Azərbaycan Dəb Həftəsi Yaz-Yay’ 2017: 1-ci və 2-ci gün

26.11.2016

Xəbər verdiyimiz kimi, noyabrın 21-dən AFW Yaz-Yay’17 Daş Salnamələr Muzeyində başlayıb. Biz də, Foxy komandası olaraq dəb həftəsində iştirak edərək, podiumda baş verənləri siz oxucularımıza təqdim edirik. Başlayaq 21 və 22 noyabrın xülasəsilə.

2017 Yaz-Yay dəb həftəsinin açılışını mono nümayişlə Atelier Emilie-nin yaradıcısı dizayner Emina Amin etdi. Keçən mövsümdən fərqli olaraq o, bu dəfə öz çıxışında fərqlilik etdi. Podiumda təkcə uşaq geyimlərini deyil, həm də qadın geyimlərini nümayiş etdirdi. Onun qadın və uşaq geyimlərindən ibarət yaz-yay kolleksiyası "Simplicity" adlanır. Bu kolleksiya rəngli parçalardan ibarətdir. Həm uşaqların, həm də xanımların zövqünü oxşaya biləcək səviyyədə, eleqantlıq və incəlik qatılaraq hazırlanıb.

Gecədə eyni zamanda keçən il Dəb Həftəsi çərçivəsində keçirilən müsabiqədə qalib gələrək İtaliyaya təhsil almağa gedən Aysel Sadıqova və Nərmin Həmidli də gənc xanımların zövqünü oxşayacaq kapsul qarderob kolleksiyalarını təqdim etdilər.

Azərbaycan Dəb Həftəsinin ikinci günündə isə podiumlarda Qazaxıstan nəfəsini One to One və Tamara Lamanukaeva ilə, Ukrayna zərifliyini Snezhana Gorobets- lə, gürcü fərqliliyini Zenka&Mari-lə, fransız zadəganlığını Christophe Guillarme ilə hiss edə bildik.

İkinci günün ilk nümayişini Qazaxıstan brendi One to One etdi. Brendin Yaz- Yay’17 kolleksiyası The librarian adlanır və rəngli çiçəklər, parıltılı fakturadan ibarətdir. Oversize don və paltolardan, geniş siluetlərdən təşkil olunan kolleksiya 70-lərin dəbini özündə birləşdirir.

One to One-dan sonra daha bir Qazaxıstan dizayenrini podiumda görə bildik. Tamara Lamanukayeva ağ və boz rənglərə də yer verdiyi kolleksiyasında qaraya qarşı xüsusi “sevgi elan edib”. Ciddiliyilə diqqətçəkən kolleksiyada qəzet printlərə üstünlük verilib.

Ukrayna zərifliyini podiumda Snezhana Gorobtes nümayiş etdirdi. Rənglərə geniş yer verilən kolleksiyada dama-dama printlər üstünlük təşkil edir. Əsasən ətəklər, şalvarlar və donlar kolleksiyanı bəzəyir.

Zenka&Mari brendilə gürcü fərqliliyini bu mövsüm də podiumda hiss edə bildik. Qara və pastel çaların üstünlük təşkil etdiyi kolleksiya geniş siluetilə tərzinizə fərqlilik qatacağına söz verir. Dəri parçalar kolleksiyanı bəzəyir.

İkinci günün sonuncu çıxışını isə mono nümayişilə fransız dizayner Christophe Guillarme etdi. Ziyafət geyimlərindən ibarət kolleksiya parıltı, geniş rəng çeşidi, print çoxluğu ilə zövqləri oxşadı.

Foto: Tural Paşa

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.