Uşaqlığın mioması (fibroması)

08.01.2016

Mioma (fibroma) - düz əzələlərdən və fibroz toxumadan ibarət olan, uşaqlığın ən tez rast gəlinən xoşxəsəli (yani, xərçəng olmayan) bir şişdir. Reproduktiv dövründə qadınların 20-25%-də rast gəlinir, 40 yaşdan sonra qadınlarda bu nisbət 45-50%-ə qədər çıxa bilir. Uşaqlığın əzələ qatında yerləşir və tək ola biləcəyi kimi, çoxsaylı da ola bilər. Miomaların diametri 3-5 mm-dən 25-30 sm-ə qədər ola bilir, formaları yumru, uzunsov olur.

Miomaların yerləşməsinə görə, üç növü olur:

1. Subseroz mioma - uşaqlığın əzələ qatında yerləşir, xarici tərəfə doğru inkişaf edir

2. İntramural mioma - məhz əzələnin içində, yəni uşaqlığın divarında, yerləşir

3. Submukoz mioma - uşaqlığın içinə doğru inkişaf edir, bir hissəsi selikli qişanın altında yerləşir.

Bir çox hallarda miomaların qarışıq yerləşməsi də ola bilər. Estrogenlər və progesteron (qadın hormonları) miomların böyüməsinə təsir edir. Hamiləlik zamanı da hormonların səviyyəsinin artmasına görə miomalar daha da böyüyür. Lakin klimakterik dövründə qadın hormonların səviyyəsi azalır və miomlar zamanla kiçilir.

Mioma özünü necə göstərir?

Bir çox qadınlar miomaları olduğundan xəbərləri olmadan ömürlərini keçirdirlər. Miomaların əlamətləri yerləşməsindən və ölçülərindən asılıdır. Bəzən mioma heç bir şikayətə səbəb olmur və adi ginekoloji müayinə zamanı aşkar oluna bilər. Lakin bəzən də, həddindən artıq qanaxma, tez-tez sidiya getmə və qəbizlik kimi şikayətlərə səbəb ola bilir.

Ən çox rast gəlinən şikayətlərdən biri aybaşı pozğunluğudur. Yəni, aybaşı zamanı qanaxmanın miqdarında artma və müddətində uzanma ola bilər. Bu əlamət əksərən submukoz və intramural miomalara aiddir. Mioma böyüdükcə endometriyanı itələyir və qanaxma sahəsi artır. Əvvəl qanaxmanın müddəti dəyişməzkən, yalnız itirilən qanın miqdarı çoxalır. Daha sonra yavaş-yavaş müddət də uzanmağa başlayır. Bu qanaxmalar bir müddət sonra qan azlığına yəni "anemiya" ya səbəb olur.

Nadir hallarda mioma çanaqda baş verən ağrılarla özünü göstərir. Bu yalnız miomanın degenerasiyası (quruluşunun pozulması) ilə bağlı ortaya çıxar. Yavaş-yavaş artan qasıq nahiyasində ağrı ola biləcəyi kimi, kəskin bir ağrı olaraq da ortaya çıxa bilər. Bəzi hallarda böyümüş bir mioma ətrafındakı toxumalara və sinirlərə təzyiq edərək da ağrıya yol aça bilər. Burada daha çox bel ağrısı şikayətləri görülür. Böyük miomalar, əksərən, subseroz yerləşən düyünlər, qonşu organlarını (sidik kisəsi və düz bağırsaq) sıxır. Nəticədə tez-tez sidiyə çıxma və qəbizlik kimi əlamətlər baş verir. Bəzən xəstəni həkimə gətirən səbəb qarının şişməsi və ya böyüməsi ola bilər. Bu həddindən böyük miomalarla bağlı ola bilər. Mioma bəzən sonsuzluq səbəbi ola bilər. Ancaq digər sonsuzluq səbəbləri araşdırılıb tapmadıqdan sonra mioma sonsuzluqdan məsul tutula bilər.

Mioma bədxassəli ola bilərmi? 

Əksər hallarda, xeyr. Miomanın bədxassəli, yəni, xərçəng olma ehtimalı çox azdır. Ancaq, çox sürətli böyüyən və USM zamanı qeyri-həmcins olan miomalarda bu ehtimalı gözləmək olar.

Mioma diaqnozu necə qoyulur?

Bu diaqnozu qoymaq çox asandır. Ginekoloji və ultrasəs müayinəsi zamanı mioma aşkar olunur. Diaqnostika üsülları: ultrasəs müayinəsi ( abdominal və ya vaginal olur), histeroskopiya (bir teleskopik kameranın uşaqlığın içinə girməsi ilə araşdırılma olur), laparoskopiya (qarından edilən kiçik bir kəsiklə qarın boşluğunun araşdırılması aparılır).

Miomanın müalicəsi

Mioması olan bir çox qadınlarda, əgər diqqətə çarpan bir şikayət yaratmırsa, müalicə lazım deyil. Yalnız hər 6 aydan bir müayinə və ultrasəs müayinəsi təyin olunur. Müalicə medikamentoz (dərmanlar vasitəsi ilə) ya da cərrahi ola bilər. Bütün miomaların cərrahi yolla çıxarılmasına ehtiyac yoxdur. Ağrı, təzyiq hissi, nizamsız və həddindən artıq qanaxma şikayətləri olmayan xəstələr nizamlı müşahidə olunur. İrəlidə hamiləlik düşünən xəstələr və ya klimaksa girəcək xəstələr bu şəkildə müşahidə edilir. Həddindən artıq qanaxma verən və sürətlə böyüyən miomalar cərrahi olaraq çıxarılmalıdır. Uşaqlığı buraxılaraq yalnız miomaların çıxarıldığı əməliyyatlara miomektomiya deyilir. Miomanın yeri və böyüklüyü cərrahi əməliyyatın növünü müəyyən edir. Uşaqlığın boşluğunda yerləşən miomalar cərrahi histeroskopi ilə çıxarıla bilər. Laparoskopik üsulu ilə uşaqlığın üzərində yerləşən miomalar çıxarılır.

 Həyat Klinikasının ginekoloqu Nərminə Əskərova 





© 2015 foxy.azBütün hüquqlar qorunur.