdakı ən vacib hədəflərdən biridir. Ana və ataların da ən böyük öhdəliklərindən biri də uşaqlarının özlərini tanıyan, “var olduqlarını” qavrayan fərd kimi böyüməsində köməkçi olmaqlarıdır.

Uşaqlarınızı motivasiya edərkən hansı məqamlara diqqət etmək vacibdir?

Övladlarınız hər dəfə çətin vəziyyətlə üz-üzə gələndə müdaxilə etməyin. Acanda, susayanda, dostu ilə dalaşanda, oyuncağı qırılanda, müəlliməsi danlayanda onları özlərilə tək buraxın. İmkan verin düşünsün, problemi qavrasın və bunun öhdəsindən necə gələcəyinin həll yolunu axtarsın. Əgər müdaxilə etsəniz, problemi onun yerinə həll etsəniz, gələcəkdə siz olmayanda hər hansı çətinlik qarşısında necə davranacağını öyrənə bilməyəcək. Uşaqlar çətin vəziyyətdən çıxmaq bacarığına sahib olsalar, həyatlarını uğurla idarə edə biləcəklər.

Qeyd edək ki, uşaqları motivasiya etmək onları xoşbəxt etmək deyil. Tam əksinə onları həyata, həyat şərtlərinə qarşı daha təcrübəli və cəsarətli olmaq üçün istiqamət verməkdir. Uşaqlarınızla birlikdə olanda onlarla daha mənalı söhbətlər edin. Görəcəksiniz ki, bir fərd kimi öznün dərk etməsində nə qədər kömək olur. Bu söhbətlər istiqamətləndirmək, məsləhət xarakterli olmamalıdır. Nəsə haqqında danışanda özünüzün yaşadıqları haqqında nümunələr verin.

Uşaqlarınızın qüsurlarını qəbul edin

Uşaqlarınıza saymazlıq etməyin, yoxmuşlar kimi rəftar etməyin, onlara qarşı amansız olmayın. Ən əsası da onları qonşu, “filankəs”in uşaqlar ilə müqayisə etməyin. Bu, bənzətmə nəinki uşaqlara mənfi təsir edir, hətta böyüklərin belə xoşlamadıqları bənzətmə yoludur. Əksinə onları olduqları kimi qəbul etsəniz həyat sizin üçün də, onlar üçün də asan olacaq. Onlara həyatlarında çətinlik yaradan qüsurlarından qurtulmaqları üçün köməkçi olun. Əgər vəziyyət daha ciddi və çətindirsə, bu vaxt bir mütəxəssisə müraciət edə bilərsiniz. Amma bunu uşaqlarınıza hiss etdirmədən edin. Çünki bunu başa düşəndə sizə müqavimət göstərəcəklər. Onlara “səni artıq psixoloqa aparacam, bacarmıram” deməyin.

Dərslə məşğul olmaq istəməyəndə onları məcbur etməyin

Ümumi olan bir vəziyyət var ki, uşaqlar çox vaxt dərs oxuyanda bunu məcburiyyət kimi görürlər və belə olanda çalışmaq istəmirlər. Belə olanda əgər uşqalarınızı dərs oxumağa qarşı həvəsləndirmək istəyirsinizsə, onlara əyləncəli şəkildə dərs oxumaqları üçün şərait yaradın. Bu vaxt vacib olan şey səbirli olmaqdır. Dərsləri ancaq nəzəri cəhətdən öyrənmək çox darıxdırıcıdır. Öyrəndiklərini praktiki cəhətdən də həyata keçirməkləri üçün onlara kömək edin. Dərsi ancaq masa arxasında deyil, həyatda görə- görə, gündəlik monotonluqdan uzaqlaşaraq öyrənə bilərlər. Məsələn, tarix dərsini oxuyan və sevən uşağınızı tez-tez muzeylərə, heyvanları, təbiəti öyrənən uşaqları zooparka aparın. Beləliklə, uşaqlar həm yaxşı öyrənəcəklər, həm də həyatları rəngarəng olacaq.

Ana və atalar bəzən, hətta çox vaxt uşaqların aldığı qiymətlərlə maraqlanırlar. Pis qiymət alanda isə bədbin davranşlar göstərirlər ki, bu da uşaqlara olduqca mənfi təsir göstərir. Bunu başa düşsələr də, düşməsələr də bu uşaqlarda motivasiya əksikliyi yaradır. Dərsdən gələndə, masa arxasında əyləşəndə aldıqları qiymətlərlə deyil, həmin gün nələr öyrəndikləri ilə maraqlanın. Onlarla söhbət edin, suallar verin. Bununla onlar öyrəndiklərini sizinlə paylaşacaq. Siz də onları diqqətli dinləyin. Nəticədə onlara çox faydalı olacaqsınız və bu vəziyyət qiymətlərə də təsir göstərəcək.

Bildiyimiz kimi uşaqlar oyun oynamağı, əylənməyi çox sevirlər. Əgər oyun oynamaqlarına həddindən artıq məhdudiyyət qoysanız, onlar dərslərini diqqətsiz şəkildə oxuyacaqlar və mızıldayacaqlar. Ancaq dərs və oyun saatlarını birlikdə təyin etsəniz həm siz, həm də uşaqlarınız rahat olacaq. Bu saatları yaxşı tarazlaşdırsanız dərslərindəki müvəffəqqiyyətlər də artacaq. Uşaqlarınızda kitab oxumağa həvəs yaradın. Hər yaş qrupuna xitab edən kitablar var. Əgər uşaqlarınız kiçikdirsə, onlara çoxlu hekayə kitabları oxuyun. Böyüdükdən sonra bu vərdişi davam etdirmək üçün onlara kömək edin. Bunun məktəbdə onlara nə qədər faydalı olacağını görəcəksiniz.

Şəxsiyyətlərini inkişaf etdirmək üçün fürsətlər yaradın

Ona qarşı olan sevginizi dilə gətirin. Onu müfatlandırın, amma bunu həddindən artıq etməyin. Onu mükəmməl şəxsiyyət kimi böyütməyə çalışmayın, sadəcə yanında olun, yol göstərin, var olduqlarını qavrasınlar deyə kömək edin. Öhdəliklər, siz kömək etmədən nəyisə etmək üçün fürsət verin. Qrup şəklində olan idman növləri və incəsənət növləri ilə məşğul olsunlar. Bunun dərslərinə mənfi təsir edəcəyindən qorxmayın. Həyat ancaq məktəbə gedib, dərs oxumaqdan və məktəbdə qiymətlərlə birinci olmaqdan ibarət deyil. Tam əksinə əlavə məşğələlərlə uşaqlar özlərini tanıyacaq və həyatlarında daha cəsarətli, doğru addımlarla irəliyə doğru gedə biləcəklər.

Aydan





© 2015 foxy.azBütün hüquqlar qorunur.