Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr

17.06.2016

16 iyun tarixində Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan amerikalı Corc Kondonun fərdi sərgisinin açılış mərasimi keçirildi. Eyni gündə həm də Mərkəzin parkında "İ love Baku" adlı incəsənət kompozisiyasının da açılışı oldu. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, layihənin kuratoru Simon de Puri də iştirak edib. 

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən çox əsəri, o cümlədən rəsmləri, heykəltəraşlıq nümunələri yer alıb. 

Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-1978-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb.

Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gələn Corc Kondo Amerika karikatura sənətindən, Avropa portret tarixindən və yunan mifologiyasından ilhamlanaraq portret janrının araşdırılması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Corc Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. Corc Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir.

O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla da məşğuldur. Corc Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib.

Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb.

Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın Salzburq, Paris, Barselona, Bielefeld və London şəhərlərində sərgiləri keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.