Anton Zabolotnyi: "Məhz bu mövsüm saçlar maksimum azad, təbii dinamik- dalğalı ya da əzilmiş halda tərzli görünəcək."

04.07.2016

Yay artıq özünü göstərir. Bunu bizim dərimiz, saçlarımız və orqanizmimiz də çox yaxşı hiss edir. Qızmar fəsildə də gözəl, baxımlı görünməyimiz şərtdir. Çünki belə zamanlarda saçlarımızdan tutmuş dırnağımıza qədər zərər görə bilir. Belə ki, isti yay günlərində günəşin altında, çimərlikdə, hovuzda çox oluruq, şəhərin ekoloji natəmizliyi belə saçlarımıza mənfi təsir edə bilir. Buna görə də, gözəl və baxımlı görünmək üçün saçlarımıza həm yaxşı qulluq etməli, həm də trendlərə də ayaq uyduraraq tərzli olmalıyıq. Bütün bunları nəzərə alıb sizin üçün Studio D.I.-nin peşəkar saç ustası Anton Zabolotnyi ilə yay mövsümünün saç trendlərindən, yayda saçlara qulluqdan və evdə asanlıqla edə biləcəyiniz saç formaları barədə faydalı olacaq kiçik müsahibə hazırladıq.

Anton Zabolotnyi iki ildir Bakıda çalışan ukraynalı saç ustasıdır. O, 2008-ci ildən, yəni, 7 ildir ki, sevdiyi işlə məşğuldur. Saç ustası-modelyerlik üzrə dövlət təhsilini bitirdikdən sonra bu sahədə daha çox bilik və təcrübə əldə etmək üçün müxtəlif seminarlarda, təlimlərdə, master-klaslarda iştirak edib. Çünki dediyinə görə, onun üçün işdə şəxsi intizam, özünü inkişaf etdirmək çox vacibdir. İki ildir ki, Bakıda bir çox uğurlu layihələrdə və çəkilişlərdə iştirak edib. Və işini daha yaxşı etmək, Azərbaycanda müştərilərin nə istədiklərini bilmək üçün də, mütəxəsislərlə görüşüb.

- Anton, bu yay hansı saçlar trenddir?

Dünya trendlərini analiz edib onları rahatlıq, praktiklik baxımından şəhər sakinlərinə uyğunlaşdırsaq görərik ki, bu yay daha şıq rənglər saçlarda dəbdir. Ümumiyyətlə, rəng trendlərində Pret-a- Porter və Houte Couture xətti olur. Gündəlik həyatda isə daha çox Pret-a- Porter xəttinə üstünlük verilir. Mən isə boyalı saçlar trendində daha çox təbiiliyə üstünlük verirəm. Buna görə də boyanma zamanı salonda haylayterdən tez-tez istifadə edirəm. Saç kəsimlərinə gəldikdə isə daha çox həndəsi formalı və yaxud da, orta uzunluqda, ucları kobud kəsimli saçlar bu mövsüm hakimdir. Məhz bu mövsüm saçlar maksimum azad, təbii dinamik- dalğalı ya da əzilmiş halda tərzli görünəcək.

- Yayda, xüsusilə də, çimərlik vaxtı saçlara qulluqla bağlı hansı məsləhətləri görərsən?

Saça və baş dərisinə qulluq üçün əsas məhsullar barədə unutmaq olmaz. Buna görə də, evdə saç və baş dərisinə qulluq ritualı arasında 3 əsas məhsul mütləq olmalıdır:

1. Baş dərisinin növünə uyğun şampun.

2. Saç vəziyyətinin növünə görə seçilmiş maska, balzam və ya kondisioner.

3. Şəkilləndirmə ya da boyama zamanı saçı qoruyacaq vasitə.

Eyni zamanda yayda saçların qayğısına qalmaq üçün müxtəlif brendlərin xüsusi günəş əleyhinə olan məhsullarından istifadə etməyi məsləhət görürəm. Belə məhsullar məhz günəş zamanı saçları qorumağa və günəşdən sonra onların sürətlə bərpası üçün nəzərdə tutulub.

- Bəs bu mövsüm xanımlarımız daha dəbli görünsünlər deyə onlara ev şəraitində saçlarına forma vermələri üçün hansı ip uclarını verə bilərsən?

Fəsildən aslı olmayaraq Bakının iqlim şəraiti yüksək rütubətlidir. Üstəlik də, yayda günəşdən təsirlənərək güclü isti, qışda isə güclü külək olur. Buna görə də, yayda saç şəkilləndirmə forması seçərkən maksimum rahat və asan üsul seçmək lazımdır. Yay vaxtı gənc xanımlar saçlarını tez- tez müxtəlif formalı hörə bilərlər. Belə isti havalarda saçlar üzə və boyuna dəyməsin deyə yığmaq istəyənlər olur. Onlar da müxtəlif dəbli saç aksesurlarından, sancaqlardan istifadə edərək “Yunan” ya da ki, “Roma” tərzini yarada bilərlər. Bu yay saçlara fərqli tərz qatmaq üçün də böyük formalı şlyapalar da dəbdədir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.