Bakıda VII Beynəlxalq Musiqi Festivalı olacaq

10.09.2015

Yaxın günlərdə Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar bəstəkarın adına həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı start götürəcək. Festival həmişəki kimi yenə də sentyabrın 18-də Milli Musiqi Günündə başlayacaq və ayın 28-nə qədər davam edəcək. Bu möhtəşəm tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti və başqaları ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək.  18 Sentyabrda Dövlət Musiqili Teatrı Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində öz töhfəsini təqdim edəcək. 19 sentyabr tarixində Musiqili Teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" 2 hissəli musiqili komediyası, 20 sentyabr saat 19.00-da isə dahi sənətkarın "Ər və arvad" operettası festival iştirakçılarına təqdim olunacaq. Qeyd edək ki, hər iki tamaşa ingilis dilində tərcümə sətirlər - subtitrlər vasitəsilə nümayiş ediləcək.





© 2015 foxy.azBütün hüquqlar qorunur.