Rena Osman: "Səyahət və şoppinq- iki ehtiras bir araya gələrsə"

04.05.2017

Ən son səfərim olan HongKong haqqında təssüratlarım o qədər çoxdur ki, hamsını bir dəfəyə çatdırmaq çətin alınsın. Ona görə ən yaxşısı kateqoriyalara bölüb hissə hissə yazmaqdır fikirləşdim. Birinci postum yeməkdən sonrakı ikinci zəif yerim olan şoppinq haqqında olsun. Ümumiyyətlə, məncə hər xanım büdcəsindən asılı olmayaraq heç olmasa iki-üç aydan bir özünə pul xərcləməlidir. Qənaət hər şeydə etmək olar, öz xarici görünüşündən başqa. Kimə aid olduğu yadımda qalmayan bir məşhur sitatda deyildiyi kimi, “özünə qənaət edən xanım başqalarında da ona qənaətcil davranmaq hissi oyadır”.

HongKong isə şopaqoliklərin vətəni imiş. Elə buna görə də tam iki günümü yalnız alış-verişə həsr etmişdim və yeriməkdən günün sonuna ayaqlarımı hiss etmirdim. İndiyə kimi getdiyim heç bir şəhərdə bu qədər çox sayda alış-veriş mərkəzi, “street marketlər” (küçə bazarları), bu qədər çox və fərqli seçimli dükanlar görməmişdim. Sonradan oxuduğuma görə şəhərdəki AVM-lərin dəqiq sayını heç şəhər rəhbərləri özləri də bilmirlər, buna səbəb də turistlərlə bərabər yerli əhalinin də alış-verişə olan tükənməz sevgisidir (düzdü görünüşlərindən heç hiss olunmurdu).

HongKongda məşhur lüks brendlər və onların saxta modelləri ilə yanaşı, asiyalı dizaynerlərin təqdim etdiyi, adamın ağlını başından alan geyim kolleksiyalarını satan ayrıca ticarət mərkəzləri də var. Orijinal zövqü olanlar, ekstraordinar geyim tərzini xoşlayanlar və əsas məsələ pulqabısının dibi görünməyənlər layiqincə dəyərləndirirlər onları. Brendlərin “fake “lərinə gəldikdə isə çanta və kəmərlərin yüksək keyfiyyətdə saxta modelləri var idi, bilməyən adam əslindən qətiyyən ayıra bilməz. Qiymətləri də təbii ki, Bakıdakı saxta mallardan qat-qat ucuz idi. (Torgoviydaki HongKong çanta dükanına salam✋)

Bir özünəməxsus mağaza şəbəkəsi də var idi ki, onunla ilk dəfə və yalnız Hongkonda qarşılaşdım. Deməli bu şəbəkəyə aid olan dükanların hamısı “50 dollar” adlanır və içində satılan hər şeyin qiyməti 50 hongkong dollarıdır (14-15 AZN).Və maraqlısı odur ki,ilk baxışda ürküdücü görünsə də satılan malların keyfiyyəti qiymətinə görə çox çox yaxşıdır. Sadəcə bir eybi var ki, geyimləri almamışdan qabaq “primerka” etməyə icazə vermirlər. Yerli alverçilər rahat gedib ordan su qiymətinə mal gətirib, burda od qiymətinə sırıya bilərlər yəni ;) Və turistlərin ən sevimli məkanı küçə marketləri. Mən bir neçəsində oldum, amma ən çox gəzdiyim və bazarlıq etdiyim- Ladies market idi. Bu küçə bazarının çox məşhur bir özəliiyi var- satılan malların qiymətini satıcılar yox, alıcılar müəyyən edir. Məsələn, çantanın qiymətini soruşursan, 300 dollar deyir,”too expensive” deyib üzünü çevirib gedirsən. Satıcı da tutur qolundan ki, “ok, qiyməti sən de”. Absurd dərəcədə ucuz qiymət deməsən, sənin söylədiyinlə razılaşırlar və malı sənə satırlar. Əks təqdirdə ya səni lağa qoyurlar, ya da söyə söyə qovurlar. Məharətli alıcılar 400 dollarlıq çantanı 150-200- ə qədər sala bilirlər.

Ümumiyyətlə, isə qiymətlər Türkiyə və Avropa kimi ucuz olmasa da, keyfiyyətli şoppinq üçün normal idi. Hərçənd manatın başımıza açdığı oyunlardan sonra birazdan bütün dünya bizə baha görünməyə başlayacaq.

Rena Osman

www.renaosman.com

Instagram.com/renaosman





© 2015 foxy.azBütün hüquqlar qorunur.