Sistit - qadınlarda sidik yolu infeksiyası

21.12.2015

Qadınlarda sidik yolu infeksiyası, yəni sistit, kişilərə nisbətən daha çox rast gəlir. Təxmini olaraq qadınların 50-60% - i həyatlarında ən az bir dəfə sidik yolu infeksiyası keçiriblər. Bir çox qadınlarda sidik yolu infeksiyası təkrarlanır. Sidik yolu infeksiyasının tez-tez təkrarlaması həm həyat keyfiyyətini aşağı salır, həm də böyrəklər tərəfindən ciddi problemlər yaradır. Yəni infeksiyaların təkrarlanmaması üçün lazımlı tədbirlər vaxtında alınmalıdır. 

Sidik yolları infeksiyasının səbəbləri
Qadınların sidik yolları xaricə çox qısa bir kanalla açılır. Bu səbəblə çöldən mikrobların girməsi daha asandır. Xüsusilə vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilirlər. Bu mikrobların sidik kisəsinə girməsinə və infeksiyaların çoxalmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azalması və immunitetin zəiflənməsi ilə daha tez bu simptomlarla qarşılana bilər.

Sidik yolları infeksiyasının kliniki əlamətləri - sidiyə gedəndə yanma və göynəmə, tez-tez sidiyə çıxma, sidik edərkən çətinlik, sidiyin qanlı gəlməsi, qarının və belin aşağı nahiyyələrində ağrılar, sidiyi tuta bilməmə, qızdırma və halsızlıq.

Bu vəziyyətlərdə  mütləq həkimə müraciət etmək və ümumi sidik analizi vermək lazımdır. Bəzən ümumi analizin yetərli olmur ona görə də sidiyin əkilməsi tələb olunur. Sidiyin əkilməsi infeksiyanın növünü və antibiotiklərə həssaslığını dəqiq təyin etməyə imkan yaradır. Əkilmədən sonra ən təsirli dərmanı seçmək daha məqsədə uyğundur.

Sidik yolları infeksiyasının müalicəsi
Şikayətlər çox şiddətli deyilsə ilk növbədə alınan maye miqdarını artırmaq lazımdır. Bol maye qəbulu daha çox sidik ifrazına səbəb olacaq və sidik ilə mikrobların çölə doğru atılmasını təmin edəcək.

Sistitin müalicəsində edilən səhvər - xəstəyə nəzarətsiz olaraq geniş spektrli yəni bütün bədənə təsiri olan və faydalı mikrobları da öldürən antibiotiklərin təyini, uzun müddətli antibiotiklərin istifadəsi və sidik yollarına uyğun olmayan dərmanların seçilməsidir. Yanlış istifadə olan dərmanlar irəlidə daha böyük problemlər yaradır.

Düzgün müalicə - uyğun dərmanların (antibiotikler və bitki tərkibli) seçilməsi, sidik yollarının turşuluq dərəcəsinin nizamlanması, maye qəbulunun artırılması,  böyrək xəstəliklərin aradan qaldırılması.

Sidik yolu infeksiyalarından ən çox rast olan mikrorqanizm E.Coli'yə qarşı təsirli antibiotik istifadə edilməlidir. Ağrını aradan qaldırmaq məqsədi ilə ağrıkəsicilər istifadə edilə bilər. Bol maye qəbulu müalicənin effektivliyini artırır. Həmçinin C vitamini, quş üzümü tərkibli çaylar, vaginal şamlar, probiotiklər və immunmodulyatorlar sidik yolu infeksiyasının müalicəsində istifadə edilə bilər. Sadə sidik yolu infeksiyalarının müalicəsində 3 günlük müalicəsi kafidir. 

Əgər sidik yolu infeksiyası bir il ərzində 3 və ya daha çox olursa, bu zaman başqa səbəbləri araşdırmaq lazımdır.

 Həyat Klinikasının ginekoloqu Nərminə Əskərova 





© 2015 foxy.azBütün hüquqlar qorunur.