Bakı Dəb Həftəsi Payız/Qış 2016-2017 – 2-ci gün

16.05.2016

Bakı Dəb Həftəsi Payız/Qış 2016-2017 ikinci günündə ukraynalı dizayner Lyudmila Bushinsky-nin “RUTA” brendinin, azərbaycanlı dizayner Zülfiyyə Seyidəliyevanın “Di Lusso” brendinin, üç azərbaycanlı dizayner – Nərgiz Muxtarova, Ülkər Hüseynova və Lalə Ağayevanın kolleksiyalarının mono-nümayişləri oldu. 

Dəb Həftəsi ikinci günü ukraynalı dizayner RUTA brendinin kolleksiyası ilə açıldı. Kolleksiya son illər dəb dünyasının trendinə uyğun olaraq etnik motivlərdən ibarət idi. Etnik motivləri özündə birləşdirən geyimlər zərifliyilə izləyiciləri özünə heyran etdi. Podiumda təqdim olunan geyimlər – kostyumlar, ətəklər, donlar, köynəklər Ukraynanın milli ornamentləri ilə bəzədilmişdi, geyimlərin parçaları isə təbii materiallardan (pambıq və kətan) idi, sintetik parçalardan istifadə olunmamışdı.

Dəb nümayişi yerli dizayner Zülfiyyə Seyidəliyevanın “Di Lusso” brendinin payız/qış kolleksiyasının təqdimatı ilə davam etdi. Kolleksiyada zamşa, məxmər, dəri, uçuşan, tül parçalar, gül, yarpaq detallar, qaşlar üstünlük təşkil edirdi.

İkinci günün üçüncü nümayişi isə Nərgiz Muxatorva, Ülkər Hüseynova və Lalə Ağayevanın kollekiyasından ibarət mono-nümayişlə başa çatdı. Nərgiz Muxtarovanın kolleksiyası gündəlik və ziyafət geyimlərindən ibarət idi. Parlaq rənglərlə tünd çalarlar ahəng təşkil edirdi. Həm gənc, həm də orta yaşlı xanımların müraciət edə biləcəyi kolleksiya idi. Çiçək, xırda noxud printlər, naxışlar, tüllər, parlaq detallar geyimlərə əlavə rəng qatırdı.

Mono-nümayişin ikinci göstərsini Ülkər Hüseynova “Barbie girl” kolleksiyası ilə etdi. Podiumda əsl dəb şousu yaşandı. Şıltaq modellər geyimlərin də şıltaqlığını sözün əsl mənasında göstərə bildilər. Rəngarəngliyilə seçilən kolleksiya gündəlik və rahat geyimlərdən ibarətdir. Əsasən gənc qızlar üçün nəzərdə tutulub.

Mono-nümayişin son dəb göstərisini isə Lalə Ağayevanın Qarabağ, daha dəqiq desək, Şuşanın Xarı bülbülünə həsr etdiyi “Xarı bülbül” kolleksiyası tamamladı. Modellər Alim Qasımovun ifasında olan muğam sədaları altında ayaq yalın şəkildə podiuma daxil oldular. Vətənpərvərlik, millilik podiumda birləşdi. Kolleksiya şalvarlı kostyumdan, donlardan, köynəklərdən, xalatlardan ibarətdir.

Foto: Nurana Novruz





© 2015 foxy.azBütün hüquqlar qorunur.