Qulaqda sırğa ediləcək karyera məsləhətləri

28.01.2016

Tarixən istər dünyada, istərsə də ölkəmizdə uğurlu karyera yolu keçmiş xanımlar çox olub. Xanımlar üçün uğur qazanmaq kişilərə nisbətən həmişə daha çətin olub.  Bir çox qadınlar irəlilədikləri uğurlu karyeralarını bu çətinliklərə tab gətirməyərək yarıda qoyublar. Lakin bizim sizə təqdim etdiyimiz, sizin də sosial şəbəkələrdən çox yaxşı tanıdığınız “business lady”lər maneələri aşmağı bacarmış və uğur qazanan xanımlardır. Biz onlardan uğurlu karyera yolunda aldıqları və onların oxuculara, gənc qızlara, öz işlərində uğurlu olmaq istəyən xanımlara verə biləcəkləri ən yaxşı məsləhət haqqında soruşduq. Bu 5 gənc xanımın isə onlara uğurlu olmaqlarında köməkçi olan aldıqları bir-birindən fərqli məsləhətlər kimi, onların da verdikləri məsləhətlər fərqli və bir o qədər də  faydalıdır.

Modamaniya onlayn moda jurnalı – Pərvin Bağırova

Mənə verilən ən yaxşı karyera məsləhəti

Böyük bir şirkətdə direktorun şəxsi köməkçisi vəzifəsində çalışırdım. İşimin çəkisi həddən artıq böyük idi və çox məsuliyyətli biri olduğum üçün də çox çalışırdım və özümə bir o qədər də, güvənirdim ki, direktor mənsiz artıq heç bir işi idarə edə bilmiyəcək. Çünki işlərin əsasını artıq mən bilirdim. Lakin hər həftə çox vacib işlərin başında duran, illərini vermiş insanları gözünü qırpmadan bir səhvinə görə işdən çıxartdığını gördüm. Bir gün artıq dözməyib ondan soruşdum ki, bəs o insanlardan yaxşı işi bilən yoxdur. Çəkinmirsiz işin axsamağından? Onun mənə cavabı isə ömrü boyu yaddaşıma həkk oldu: “Unutma, əvəzedilməz insan, xüsusən işçi yoxdur!  Bir işçidən asılı olan şirkət böyüyə bilməz.”Əslində bu hadisədə bir də ikinci dərsi almışdım. Həmin direktor (təsisçi idi) şirkəti qurarkən ən aşağı vəzifədən başlayaraq bütün vəzifələrdə özü işləyib. İndi isə istənilən bir işçidən çox bildiyi üçün onları çəkinmədən göz qırpımında işdən çıxarırdı. Çünki yeni bir insanı daha da yaxşı öyrədə biləcəyinə əmin idi! Ondan sonra mən artıq əvəzedilməz olduğumu anladım. Eynilə müdrik direktorum mənə elə  bir dərs verdi ki, mən artıq özüm də iş qurarkən ən aşağıdan bütün sxemi ən gözəl özüm bilirəm və heç vaxt heç bir işçidən asılı olmaq, işdən ayrılarsa işlər batacaq qorxusunu yaşamaq kimi problemim olmur.

Vermək istədiyim karyera məsləhəti

Karyera yolunda bir çox vacib məqamları qeyd edə bilərəm, lakin ən vacibini sizinlə paylaşacam. Bu çox sadədir: “Ən çox sevdiyiniz işlə məşğul olun! Əgər işinizi sevirsinizsə ən sonda mütləq uğur əldə edəcəksiniz. Uğur olan yerdə isə qazanc özü gələcək”. Bir də, heç kimlə özünüzü müqayisə etməyin, sizdən daha yaxşı şəraitdə doğulanlar, daha öncə addım atanlar, daha çox dəstəyi olanlar əlbəttə ki, olacaq. Əgər onlara baxsanız sürdüyünüz velosiped büdrəyəcək. Başınızı önə əyib öz işinizə baxın, bildiyinizi öz yolunuzla edin! Bütün gün kimlərisə özünüzlə müqayisə etsəniz, heç bir nailiyyətiniz olmayacaq, sadəcə geridə qalıb tənqidlə məşğul olacaqsınız. Bu arada sizə olan tənqidlərə isə açıq və səbrli olun, onlara ağressiv, doğru olduğunuzu sübut edəcək tipli cavablar versəniz siz qeyri-peşəkar sayılarsınız. Hər kəsə biznes yolunda uğurlar! 

 Wowoman qadın platformasının yaradıcısı – Zara Apetrei Hüseynova

Mənə verilən ən yaxşı karyera məsləhəti

Mənə verilən ən yaxşı məsləhət həyat yoldaşım Alex Apetrei tərəfindən olub: “Əlbəttə, sən bunu bacaracaqsan! Buna heç bir  şübhən olmasın!”.

Vermək istədiyim karyera məsləhəti

Mükəmməl karyera üçün 3 şey haqqında düşünün: bu, sənin ehtirasla yanaşdığın, çox yaxşı bacardığın və bazara uyğun iş olmalıdır.

LuxOut onlayn geyim mağazasının yaradıcısı – Səbinə Mirzəyeva-Atayeva

Mənə verilən ən yaxşı karyera məsləhəti

Ətrafdakıların mənfi rəylərinə fikir vermədən sevdiyin və ən əsas inandığın işi davam etdirmək (yenə də rutin olaraq, gündəlik işləyərək).

Vermək istədiyim karyera məsləhəti

İşini sevmək və gündəlik rutin olaraq işini davam etdirmək uğurun açarıdır.

247RAARE dizayner geyimlərindən ibarət ilk onlayn Azərbaycan geyim mağazasının yaradıcılarından biri – Aysel Hüseynova

Mənə verilən ən yaxşı karyera məsləhəti

Heç vaxt heç nədən qorxma və öyrənməkdən imtina etmə ki, nəsə səni vərdiş etdiyin (öyrəşdiyin) ritmdən geri qoymasın.

Vermək istədiyim karyera məsləhəti

Hər kəsi dinləyin amma özünüz qərar verin, hər şeyi öyrənin, işinizdə peşəkar olmaq və işinizdəki bütün prosesləri yaxşı bilmək  üçün A-dan Z-yə nə lazımdırsa öyrənin. Özünüzə inanın və hər şeyi hamı üçün etməyin - özünüz üçün edin. Dünyanı daha yaxşı etmək üçün nə edə biləcəyiniz haqqında düşünməyə cəhd edin, ideya üzərindən pul qazanmaq yox, o zaman ideya dəqiqliklə həyata keçəcək.

247RAARE dizayner geyimlərindən ibarət ilk onlayn Azərbaycan geyim mağazasının yaradıcılarından biri – Aylin Seyidova

Mənə verilən ən yaxşı karyera məsləhəti

Mənə ən yaxşı məsləhəti babam verib: “Özünə inan, öz üzərində çalış, əzmli ol, arzuladığın ən yaxşı yerə çatmaq üçün öz yolunla get və sənin bunu bacaracağına əminik”.

Vermək istədiyim karyera məsləhəti

Heç vaxt valideynlərinizin, dostlarınızın, sevgilinizin və başqalarının sözünə qulaq asmayın. Onları dinləyə bilərsiniz, amma heç vaxt öz məqsədinizdən geri dönməyin, təslim olmayın, arzularınız başqaları üçün nə qədər dəlisov, inanılmaz dərəcədə absurd olsa belə, əsas özünüzü xoşbəxt hiss etməyiniz və bundan ilhamlanıb gələcəkdə daha da yüksək nailiyyətlər, işlər görməyinizdir. Daima öyrənin, inkişaf edin, yaradın!





© 2015 foxy.azBütün hüquqlar qorunur.