“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 – son gün

28.05.2016

“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017-nin bağlanışı 26 mayda baş tutdu. Bağlanış günü maraqlı və fərqli anlarla yadda qaldı. Sonuncu gün podiumda yerli və xarici dizaynerlər öz payız-qış kolleksiyalarını nümayiş etdirdilər. Belə ki, bağlanış günündə qazax dizayneri Leonid Zherebtsov, gürcü dizayneri Tiko Nebieridze, fransız dizayner Jitrois, yerli dizayner Nargiz Shakhbazi və brend SH Couture dəbsevərlərə dəbli şou yaşatdılar.

Sonuncu günün açılışını qazax dizayner Leonid Zherebtsov öz yenilikçi, brendin güclü ruhunu önə çıxardan kolleksiyası ilə etdi. Dizayner bu fərqli kolleksiyanı Maybelline New York-la əməkdaşlıq nəticəsində hazırlayıb. Əməkdaşlıqdan yaranmış dinamik multigender kolleksiya həndəsi fiqurlardan və parlaq noxud printlərdən, tünd bənövşəyi, tünd mavi və qara rəngin ahəngindən ibarətdir. Məhz multigender kolleksiya olduğundan podiuma xanım modellərlə yanaşı, kişi modellər də çıxdılar. Zherebtsovun kolleksiyasında əsas vurğu və ideya New York-un üzərində toplanıb. Kişi və qadın geyimlərindən ibarət kolleksiyaya Amerika həyat tərzi, böyük və qaynar şəhər həyatının enerjisi hopdurulub. Kolleksiyada təbii parçalar, unikal printlər, zolaqlar, cinslər, təbii və süni xəz istifadə olunub.

Podiumun ikinci qonağı yerli dizayner Nargiz Shakhbazi “Capsule” kolleksiyası ilə oldu. İpək parçalardan və əl işlərindən ibarət olan kolleksiyada özbək havasını hiss etmək olurdu. Siz yerli dizaynerin kolleksiyasından özünüzə həm gündəlik, həm ziyafət, həm də kokteyl geyimləri tapa bilərsiniz. Geyimlərdəki rəngarənglik, özbək naxışları və modellərin makiyajı podiumda ahəng təşkil edirdi. Qeyd edək ki, Nargiz Shakhbazinin kolleksiyasının təqdimatında podiuma gənc qrafik-dizayner və Parcha brendinin yaradıcı Aysel Sadiqova da model kimi çıxdı.

Nargiz Shakhbazidən sonra podiuma gürcü dizayner Tiko Nebieridze “Təbiətə qayıdış” kolleksiyasını nümayiş etdirdi. Çiçək, quş printlərin olduğu kolleksiya bir qadının eyni anda romantik, iş, həm də eleqant qadın olduğunu vurğulayır. Ancaq təbii parça və dəridən hazırlanan kolleksiya rahat, ciddi və romantik geyimlərdən ibarətdir. Kolleksiyada gürcü dizaynerlərin sevimli rəngi olan qara rəng hakim olsa da, onu çəhrayı, qırmızı, bej rənglər izləyir.

Sonuncu gün podiuma daha bir yerli brend SH Couture debüt kolleksiyası ilə çıxdı. İki gənc xanım – Günel Şabanova və Aygün Həsənovanın işi olan kolleksiyada ağ, bej rənglər hakim idi. Kolleksiya əsasən, ətəklərdən, donlardan və bir ədəd gəlinlikdən ibarətdir. Tül, qaş, lent, krujeva, işləmələr və fərqli kəsimlər kolleksiyaya əlavə hava qatır.

Dəb həftəsinin bağlanışını isə məşhur fransız dizayneri Jean Claude JITROIS etdi. Bu kolleksiya döyüşlərdə və səyahətlər, həyat, sevinc və tamah isə bütün növ müxtəlif ifadə rəmzlərini özündə əks etdirir. Rahatlıq vəd edən kolleksiyanın rəng seçimi bozumtul xaki, bozumtul mavi və tünd bordodur. Göndəkçələrdə dəri və saçaq detallardan istifadə olunub. Pencəklərdə streç dəridən istifadə olunub, donlarda, ətəklərdə isə zamşa üstünlük təşkil edir. Kişi və qadın geyimlərindən hazırlanmış kolleksiya gündəlik, party və metallik detalları ilə birlikdə kokteyl parçalarından ibarətdir.

Fotoqraflar: Nuranə Novruz; Mamoş Hüseynov

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.