Çarpayıdan podiuma – Kombinasiya-donlar

25.04.2016

Son zamanlar dəb dünyasında yüksəliş nümayiş etdirən gecəliklər 1920-ci illərdən təkcə yataqda yox, məhz küçədə, ziyafətlərdə geyinilməyə başlanıb. Bu geyimlər daha cəlbedici, daha dekolteli və sərbəst dövrə keçidlə assosiyasiya edilir. Kombinasiya-donlar qadının cəlbediciliyini ortaya qoymaqla yanaşı, həm də, onun zərif bədən quruluşunu vurğulamaq üçün dizayn edilib. Və yarandığı dövrdən bugünə qədər demək olar ki, bu geyimlərin formasında, kəsimində az dəyişikliklər olub. Bu dəfə “Dəb Gündəliyi”ndə məhz zəriflik nişanəsi olan kombinasiya-donların tarixindən yazırıq və bir neçə kombin ip ucları veririk.

1920-ci illərdə dəb aləminə keçid edən bu donlar həmin dövrə uyğun olaraq kürk və ya şalla kombin edilirdi. Bu da, onunla əlaqədar idi ki, məhz bu dövrlərdə hələ də, dekolte geniş yayılmamışdı. Amma kombinasiya-donlar öz məşhurluqlarını 90-larda bir daha göstərdi. Bu dəfə isə artıq daha geniş yayılmışdı. 90-larda kombinasiya-donlar çarpayı geyimi olmaqdan çıxardıb məşhurlaşdıran isə minimalist tərzin vurğunu Calvin Klein oldu. Eyni zamanda alt paltarı tərzini xatırladan bu geyimlər 90-cı illərin məşhur britaniyalı modeli Kate Moss-un qarderobunun əsasını təşkil edirdi. O, ipəkdən olan sadə, ipli kombinasiya-donları daha çox sevir. Demək olar ki, əksəriyyət dəb dünyasında bu donları məhz Kate-in sayəsində kəşf ediblər.

Çox keçmədi ki, 90-ların trendləri 2013-ə də keçid etdi. Məhz kombinasiya-donlar da bu keçid trendlərin arasında özünü bir daha parlaq şəkildə göstərdi. 2013-ün payızında dəbə düşən donları dizaynelər də 2014-ün yaz kolleksiyası üçün daha zənginləşdirilmiş tərzdə hazırladılar. Həmin vaxtlarda kombinasiya-donlar Max-Mara-nın 2013-2014 payız/qış kolleksiyasında yer aldı. Təbii ki, demokratik brendlər arasında məşhur olan ZARA da bu zərif parçanı öz kolleksiyasına daxil etdi. Xatırlayırsınızsa, brendin 2013-2014 mövsümlərinin kolleksiyasında klassik, krujevalı qara rəngli gecəliyi xatırladan bu donlar geniş yer almışdı. 2014-cü ildə Victoria Beckham-ın da kolleksiyasında yer aldıqdan sonra bir az sakitlik dövrünü yaşayan kombinasiya-donlar məhz son iki mövsümdür dəb dünyasında zirvələrdən düşmür. 

Kombinasiya-donları dəstləşdirmək üçün ipucları

Əksəriyyət bu donların zərif olduğunu nəzərə alıb onları klassik qaydada, yəni stiletto və ya sadə, parça pencəklə dəstləşdirir. Düzdür, yarandığı dövrdən qadın zərifliyini vurğulamaq məqsədi daşıyan kombinasiya-donları daha kobud parçalarla da dəstləşdirmək mümkündür. Amma yenə də, əsas məqsəd – zəriflik özünü göstərəcək.

Qara dəri gödəkçələr və çəkmələr ilə

Klassik ipək gecəlik ilə “grunge” görüntü yaratmaq istəsəniz onu dəri qara gödəkçə və çəkmələrlə dəstləşdirə bilərsiniz.

Bomber və idman ayaqqabısı

Yəqin ki, sizə qəribə gəlir ipək və idman tərzini dəstləşdirmək. Amma qəribə gəlməsin. Belə ki, Alexander Wang öz yaz kolleksiyasında məhz idman tərzi və klassikanı birləşdirdi. Modellər podiuma kombinasiya-donları bomberlər, köynəklər, idman ayaqqabısı ilə kombinləyərək çıxdılar.

“Double” kombinasiya

Marcus Wainwright və David Neville Rag & Bone-un yaz kolleksiyasında kombinasiya-donları təqdim edərkən onlara yeni nəfəs qatdılar. Standart görünüşdən çıxarıb donları digər bir kombinasiya-donla dəstləşdirdilər. Amma bu zaman diqqət edilməli kiçik nüans var: hər iki don ipli olmalıdır.

Pambıq köynək dəstləşdirməsi

Bu bir növ klassik dəstləşdirmə olur: ipək kombinasiya-don və pambıq köynək. Belə kombin edərkən sadəcə köynəyin sadə olmasına diqqət etmək lazımdır. Köynək cibsiz, bəzəksiz və printsiz olmalıdır.





© 2015 foxy.azBütün hüquqlar qorunur.