YARAT – “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar”

10.06.2016

9 iyun tarixində YARAT Müasir İncəsənət Məkanı “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilərlə 2016-cı ilin ilk açılışını qapalı şəkildə etdi. Açılışda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Fransa Səfirliyindən nümayəndə, xarici qonaqlar, sərgi müəllifləri, Aida və Ülviyyə Mahmudovalar, eyni zamanda "YARAT Dostları" (Friends of Yarat) iştirak edirdilər. “Müqavimət haqqında 300 söz” sərgisi 7 gənc rəssamımız – Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitara İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanovun və 7 modern incəsənət ustalarımız Eldar Ağamalov, Ənvər Əsgərov, Rasim Babayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Tələt Şixəliyevin əsərlərilə tədqim olunur.

Sərginin konsepti iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi, həm də siyasi. Gənc rəssamlar əsərlərində müqavimət anlayışını araşdırıb, ölkə gənclərini düşündürən gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi mövzularla təqdim ediblər. Nümayiş etdirilən yeni əsərlər XX əsrin 60-cı illərinin rəssamları tərəfindən yaradılmış köhnə əsərlərə üz tutur, onlarla söhbətləşir.

“Kiçik yalanlar” adlı sərgi isə David Claerbout (Belçika) və Soren Thilo Funderin (Danimarka) video əsərlərindən ibarətdir. Siz bu sərgini seyr etməklə xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə səyahət edəcəksiniz. Sərgi iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.

Sərgi 10 iyundan etibarən 9 oktaybra qədər YARAT-da nümayiş olunacaq. Təqdim edilən hər iki böyük sərginin kuratorları Suad Qarayeva-Maleki və Björn Geldhofdur.

Qeyd edək ki, “Müqavimət haqqında 300 söz” sərgisi Azərbaycan Milli Rəsm Qalereyasına məxsus əsərlərlə, “Kiçik yalanlar” isə Vidi-Square şirkəti (Belçika) tərəfindən dəstəklənir.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.