Zahılıq dövrü

29.01.2016

Doğuşdan dərhal sonra başlayan və 6 həftə davam edən müddət zahılıq dövrüdür. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlikdən əvvəlki hala dönür. Hər orqan və sistemin hamiləlikdən əvvəlki vəziyyətə dönməyi müəyyən müddət çəkir. 

Zahılıq dövrü - çox erkən, erkən və gec adlanan üç dövrə ayrılır:

1. Çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;

2. Erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;

3. Gec zahılıq dövrü: qalan 5 həftə müddətini əhatə edir.

Zahılıq dövrünün xüsusiyyətləri və məsləhətlər

Doğuşdan sonrakı gigiyena

Əllər tez-tez yuyulmalıdır. Tikişləri təmizləmək üçün aseptik məhlullar (məsələn, Betodin) istifadə olunmalıdır. Təmizlik vaxtında edilməlidir. İstifadə olunan bezlər yumşaq, təmiz, rəngsiz və qoxusuz olmalıdır. Bezlər tez-tez dəyişdirilməli, pambıqlı alt paltarına üstünlük verilməlidir. Tikişlərdə doğuşdan sonra ilk bir neçə gün şişlik, gərginlik və narahatlıq ola bilər, oturmaqda çətinlik çəkmək olur. Tikiş ipləri həkim tərəfindən açılmır, özbaşına düşür. Təmiz olduqda yara 1-2 həftə ərzində bərpa olur. Qanaxma normaldan çox olsa (1 saatdan daha tez bezin tamamilə islanması), istiliyin yüksəlməsi və ya axıntıda pis qoxu olsa həkimə müraciət edilməlidir. Qeysəriyyə kəsiyi olanlarda da tikiş bölgəsində şişkinlik, qızartı və axıntı olsa həkimə müraciət edilməlidir. Normal doğuş sonrası qadın mümkün olduqca hər gün ilıq duş almalıdır.

Qidalanma

Ədviyyatlı, acılı, yağlı və qızartma qidalardan uzaq durmaq məsləhətlidir. Sulu qidalara üstünlük verilməlidir. Nikotin, spirt kimi maddələr istifadə edilməməli, çay və qəhvə qəbulunu dayandırmaq lazımdır.

İstirahət və yuxu 

Doğuş sonrası ana yorğunluq, ağrılar, körpənin qidalanması, qulluğu səbəbilə istirahət və yuxuya kifayət qədər zaman ayıra bilmir. Bunun üçün ailənin digər üzvlərindən kömək alınmalıdır. Gəcələri əmizdirmə səbəbi ilə yuxu tez-tez bölündüyündən gün ərzində ən az 2 saat istirahət və yuxuya zaman ayırmalıdır. Zahılıq dövründə ağır işlərdən uzaq durulmalıdır. 

Bədənin əvvəlki görünüşünə qayıtması 

Hamiləlikdən əvvəlki çəkiyə qayıtmaq tələsik edilməməlidir. Ayda 2 kiloqramdan artıq çəki itkisi uyğun deyil. Bədən çəkisi doğuşdan 6 həftə sonra əvvəlki halına dönməyə başlayacaq. Əmizdirən analarda uşaqlıq və qarın əzələləri əvvəlki halına daha asan gəlir. Doğuş sonrası bir müddət sallanan və böyük qarın üçün sarğı və ya korset istifadə etməlidir. Bunun üşün fiziki məşqlər faydalı olur. Həftədə ən az 3 dəfə 20-30 dəqiqə müddətlə məşq edilməlidir.

Dərman istifadəsi

Lazım olarsa həkim tərəfindən ağrıkəsici, antibiotik və vitaminlər təyin oluna bilər. Həkimin təklifi olmadan heç bir dərman istifadə edilməməlidir. Dəmir dərmanların da doğuşdan 3 ay sonraya qədər istifadəsi davam edilməlidir. Ananın istifadə etdiyi dərmanların "ana südü" ilə körpəyə keçə biləcəyi də müəyyən olunmalıdır. 

Qarın ağrısı

Doğuş sonrası görülən qarın ağrısı uşaqlığın sıxılması və kiçilməsi ilə əlaqədardır. Əmizdirmə prosesi də uşaqlığın sıxılmasını sürətləndirir. Qarın ağrısı 48 saat ərzində yüngülləşir.

Doğuş sonrası cinsi əlaqə 

Doğuşdan sonra zahılıq dövrü ərzində (42 gün) cinsi əlaqə təxirə salınmalıdır. Cinsi əlaqədə hamilə qala biləcəyinizi unutmamalısınız. Ana və körpə sağlamlığı üçün bir ildən daha qısa müddətdə hamiləlik məsləhətli deyil. Qadın həkimi ilə məsləhətləşib qorunma üsulu seçilməlidir.

Həyat Klinikasının ginekoloqu Nərminə Əskərova 





© 2015 foxy.azBütün hüquqlar qorunur.