Xoşbəxt uşaq böyütməyin yolları

29.03.2016

Valideynlər çox vaxt mükəmməl övlad yetişdirəcəm deyə özlərini müəyyən çərçivəyə salırlar. Və çox vaxt da, uşaqları müxtəlif tədbirlərə, təlimlərə, kurslara “sürüməklə” özləri kimi olmağa yönəldirlər. Nəticədə uşaqlara özləri olmağa icazə vermirlər. Uşaqlar da, belə olduğu halda nəfəs alacaq zaman və özlərini ifadə edəcək yer tapmırlar. Amma dünyanın ən böyük zənginliyi məhz uşaqların üzündəki təbəssümdür. Belə bir nöqtədə ataların üzərinə əsas yük düşür. Atalar anaları xoşbəxt etdikdə, analar da, ataların köməyilə sağlam uşaq böyüdürlər. Bu yolda bir neçə üsul var ki, onlara əməl etməklə uşaqlarınızı daha xoşbəxt böyüdə bilərsiniz. Həmin üsulları sizinlə paylaşırıq.

İcazə verin özü etsin

Uşağınıza icazə verin ki, bacara bilmək duyğusunu dadsın. İstər süfrə hazırlayarkən, istər ev təmizləməkdə sizə kömək edərkən, istərsə də, şkafını səliqəyə salarkən – bunlar sadə işlər olsa da, icazə verin bunları uşaqlarınız etsin. Çox valideynlər uşaqların bu işləri etməkdə çətinlik çəkəcəyini düşünür. Bu səbəbdən də, uşaqlar belə işləri etmək istəsə də, valideynlər qəti surətdə buna imkan yaratmırlar. Əslində isə bu, səhv addımdır. Bu səhv addım uşağın özünə güvənməyini, bacara bilmək hissini boğur və onların xoşbəxt olmasına mane olur. 

Müqayisə etməyin

Evdə birdən çox uşaq varsa mütləq ki, valideynlər müqayisə etmək kimi bir “vəzifə”ni öz üzərlərinə götürürlər. Məsələn, bacın (qardaşın) yeməyini yedi, sən qaldın, o sözə baxır, sən isə, dəcəlsən kimi ifadələr bir çox  valideynlərə yəqin ki, tanışdır. Özünüzü uşağınızın yerinə qoyun və bu ifadələrin sizi nə qədər incitdiyini düşünün. Bilin ki, hər bir fərdin bacarıqları, davranışları və xarakteri çox fərqlidir. Buna görə də, uşağınızı olduğu kimi qəbul edin və ona xüsusi davranın. Mütəmadi olaraq onu başqaları ilə müqayisə etməyin. Sizin bu hərəkətiniz onu pis əhvala salır, xoşbəxt olmağına kölgə salır. 

Sevginizi ifadə edin

Son zamanlar demək olar ki, ana və atalar arasında ən böyük çatışmazlıq məhz sevgilərini yetəri qədər göstərməməkdir. Uşağınıza ona qarşı sevginizi necə göstərməyiniz də vacibdir. Unutmayın ki, sevgi hər şeydən əvvəl şərtsizdir. Bunu edərsən səni çox sevəcəm deyə şərt məzmunu daşıyan cümləni uşağınıza qarşı istifadə etməməlisiniz. Gün ərzində toxunaraq, saçlarını oxşayaraq, öpərək və gözəl sözlər deyərək, onlara bu sevginin qarşılığı, heç bir şərti olmadığını göstərin. Çünki dünyada ana və ata sevgisi qədər uşaqların ruhunu oxşayan başqa bir vasitə yoxdur.

Sevgi kimi hörmət də, vacibdir

Sevgi kimi hörmət də, xoşbəxt uşaq böyütməkdə çox vacib rol oynayır. Hər şeydən əvvəl özünüzə hörmət etin, daha sonra həyat yoldaşınıza, münasibətinizə və uşaqlarınıza hörmət edin. Hər yaşda uşaq ailəsində olanların hərəkətlərini təkrarlamağa çalışır. Bir-birinizə, ətrafınızdakılara və özünüzə də, hörmət etdiyinizi görən övladınız həm xoşbəxt, həm də ki, hörmət edən biri kimi böyüyəcək.





© 2015 foxy.azBütün hüquqlar qorunur.