“Umwelt” - Aida Mahmudova

16.05.2016

13 may tarixində YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılışı olub. Sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi "Flower beds", "Landscape", "Indigo", "Rockbed", "Overgrown", "The Coral" əsərləri, habelə "The Shard" heykəltəraşlıq nümunəsi nümayiş olunub. "Umwelt" alman dilindən tərcümədə "mühit" deməkdir. Bu ifadə 1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, izah etməyə çalışmışdı ki, digər canlılarla yaşadığımız mühitdə hər bir canlı xarici siqnallara fərqli reaksiyalar verir. Bu terminin istifadəsinin əsas məqsədi insanların həm də digər canlıların yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir."Umwelt" nisbətən daha rahat yaşayış ərazisidir.

Gündəlik həyatımızda adət etdiyimiz öhdəliklərin, situasiyaların və risklərin cəmindən ibarətdir. Aida Mahmudova 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, eləcə də rəsmi şəxslər, görkəmli mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, rəssamın  “Umwelt” fərdi sərgisi avqustun 13-dək davam edəcək. 

Sərgiyə giriş sərbəstdir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.