“Xarı bülbül” dəb dünyasında

11.05.2016

10 may tarixində orijinal mebel və dekorasiyaları ilə fərqlənən “CHELEBI Furniture and Decor” mağazasında “LACO” brendinin yaradıcısı rəssam-dizayner Lalə Ağayevanın yeni kolleksiyasının təqdimatı oldu. Kolleksiya adı və mahiyyəti baxımından fərqli, bir o qədər də, vacibliyilə seçilir. Belə ki, dizaynerin yeni kolleksiyası Azərbaycanın ayrılmaz hissəsi olan Şuşaya, daha dəqiq desək, yalnız Şuşada bitən “Xarı Bülbül”ə həsr olunub. Qeyd edək ki, Şuşa mövzusunda genişmiqyaslı işlər Heydər Əliyev Fondu, xüsusilə, Fondun prezidenti birinci xanım Mehriban Əliyeva tərəfəindən həyata keçirilir.

Tədbir “Qarabağ Şikəstəsi”nin sədaları altında Şuşa və Qarabağa aid kadrların təqdimatı ilə başladı. Bu kolleksiyanı hazırlamağa Lalə xanımı onun 20-22 may tarixlərində Azərbaycanı Moskvada keçiriləcək dəb nümayişində təmsil etməsi şövq edib. Lalə Ağayeva Moskvada ölkəmizi təmsil etmək təklifinin gəlməsini Qarabağdakı hərbi əməliyyatlar və şəhid ölümlərilə üst-üstə düşdüyünü dedi: “Belə bir vaxtda mən Vətənimə dəstək olduğumu və xalqımla həmrəyliyimi göstərmək istədim. Və bu istək mənə yeni kolleksiyam olan “Xarı bülbül”ü yaratmağa ruhlandırdı”.

Rəssam-dizayner xanım Azərbaycan və xalqımızın tarixini, mədəniyyətini, incəsənətini öz geyim kolleksiyasında bir daha vurğulamaq üçün “Xarı bülbül”ü parça üzərində sulu boya ilə çəkib. Kolleksiya köynək, sarafan, don və şalvarlı kostyumdan ibarətdir. Yeni layihə münasibətilə dizayneri həmkarları, dostları və tanışları təbrik üçün gəlmişdilər.

“Xarı bülbül” kolleksiyasının üzü isə əslən Şuşadan olan şairə, ictimai xadim Zəhra Bədəlbəylidir. Zəhra xanım layihə haqqında fikirlərini bölüşərkən bildirdi ki: “Bu layihə bir tərəfdən dəb sənayesində töhfəsi, digər tərəfdən isə vətənpərvərlik ruhunda olması, orijinallığı ilə seçilir. Artıq məlumdur ki, “Xarı bülbül” yalnız Şuşada bitir və onun bir neçə növu var. İki növünü isə dizayner bu kolleksiyasında istifadə edib. Məhz bu səbəbdən də, yaradıcı insanların vəzifəsi təkcə maraqlı kolleksiyalar yaratmaq deyil, həm də, vətənpərvərlik ruhunu vurğulamaqdır. Şuşa və “Xarı bülbül” mənə çox yaxın mövzulardır, mən bu gözəl şəhərin erməni işğalından azad olunması ümidilə yaşayıram”. Çıxışının sonunda Zəhra Bədəlbəyli Lalə Ağayevaya “Bakı Dəb Həftəsi”ndə və Moskvadakı dəb nümayişində uğurlar arzu etdi.

Sonda rəssam-dizayner Lalə Ağayeva kolleksiyasının təqdimatını keçirtməkdə ona dəstək olan “Bretz” mebel evinin sahibi Özcan Ataya, “CHELEBI Furniture and Decor”un idraçilərinə də, təşəkkür etdi.

Qeyd edək ki, rəssam-dizayner Lalə Ağayevanın yeni kolleksiyası “Xarı Bülbül” “Bakı Dəb Həftəsi” çərçivəsində 14 may tarixində mono-çıxışda nümayiş olunacaq.





© 2015 foxy.azBütün hüquqlar qorunur.