Azərbaycan Dəb Həftəsi Payız/Qış 2016 - 1-ci gün

24.05.2016

Dörd gün davam edəcək “Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017 23 may tarixində Boulevard Hotel-də start götürdü. İlk gün podiumda məşhur qazaxıstanlı dizayner və stil məsləhətçisi Alex Chzhen, Tamara Lamanukaeva, gürcü brendi Salle De Mode, yerli brendlərdən isə K Fabuel və Libas Couture-un kolleksiyaları nümayiş olundu.

“Azərbaycan Dəb Həftəsi” Payız/Qış 2016-2017-in açılışını qazaxıstanlı dizayner və stil məsləhətçisi Alex Chzhen etdi. Minimalist tərzdə olan kolleksiyanın əsasını ağ və qara rənglər təşkil edirdi. Amma buna baxmayaraq pastel çalarlar da öz sözünü deyirdi. Dizayner kolleksiyasında Sovet məktəb önlüklərini və simvolik döş medallarını assimetrik şəkildə birləşdirib. Qazax dizaynerin Payız/Qış kolleksiyası şalvarlardan, assimetrik şəkildə kəsilmiş cins, dəri donlardan, ətəklərdən, köynəklərdən ibarət idi.

Dəb nümayişinin davamını daha bir qazaxıstanlı dizayner Tamara Lamanukaevanın payız-qış kolleksiyası etdirdi. Rəng baxımından ağ-qara, çəhrayı rənglər, pastel çalarlar üstünlük təşkil edirdi. Şalvar, ətək və donlar diqqət mərkəzində idi. Assimetik kəsimlər, valanlar, muncuq, biser bəzəklər, kəmərlər geyimlərə əlavə hava qatırdı. Ürək printlər isə kolleksiyanın “sevgi” notlarını tamamlayırdı. Kolleksiya gündəlik, kokteyl, eləcə də sterotiplərdən kənar ofis qarderobu üçün uyğundur.

Podiumda izləyicilərə üçüncü nümayişlə gürcü zərafətini Salle De Mode qaranın hakim olduğu “Əl” kolleksiyası ilə çatdırdı. Kolleksiyanın əsas rəngi qaranı xaki, gümüşü metal, ağ, bej çalarlar müşahidə edirdi. Brendin geyimlərindəki tafta, dəri, tül, uçuşan parçalar zərifliklə nəcibliyi təcəssüm etdirir. Fərqli ayaqqabı və çantalar kolleksiyaya unudulmaz notlar qatırdı. İstər geyimlərdə, istər çantalarda olan əl detalı kolleksiyanın əsasını təşkil etməklə onun keyfiyyətini də izləyicilərə çatdıra bildi. Dizayner Salome Amanatishvili həndəsi kəsimlərdən ibarət kolleksiyası ilə qadın təbiətini cəlbediciliyilə vurğulaya bilmişdir.


Dəb gecəsinin dördüncü nümayişini yerli brend K Fabeul etdi. Kolleksiya qara, qırmızı, ağ və pastel rənglərin olduğu ziyafət geyimlərindən ibarət idi. Assimetrik və həndəsi kəsimlər, valanlar, saçaqlar, dəri detallar, fərqli yaxalıqlar, uçuşan parçalar donlara, ətəklərə əlavə hava qatırdı. Kolleksiyada saçaq detallar və assiketrik kəsimlərin birləşdiyi, uçuşan parçadan ibarət bir ədəd gəlinlik də nümayişçilərə təqdim edildi.

Dəb həftəsinin ilk gününün bağlanışını öz mono-nümayişi ilə yerli brend  Libas Couture etdi. Podiumda modellər maestro Salman Qəmbərovun canlı caz ifası ilə kolleksiyanı təqdim etdilər. Lina Əliyeva və Zemfira Musayevanın payız-qış kolleksiyası ziyafət, kokteyl geyimlərindən təşkil olunmuşdu. Tüllər, saten, uçuşan parçalar, dəri detallı korsetlər geyimlərin incəliyini, cəlbediciliyini vurğulayırdı. Kolleksiyanın əsasını qara, qırmızı, yaşıl, ağ və bej rənglər təşkil edirdi. 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.