2016-da unutmalı olduğumuz trendlər

15.12.2015

İldə iki dəfə baş tutan dəb göstərilərindən sonra yeni trendlər meydana gəlir. Bu trendlərin bəziləri illərlə aktual olaraq qalır, bəziləri isə özünü doğrultmur və bir-iki mövsümə aktuallığını itirir. Əlbəttə, siz hansısa trendi çox bəyənirsinizsə ondan 10 il də sevə-sevə istifadə edə bilərsiniz və bu trend artıq sizin tərzinizin bir hissəsinə çevrilər bilər. Sadəcə olaraq bu trendə artıq podiumlarda, dəb jurnallarında,  dəb həftələrində, dəb blogerlərinin əynində sıx rast gəlməyəcəyinizi bilməlisiniz.

Son illərdə ölkədəki dəb dalğasının təsiri ilə xanımlarımız daha tərzli, daha da trendlərə uyğun geyinir ki, bu çox sevindiricidir. Dəblə, yeni trendlərlə maraqlananların sayı hissolunacaq dərəcədə artıb. Heç kim dəbi keçmiş geyimlər almaq istəmir. Əvvəllər bahalı brendlərin outlet mağazasında az qala növbə olurdu indi isə hər kəs trendpərəst olduğu üçün dəbikeçmiş bahalı geyimdənsə trendlərə uyğun demokratik brendləri üstün tutur.

Son zamanlar redaksiyaya məhz trendlərlə bağlı gələn suallardan sonra bu məqaləni yazmaq qərarına gəldim. Məqaləmdə məhz 2014-2015 də aktual olub 2016-da aktuallığını itirəcək trendlərdən söz açacam. Ümid edirəm ki, məqaləm yeni ildən daha dəbli görünməyinizə  kömək etməklə yanaşı ilsonu endirimində qiymətlərə aldanıb aktuallığını itirmiş şeylər almamağına da səbəb olacaq.

1. Pijama trendini xatırlayırsız? Ulyana Sergeenko, Salma Hayek, Rihanna kimi ulduzlar bu trendə uyaraq pijamayla tədbirlərə qatılmışdılar. Amma qısa zamanda trend aktuallığını itirdi və məncə bu çox normaldır. Öz aramızdır pijamanı geyinib yatmaq varkən dəb gecəsinə niyə gedəsən axı?! Məncə pijamayla gedəcəyimiz ən maraqlı yer “pijama party”dir.

2.  Bandaj donlar. Bir çox məşhurun sevimlisi olan bu donları zamanında hamımız sevirdik, amma hər şeyin sonu olduğu kimi bu trendin də sonu gəldi. Çoxsaylı feyk modelləri yaranmış bu don o qədər geyildi ki, gözümüzdən düşdü və artıq onları qarderobumuzdan çıxarmağın vaxtıdır.

3.  A La Russe şallar.   Ulyana Sergeenkonun hamımıza sevdirdiyi bu şalları bir çox dəb blogerləri də küçə dəbində istifadə etdi və hər kəs tərəfindən bəyənildi. Amma bəzi aksessuarlar məhz nadir istifadə olunduqda gözəl olur. Əlbəttə siz a la russe tərzində geyinirsizsə bu şaldan rahatlıqla istifadə edə bilərsiniz amma casual tərzlə bu şal artıq keçmiş trendlər arasındadır. 

4. Valentino tərzli dəmir tikanlar. Brendin vizit kartına dönmüş bu detaldan başqa brendlərin istifadə etməsi və saxta variantların qısa müddətdə yayılması gözümüzü yordu və nəticədə dəmir tikanlı aksessuarlar trend olmaqdan çıxdı.

5. Boyfriend cinslər. Bu cinslər qısa zamanda çox sevildi (Boyfriend cinslər rəsmən dəbdən çıxdı!)2-3 mövsüm də aktual oldu amma bu mövsüm yerini “moms” cinslərinə verdi. Əslində məhz boyfriend cinslərin əksər qızlarımızın bədən quruluşuna uyğun olmadığını düşündüyümə görə bunu, elə də böyük itki saymıram.

6.  Baletlər. Onlar artıq uzun illərdir dəbdə idi və çoxumuzun da qarderobunda özünəməxsus yer tuturdu. Amma maskulin tərzin dəbə gəlməsi ilə baletlər də yerləini idman ayaqqabıları və sneakerslərə verdi.

7.  Corabla geyinilən açıq ayaqqabılar. Bu trend sanki ən qatı dəb qaydalarnın belə pozula biləcəyini sübut etmək üçün yaranmışdı. Onu ilk gördüyümdə praktik olmadığı üçün uzun müddət aktual olmayacağını anladım və yanılmadım.

8. İdman ayaqqabıları və kokteyl tərzli donlar. Chanel idman ayaqqabıları buraxaraq onları hər şeylə geyinə biləcəyimizə inandırdı. Belə də oldu! Donları, paltoları, hətta xəzləri belə idman ayaqqabılarıyla geyindik. Amma sonradan bu trend müəyyən qədər aktuallığını itirdi. Belə ki,idman ayaqqabılarını gündəlik həyatda maxi paltolar, casual kostumlarla hələ də rahatlıqla geyinə bilsək də kokteyl donlarla istifadəsi aktuallığını tamamilə itirib.

9.  Gladiator ayaqqabılar. Bilirəm, bu bəziləri üçün olduqca pis xəbərdir, xüsusilə əgər onlara çoxlu pul xərcləmisinizsə. Amma təəssüf ki, qısa zamanda sevilən qladiatorlar 2016-cı ildən öz aktuallığını itirəcəklər. Amma qladiatorlar çox orijinal modelə sahib olduqlarından illər sonra yenə dəbə qayıda bilər. Buna görə də bahalı qladiatorlarınızı qarderobunuzdan tamamilə çıxarmayın, hələlik bir kənarda gözləsin.

10. Qarışıq rəngli xəz.  Süni xəz ilbəil aktuallaşır.  Xüsusilə rəngli və qarışıq rəngli xəzlər dəbsevərlər tərəfindən çox bəyənilirdi. Amma son dövrlər qarışıq rəngli xəzlər öz aktuallığını itirdi və zənnimcə qarşıdan gələn ildə bu trend dəbi tərk edəcək.  

11. Pəncərəli cinslər. Cırıq cinsləri hamımız sevirik və onlar uzun müddətdir ki, dəbdədir. Son zamanlar isə çox böyük cırıqlı cinslər xüsusilə sevildi. Ulduzlar tərəfindən də sevilən bu trend son zamanlar gözləri yormağa başladı və artıq dəb jurnallarının “out” siyahılarında yer aldı.

Nigar Xəlilova





© 2015 foxy.azBütün hüquqlar qorunur.